Güzəşt edilməlidir: Millət vəkilləri əhalinin bank borclarını yenə gündəmə gətirdilər

“Bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20 min 800 manat ödəməlidir”




Ötən gün Milli Məclisin iclasında Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat dinlənilib. Baş nazirin hesabatından sonra millət vəkilləri təklif və iradlarını səsləndiriblər.
Parlamentin iclası spiker Oqtay Əsədovun təklifi ilə Ankaradakı terror hadisəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla başlayıb.

Həkim-deputat Rəşad Mahmudov Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı işçi qrupun yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu işçi qrup İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqəli şəkildə işləməlidir: "Hesab edirəm ki, icbari tibbi sığortanın pilot qaydada tətbiqi vaxt itkisinə və problemlərin yaranmasına səbəb ola bilər”.

"İnsanlar onları aldadan məmurlardan təngə gəliblər”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Yevda Abramov isə əhalinin qeyri-qanuni borclarla yüklənməsindən şikayətlənib. Millət vəkili özünə də "Azərişıq” tərəfindən haqsız olaraq 780 manat borc yazıldığını bildirib. Y.Abramov tək elektrik enerjisi borcları ilə bağlı deyil, bir sıra sahələrdə məmurlar tərəfindən əhalinin incidildiyini söyləyib: "Apardığım araşdırma nəticəsində məlum oldu ki, əhaliyə yüklənən belə borclar milyon manatlarladır. Bu nədir belə? Yəqin ki, aidiyyəti məmurların yeyintiləridir, indi əhalinin üzərinə yazıb Prezidentdən maliyyə amnistiyası gözləyirlər. Deputatı olduğum Quba rayonunda belə hallardan əziyyət çəkənlər yüzlərlədir. Sonra da deyirlər Qubada üsyan qalxıb. Niyə qalxmasın? O gün də 100-dən çox sakin etiraza qalxmışdı. Mən və icra başçısı da ordaydıq. Hamı Prezidentə inanır, amma onları aldadan məmurlardan təngə gəliblər”.

"Oqtay Şirəliyevdən xahiş edirəm ki, xəstəxanalardakı xoşagəlməz halları aradan qaldırsın”

"Səhiyyə sahəsində, xəstəxanalarda yaranmış xoşagəlməz vəziyyətlərin aradan qaldırılmasını səhiyyə naziri Oqtay Şirəliyevdən xahiş edirəm”. Bu sözləri isə deputat Musa Qasımlı səsləndirib. O bildirib ki, indiki şəraitdə geniş özəlləşdirməyə getmək lazımdır: "Dövlət rüsumlarını müəyyən edərək şəxsi evlərin, mənzillərin özəlləşdirilməsinə gedilərək büdcəyə vəsait gələ bilər”. Deputat seçildiyi bölgənin problemlərinə də toxunub: "Yardımlı rayonunda işıq dirəklərinin köhnəlməsi və sıradan çıxması nəticəsində onlar meşədən qırılan ağaclarla əvəzlənib. Bu, təhlükə mənbəyidir. Həmçinin maliyyə yükünün nə qədər olmasına baxmayaraq Yardımlı və Masallı rayonlarının sərhəd kəndlərində ATS-lərin quraşdırılmasına diqqət yetirilməlidir. Bununla bağlı rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə də danışmışam. Bu məsələlərə diqqət yetirilməlidir”.

Deputat Musa Quliyev təklif edib ki, Gəncə-Bakı aviareysi hər gün həyata keçirilsin: "Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Bu aviareysdən təkcə həmin bölgənin adamları istifadə etmir. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm”.

"Hökumət üzvlərindən üz döndərənlər bizə müraciət edirlər”

