Orxan Zeynalovun Moskvada həbsdə saxlanması siyasi oyundur
"Bildiyiniz kimi Orxan Zeynalovun işi artıq bağlanıb. Və o, apelyasiya şikayəti verməkdən imtina edib, hazırda xüsusi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb”. Bu barədə Rusiya vətəndaşı Yeqor Şerbakovun ölümündə təqsirli bilinən soydaşımız O.Zeynalovun vəkili Abbasmirzə Abdullayev bildirib. Vəkilin sözlərinə görə, onun artıq Orxanla əlaqəsi yoxdur:” Orxan barədə yeni məlumatım yoxdur.
Proses yekunlaşdığından artıq onun vəkili deyiləm. Sonuncu dəfə onunla söhbət əsnasında qərardan apelyasiya şikayəti edib-etməyəcəyini soruşdum. O isə cavabında artıq müraciət etmək istəmədiyini bildirdi. Buna görə də biz onunla yenidən müqavilə bağlamadıq”.
Bununla yanaşı, A.Abdullayev vurğulayıb ki, O.Zeynalov ölkəmizə qaytarılmasını istəyir: "Əvvəlki görüşlərdən bilirəm ki, Orxan Azərbaycana köçürülmək istəyirdi. Bu məsələni rəsmi orqan olaraq Azərbaycanın Rusiyadakı səfirliyi həll edə bilər. Orxanın 3 milyon rubl borcu olduğu üçün məsələ olduğu yerdədir. Və borc ödənilməyəcəyi təqdirdə onun öz ölkəsində də cəza çəkməsi mümkün olmayacaq. Rəsmi orqan, yaxud rəsmi bir şəxs ona borcunun ödənilməsi üçün zamin durmalıdır”.
Vəkilin açıqlamasına münasibət bildirən məhbusun atası Zahid Zeynalov deyib ki, hələ ki prosesin gedişatını gözləyir: "Rəsmilər hələ o vaxt məni əmin etdilər ki, Orxanın işi ilə bilavasitə maraqlanacaq və onun Azərbaycana köçürülməsi üçün əllərindən gələni edəcəklər. Amma baxıram ki, heç addım atan da yoxdur. Rəsmilərə inanıb gözləyirdim, amma yayda bununla bağlı konkret addım atacam. Hamı bilir ki, oğlumun həbsi siyasi oyundur”.
Məlumat üçün bildirək ki, həmyerlimiz 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. O.Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.
Soydaşımızın ölkəmizə gətirilməsinin mümkünlüyündən söz açan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov "Şərq”ə söyləyib ki, o, Azərbaycan vətəndaşıdırsa, ölkəmizə ekstradisiyası baş tuta bilər: "Rusiya polisi Orxana qarşı qeyri-insani və ədalətsiz
münasibət sərgilədi. Ona qondarma istintaq işi qurdular. Bir sözlə, Orxan siyasi oyunların qurbanına çevrildi. Onun Rusiyada DİN rəhbərinin yanına gətirilməsi, siyasi şoudan başqa bir şey deyil. Həmyerlimizin Azərbaycana gətirilməsinə maneə kimi bildirirlər ki, guya 3 milyon borcu var. Bu, səbəb deyil, cəfəngiyyatdır”.
Hüquq müdafiəçisi söyləyib ki, O.Zeynalovun ölkəmizə gətirilməsini ancaq Ədliyyə Nazirliyi həll edə bilər: "Dövlət strukturları ciddi işlər görə bilərlər. Amma bir daha söyləyirəm ki, o, Rusiya vətəndaşıdırsa, ekstradisiyası mümkünsüzdür”.
Sözügedən məsələni rusiyalı həmkarlarının qarşısında qaldırmış millət vəkili Fəzail Ağamalı vurğulayıb ki, bütün hallarda Orxanın vəkili cəhdlər göstərməlidir: "Vəkil işini gücləndirməlidir. Durmadan çalışmalıdır. Bunun üçün hüquqi prosedurlar mövcuddur. Yaxşı olar ki, atası savadlı vəkil tutsun və onun vasitəsilə mühüm addımlar atsın. Hansısa millət vəkili və dövlət məmurunun bu işin arxasınca getməsinin yeri yoxdur. Səlahiyyətlərimiz çərçivəsində deyil. Rusiya Federasiyasında deputatlarla keçirdiyimiz görüşlərdə Orxanla bağlı fikirlərimizi ortalığa qoyduq. Faktiki olaraq Azərbaycan siyasiləri Orxana atasının olduğu qədər yaxın olublar. Bundan sonra məsələnin həlli peşəkar fəaliyyət tələb edir. Bir daha təkrar edirəm ki, onun ölkəmizə gətirilməsi məhz vəkilin səyi nəticəsində reallaşa bilər”.
Ayyət Əhməd