“Gürcüstanda Rusiya və Qərbin savaşı gedir”

“Son nəticədə Gürcüstan vətəndaşları Saakaşvili dövrünə qayıtmağa cəhd göstərə bilərlər”



Gürcüstanın idman və gənclər naziri Levan Kipiani istefa verdikdən sonra ölkənin Nazirlər Kabineti avtomatik olaraq, tam tərkibdə istefaya gedib. Xatırladaq ki, Kipiani istefaya gedən yeddinci nazir olub. Gürcüstan Konstitusiyasına görə, 20 nazirin üçdə biri istefa verərsə, hökumət etibarlılığını itirir.

Ona görə də, mövcud hökumət parlament tərəfindən yenidən təsdiq olunması üçün tam tərkibdə istefaya getməlidir. Parlamentin sədri David Usupaşvili bildirib ki, yeni nazirlərin təyinatı hazırda fəaliyyətdə olan baş nazirə aiddir. Hakim "Gürcüstan arzusu” parlamentdə böyük çoxluğa malikdir. Ehtimal olunur ki, mövcud hökumət yenidən parlamentin etimadını qazanacaq. Müxalifət isə siyasi böhranın bütün məsuliyyətini Gürcüstanı qeyri-formal olaraq idarə edən keçmiş baş nazir və milyarder Bidzina İvanaşvilinin üzərinə qoyub. Məlumat üçün onu da bildirək ki, həftənin sonuna qədər Gürcüstan parlamentində yeni hökumətin tərkibinin təsdiqlənməsi üçün etimad səsverməsi keçirilə bilər. Parlament çoxluğunun lideri David Saqanelidze deyib ki, nazirlərin adları müəyyən edildikdən sonra Nazirlər Kabinetinin yeni tərkibi prezidentə veriləcək.

Gürcüstandakı prosesləri dəyərləndirən tanınmış siyasi ekspert Azər Rəşidoğlu "Şərq”ə verdiyi açıqlamada deyib ki, hökumətlərin etimadı doğrulda bilməməsi hakimiyyət daxilində mərkəzdən qaçma tendensiyalarını gücləndirir. Zaman-zaman Türkiyədə də bu kimi hadisələrin şahidi olmuşuq. Gürcüstanda da hazırda çox ciddi hakimiyyət böhranı yaşanır: "Siyasi hakimiyyət bu böhrandan çıxmaq üçün çarələr axtarır. Hakimiyyət dərk edir ki, mövcud hökumətlə, kabinetlə problemləri həll etmək mümkün olmayacaq. Güman edirəm ki, Gürcüstanda siyasi gərginlik daha da dərinləşəcək. Bu da növbədənkənar prezident və ya parlament seçkilərinin keçirilməsi ilə başa çata bilər. Ancaq istənilən halda proseslərin sırf siyasi müstəvidə cərəyan etməsi Gürcüstanın gələcəyi üçün nikbin proqnozlar verməyə əsas verir. Çünki xatırlatmaq lazımdır ki, Qamsaxurdiyanın vaxtında proseslər məhz küçədə, meydanlarda silah gücünə həll olunurdu. Qanlı vətəndaş qarşıdurmaları baş verirdi. Amma bu gün Gürcüstanda qanlı qarşıdurmalar müşahidə edilmir. Baş verənlər sadəcə sivil müstəvidə yaşanır. Düzdür, böhran var, lakin böhrandan çıxış yollarını axtarmaq cəhdləri də var. Fikrimcə, Gürcüstanda yaşanan proseslər ölkəni demokratik prinsiplərdən uzaqlaşdırmayacaq, əksinə, daha da yaxınlaşdıracaq. Hər halda hadisələri demokratikləşdirməyə ehtiyac yoxdur”.

A.Rəşidoğlu Gürcüstan hökumətinin siyasi böhranla üzləşməsinin səbəblərini də açıqlayıb: "Gürcüstanın çox ciddi problemləri var idi. Bu problemlər Saakaşvilinin seçkilərdə məğlubiyyəti ilə başlayıb. İnsanlar güman edirdilər ki, yeni hökumət mövcud çətinliklərin öhdəsindən gələ biləcək. Amma gözlənilən olmadı, hökumət xalqın etimadını doğrultmadı. Gürcüstanda Rusiyanın və Qərbin müəyyən savaşı gedir. Bu savaş fonunda Gürcüstan hökuməti Saakaşvili dövründən fərqli olaraq öz yerini müəyyənləşdirə bilmir. Üstəlik, Gürcüstanın həll olunmamış ərazi problemləri də var. Həmin problemlərin mövcudluğu da çox ciddi nöqsanlar yaradır. İstər siyasi sistemin formalaşmaması, istərsə də iqtisadi problemlərin həll olunmaması hökumətin böhranını dərinləşdirir. Zənnimcə, dərinləşməyə doğru da davam edəcək”. Politoloqun sözlərinə görə, son nəticədə Gürcüstan vətəndaşları Saakaşvili dövrünə qayıtmağa cəhd göstərə bilərlər: "Görünür, artıq korrupsiyanın və özbaşınalığın daha az olduğu bir hakimiyyətə ehtiyac duyulur”.

İsmayıl