Millət vəkili Fəzail İbrahimli məmurları sərt tənqid edərək hökumət üzvlərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib. O bildirib ki, parlament təkcə qanunverici orqan deyil, həm də bir ümid qapısıdır: "Hətta sizdən, hökumət üzvlərindən üz döndərənlər bizə müraciət edirlər. Biz qanunların qəbulunda iştirak edə bilirik. Əlimizdə mexanizm, qanun, qərar var ki, problemləri həll edək. Bizə gələnlər o xalqın nümayəndələridir ki, siz onların hüzuruna gedirsiniz, rayonlarda görüş keçirirsiniz. El arasında bizə xalq elçiləri deyirlər. Bunun üçün sizin telefonlarınız, qapınız, özünüz bizim üzümüzə açıq olmalısınız. Burada təzadlar var. Kim deyə bilər ki, Baş nazir Artur Rasizadə ilə hər hansı bir problem həll etmək çətindir. Heç kim deyə bilməz. Çünki Artur müəllim Azərbaycanda məmur əxlaqı məktəbinin banisidir. Kim deyə bilər ki, daxili işlər naziri ilə hər hansı problem həll etmək zaman aparır. Heç kim deyə bilməz. Çünki çevik iş mexanizmi var. Bu üslubda iş rejimi olan insanların çiynində Azərbaycan gedib. Dediyim o uğurları qazanan bu işığa sahib insanlardır”.

Deputat meri sərt tənqid etdi: "Hacıbala Abutalıbovla görüşə bilən, adını "Ginnesin rekordlar kitabına” saldırsın”

Deputat bu misalları özünün işinin keçməsi ilə əlaqələndirənlərə də mesaj göndərib: "Mənim diplomum və mandatım var. Şərəflə qazanmışam, şərəf və ləyaqətim kimi qoruyuram. Xeyirxahlarıma çox sədaqətliyəm, seçicilərimə də diqqətliyəm”. F.İbrahimli Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan da şikayətlənib: "Kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə hər hansı məsələni həll etmək, görüşmək, söhbət etmək mümkündür?! Kim desə, "Ginnesin rekordlar kitabı”na adını yazdırsın. Bu iş üslubunda olan bizim digər məmurlarımız da var. İki yol var - poetik desək, "Əsli və Kərəm” dastanında Kərəmin gününə düşmək. Bu, özünə hörmət, mandatına hörmət deyil. Digər yol isə dövlət başçısının "Azərbaycanda toxunulmaz adam yoxdur, məmur xalqın xidmətçisidir” çağırışına qoşulmaqdır. Davranışı ilə cəmiyyətə gözdağı çəkən, uğurları gözdən salan, hökumətin yandırdıqlarını üfləyib söndürən, ortada yeyib qıraqda gəzənlərdən olmayaq. Bu gün dünyadakı geosiyasi vəziyyət bu niyyətlər qarşısında güclü olmağı bizdən tələb edir”.

Deputatlar dollarla kredit götürənlərə güzəşt istədi

"Ötən il kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı demək olar ki, heç bir addım atılmadı. Halbuki, bunun üçün bütün imkanlar var idi”. Bu sözləri isə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev deyib. Millət vəkili xatırladıb ki, manatın 48 faizlik devalvasiyası Mərkəzi Bankın sərəncamında olan rəsmi valyutanın həcminin manat ekvivalentində artmasına səbəb olub: "Həmin vəsaitdən kredit götürənlərin hüquqlarının qorunmasına sərf oluna bilərdi, amma olunmadı. Ötən ilin 21 fevral devalvasiyasından öncə dollarla kredit götürənlərin borc öhdəliyi iki dəfə artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20 min 800 manat ödəməlidir. Bu, manat ifadəsində borcun 2 dəfədən çox artması deməkdir. Devalvasiya nəticəsində əhaliyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət heç bir addım atmadı. İndi də bu addımların atılması gözlənilmir. Bu isə banklara sərf edir. Fikrimcə, proseslərin bu cür davam etməsi doğru deyil.
Narazılığı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Təklif edirəm ki, əhaliyə kömək məqsədi ilə birinci mərhələdə əsas borclar, sonra faizlər, daha sonra isə cərimələr ödənilsin”.

Millət vəkili Əli Məsimli də deyib ki, kreditlərlə bağlı ağırlıq əhalinin üzərinə düşüb: "Ağırlığın bir faktorun üzərinə düşməsi düzgün deyil. Bu, sistem xarakterli bir məsələdir. Biz kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırlayırıq. Bu təkliflər müvafiq qurumlara göndəriləcək”.

