Gürcüstanda 25 nəfər prezident olmaq istəyir

Ekspertlər bu mühiti demokratiyanın göstəricisi kimi dəyərləndirirlər


Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Gürcüstan MSK-nın mətbuat katibi Anna Dolidzenin məlumatına görə, prezident seçkisində 25 namizəd iştirak edəcək. Onlardan 19-u siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlər səsverməyə 12 gün qalanadək, yəni oktyabrın 16-a kimi namizədliyini geri götürə bilərdilər. 

Lakin namizədlərin heç biri müvafiq məsələ ilə bağlı MSK-ya müraciət etməyib. Ona görə də seçki bülleteninə 25 namizədin hamısının adı daxil ediləcək. Ekspertlər qonşu ölkədə seçki marafonunun maraqlı keçəcəyini bəyan edirlər. Aydındır ki, hakim partiya seçkiyə öz namizədi ilə getmədi və özünə yaxın bildiyi şəxsi dəstəklədi. Lakin müxalif güclərin, xüsusən eks-prezident Mixail Saakaşvilinin partiyasını təmsil edən namizədin də kifayət qədər güclü rəqib olduğu deyilir. Bəzi analitiklərə görə, Gürcüstanda prezidentlik məhdud səlahiyyətli olduğundan həmin posta iddialar güclü deyil. Lakin bunun əksini düşünənlər də var. Onlar isə hesab edirlər ki, seçkiyə 25 namizədin qatılması bu posta verilən önəmi göstərir.

Yaxınlaşan prezident seçkisini "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli Gürcüstandakı rəqabəti demokratiyanın uğuru kimi qiymətləndirib. Onun fikrincə, bu seçki Gürcüstan üçün xeyirli bir prosesdir: 

"Gürcüstanda prezident vəzifəsi əsas post sayılmasa da, ölkə rəhbərini müəyyən edən seçki həm dövlət, həm də demokratiya baxımından çox əhəmiyyətlidir. Mən də hesab edirəm ki, namizədlərin sayının çox olması demokratik seçki mühitinin əsas göstəricisidir. Ümümilikdə seçki ərəfəsində müşahidə olunan prosesləri müsbət dəyərləndirmək mümkündür. Düzdur, Mixail Saakaşviliyə qarşı açılan cinayət işləri demokratik görüntüyə kölgə salır. Hər halda Gürcüstanda keçiriləcək prezident seçkilərinin əsas dəyərləndirilməsini beynəlxalq müşahidəçilər aparacaq. Prezident seçkilərindən sonra Gürcüstanda yaşayan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması, mövqelərinin gücləndirilməsi rəsmi Bakını əlaqədar edən ən mühüm məqamlardır. O baxımdan soydaşlarımızın yaşadığı Borçalını xüsusi diqqətdə saxlamaq lazımdır”.

İsmayıl