Hacıbala əlini üzdü

Daha meriya parkinqlərə və duracaq yerlərinə nəzarət edə bilməyəcək



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli parlamentin dünənki iclasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) səlahiyyətlərinin azaldıldığını bəyan edib. Onun sözlərinə görə, yaxın zamanda Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınacaq:

"Bu funksiyaya nəzarət yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunacaq. Bundan əlavə elektron idarəetmə, paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı pərakəndəliyi aradan qaldırmaq onlara tapşırılacaq və parkomat nəzarətçilərini də o qurum idarə edəcək. Hazırda həmin qurumun əsasnaməsi formalaşdırılır. Əsasnaməyə görə, Bakıda olan sərnişin nəqliyyatının bütövlükdə idarəolunması o quruma verilir”.

Nəqliyyatın idarəetməsinə nəzarətin meriyadan alınaraq yeni yaradılan quruma həvalə edilməsini dəyərləndirən ekspertlər müsbət gözləntilərinin olduğunu deyiblər.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin məqsəd və vəzifələri Əsasnamədə nəzərdə tutulub. Sadəcə olaraq Agentliyin Əsasnaməsinə uyğun olaraq digər qanunvericilik aktlarına dəyişiklik etmək lazımdır. Həmçinin də təşkilati tərəfini həll etmək lazımdır.

Qurumun yaradılmasının təqdirəlayiq olduğunu vurğulayan Ə.Hüseynov deyib ki, onun fəaliyyətinə dəstək vermək lazımdır ki, qısa müddətdə işə düşsün: "Konkret sərəncam olmalıdır ki, elektron idarəetmə, paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı vəziyyət və parkomat nəzarətçiləri Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Nəqliyyat Agentliyinə verilir”.

Müvafiq dəyişikliyin nə dərəcədə effektiv olacağına gəldikdə isə ekspert deyib ki, bunu zaman göstərəcək: "Hansısa bir sahəni bir qurumun tabeliyindən alıb, digərinə ötürməklə məsələ avtomotik olaraq həll olunmur. Ən azından sözügedən qurumun problemlərə daha ciddi yanaşacağına və həlli istiqamətində müvafiq addımlar atacağına dair ümidlərimiz var. Ən azından yeni qurum qarşısında Bakıda ictimai sərnişindaşımanın təkmilləşdirilməsi, müasirləşdirilməsi tələbləri qoyulub. Bu sahədə çox ciddi problemlər var, bunun öhdəsindən necə gəlinəcəyini isə zaman göstərəcək”.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli isə deyib ki, Bakı Nəqliyyat Agentliyinin yaranmasının nəqliyyatın idarəetməsində müəyyən qədər müsbət təsirləri olacaq: "Taksilərin pərakəndəliyi, avtobuslarla bağlı çatışmazlıqlar kimi neqativ hallar artıq pik həddə çatıb. Ümid edirəm ki, bu kimi səlahiyyətlərin BŞİH-dən alınaraq Nəqliyyat Agentliyinə verilməsi ilə bu problemlərin həllinə nail olunacaq”.

V.Tofiqlinin sözlərinə görə, nəqliyyat idarəetməsindəki problemlərin əsas səbəbi bu sahədəki sistemsizlikdir: "Bu sahə gah Nəqliyyat Nazirliyinin, gah BŞİH-nin tabeliyinə verildi. İdarəetmənin tez-tez dəyişməsi son nəticədə illərlə formalaşmış strukturun dağılmasına gətirib çıxardı. Onu da deyim ki, parkinq və parkomat məsələsində qanunvericiliyin tələblərinə uyğun addımlar atılmalıdır. Faktiki olaraq, yerli özünüidarəetmə orqanlarının əsas maliyyə istiqamətlərindən biri də məhz həmin avtodayanacaqlardır. Oradan yığılan vəsaitin bir hissəsi yerli özünüidarəetmə orqanlarına verilsə, daha məqsədəuyğun olardı”.

Şəymən