"İllərlə insanlar məhkəmə qapılarında qalır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə başlanan islahatlara toxunub. Deputat söyləyib ki, islahatlar kompleks xarakteri daşımayacaqsa, gözlənilən nəticə alınmayacaq: "Bu gün məhkəmə-hüquq sistemində problemlər çoxdur. İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur. Amma bəzi hallarda məhkəmə qərarları qüvvəyə minir, onun möhürü qurumamış icraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır”. Deputat iclasda iştirak edən ədliyyə naziri Fikrət Məmmədova xitab edərək bildirib ki, xalqı hökumətdən, Prezidentdən narazı salan ən ciddi sahələrdən biri də məhkəmə sistemidir: "Biz qanunun aliliyini təmin edə bilməyəcəyimiz halda ölkəyə ciddi investisiya qoyuluşuna nail olunmayacaq. İllərlə insanlar məhkəmə qapılarında qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. Bəzi vəkillər də onlara vicdansız üsulla dəstək olurlar. Deyirlər ki, gəlin ərizə yazın şikayət edək və məhkəmələrdə uzatmaqla bu məsələnin həllini gecikdirək. Nəticədə banklar pulsuz qalır. Qanunvericilikdə məhkəmələrin bu işi ilə bağlı təkmilləşmə aparılmalıdır”.

"5-10 il qabaq demək olar ki, heç kəs özünə sığışdırıb xanım deputatdan pul istəməzdi”

Xanım millət vəkili Elmira Axundova isə sosial mənzillər və müavinətlər məsələsindən danışıb. Deputat bildirib ki, manatın devalvasiyasından sonra yaşanan gərginliklə əlaqədar hökumət tərəfindən bir sıra mühüm addımlar atılmalıdır: "İlk növbədə kənd yerləri də daxil olmaqla Sosial Mənzil Fondu yaradılması zəruridir. Hazırda mənzil qıtlığı ilə əlaqədar çox gərgin vəziyyət yaranıb. Şəxsən mənim qəbuluma yüzlərlə adam məhz ev şəraiti ilə əlaqədar gəlir. Bütün regionlarda belə demək olarsa, ucuz sosial mənzillər tikilməli və müxtəlif güzəştlərlə, aşağı qiymətlə xüsusən çoxuşaqlı, aztəminatlı, gənc ailələrin ixtiyarına verilməlidir. Biz bu barədə uzun illərdir ki, danışırıq, amma sözdən irəli getmirik. Sosial Mənzil Fondunun yaradılması tikinti sektorunda canlanmaya səbəb ola bilər. Ona görə ki, sosial mənzillərin tikintisində iştirak edən şirkətlərə dövlət tərəfindən müəyyən güzəştlər ediləcək”. E.Axundova vurğulayıb ki, digər məsələ ünvanlı sosial yardım institutu ilə bağlıdır: "Bu günlərdə keçirdiyim qəbul zamanı sosial yardımın əhalidə formalaşdırdığı ağır fəsadları bir daha əyani şəkildə müşahidə etdim. Qəbula gələnlərin demək olar ki, 80-90 faizinin müraciəti ünvanlı sosial yardımın və maddi köməyin edilməsi ilə bağlıdır. Mənim yadıma gəlir, 5-10 il qabaq demək olar ki, heç kəs özünə sığışdırıb xanım deputatdan pul istəməzdi, əsasən iş barədə müraciət edərdilər. Lakin ünvanlı sosial yardım əhalini ələbaxımlılığa öyrətdi. Bundan savayı cəmiyyət daxilində müxtəlif narazılıqlar yaratdı. Düşünürəm ki, ünvanlı sosial yardım bir institut kimi özünü o qədər də doğrultmadı. Bildiyimə görə, müvafiq nazirlik bu yardımın yeni modeli üzərində işləyir və onun daha aydın və konkret kriteriyalar üzrə verilməsini təmin etmək istəyir. Yaxşı olardı ki, dəfələrlə təklif etdiyimiz pilot layihələr əsasında, yəni aztəminatlı ailələrə mikrokreditlər verməklə, onlara iş yerləri açmaqla onları işlə təmin edək və bu pilot layihələr daha geniş vüsət alsın, daha sürətlə həyata keçirilsin. Bir sözlə, insanları ələbaxımlıqdan tədricən azad edək və özünü təmin etməyə öyrədək. Bu çox vacib və aktual məsələdir”.

Anar Bayramoğlu