Zahid Oruc: “Ayrı-ayrı QHT nümayəndələrinə Gürcüstanda sığınacaq vermək və bu vasitə ilə ölkəmiz əleyhinə mühacir siyasətçilər nəsli yetişdirmək istəyirdilər”
Bu ilin yanvarından aprel ayına qədər 717 xarici vətəndaş Gürcüstandan sığınacaq istəyib. Sığınacaq istəyən xaricilərdən 8 nəfəri Azərbaycan vətəndaşıdır. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Hələlik Azərbaycan vətəndaşlarının Gürcüstandan hansı səbəbə görə sığınacaq istəməsi məlum deyil.
Amma Azərbaycanla qonşu olan ölkənin ağır iqtisadi vəziyyətini nəzərə alsaq, sığınacaq təklifinin sosial deyil, daha çox siyasi səbəblərlə bağlı olduğunu düşünmək olar. Məsələyə münasibət bildirən millət vəkili Zahid Orucun sözlərinə görə, indiyə kimi Gürcüstan üzərindən Azərbaycan əleyhinə müxtəlif ssenarilər hazırlanıb. Xüsusən, 2004-cü ildən etibarən bunu açıq şəkildə müşahidə etmişik: "Gürcüstandakı "narıncı inqilab”dan sonra bəzi dairələr etiraz dalğasının genişlənməsinə və inqilabın qonşu ölkələrə, xüsusən, Azərbaycana keçməsinə çalışdılar. Sırf bu məqsədlə Gürcüstanda xüsusi missiyalı dairələr formalaşdı. Orada siyasətçilər, QHT sektorunun adamları, hətta pensiyaçılar yer aldılar”. Z.Oruc deyib ki, həmin qüvvələr Gürcüstanı Azərbaycana yönəlik müxtəlif inqilabi ssenarilər üçün bir platformaya çeviriblər: "Təəssüflər olsun ki, bu gün də həmin yanaşmanı müşahidə edirik. Azərbaycanda müxtəlif QHT strukturlarının maliyyələşməsi məhdudlaşdırılanda və beynəlxalq donor mənbələri əllərindən alınanda, onların böyük əksəriyyəti bu maliyyələşməni Gürcüstan üzərindən həyata keçirməyə çalışırdılar. Həmçinin, gürcü mənşəli şəxslərin imzası ilə Avropa mediasında Azərbaycanın əleyhinə geniş miqyaslı anti-təbliğat aparırdılar. Sanki ayrı-ayrı QHT nümayəndələrinə Gürcüstanda sığınacaq vermək və bu vasitə ilə ölkəmiz əleyhinə mühacir siyasətçilər nəsli yetişdirmək istəyirdilər. Düzdür, Saakaşvili dönəmində Gürcüstan xeyli demokratik nailiyyətlər əldə etdi. Ancaq bununla bərabər Azərbaycan insanının öz vətəndaşlığını və gələcək həyatını Gürcüstana köçürməsi o qədər real görünmür. Buna inanmaq mümkünsüzdür. Əlbəttə, biz Gürcüstana normal yanaşırıq, amma bu ölkənin daxili şəraiti, iqtisadi durumu, siyasəti Azərbaycanla müqayisə oluna bilməz. Odur ki, yayılan informasiyaların dəqiqləşdirilməsinə ciddi ehtiyac var. Hər halda kimsə belə bir seçim edibsə, bu, bizim ölkədə faciə kimi qarşılanmır”.
İsmayıl