Təklif olunur ki, strateji beyin mərkəzləri formalaşdırılmalı və orada konkret sahələr üzrə ekspertlər yetişdirilməlidir
Hamı eyni fikirdədir
Mediada ekspert qıtlığı ciddi problemdir
Təklif olunur ki, strateji beyin mərkəzləri formalaşdırılmalı və orada konkret sahələr üzrə ekspertlər yetişdirilməlidir
Təklif olunur ki, strateji beyin mərkəzləri formalaşdırılmalı və orada konkret sahələr üzrə ekspertlər yetişdirilməlidir
(... əvvəli ötən sayımızda)
Jurnalistlər hər hansı bir mövzunu araşdırarkən və ya o mövzuya münasibət bildirərkən ekspertlərə müraciət edirlər. Amma bir çox hallarda jurnalistlər müxtəlif sahələrdə ekspert qıtlığından şikayətlənirlər. Kütləvi informasiya vasitələrində ekspert böhranı yaşanır desək daha doğru olar. İllərdir mətbuata açıqlama verən mütəxəssislərin sıraları seyrəlməkdədir - dünyasını dəyişənlər, ölkəni tərk edənlər və mətbuata qadağa qoyanlar medianın onsuz da yaxşı olmayan vəziyyətini daha da çıxılmaz edib.
Az qala bir redaksiyada çalışan üç müxbirdən ikisi ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırır. Hətta olur ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu üzrə danışdırırlar. Səbəb isə odur ki, ekspert qıtlığı var. Ölkədə bir hadisə baş verən kimi müxtəlif media orqanlarında çalışan jurnalistlər eyni ekspertlərə müraciət edirlər. Bu isə mediada xəbər eyniləşməsinə gətirib çıxarır. Eyni mövzu, eyni ekspert, sadəcə xəbərin yayımlandığı saytın adı fərqlidir.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev təəssüflə Azərbaycan mətbuatının 20 il əvvəl olduğu kimi, bu gün də eyni problemi yaşadığını deyib. Bunun da səbəbi bütün sahələrdə ekspert qıtlığının mövcudluğudur. Bəzən siyasi şərhlər verən ekspertlər həm də iqtisadi mövzularda, hərbi məsələlərdə, sosial problemlərlə bağlı danışırlar.
Əlbəttə, bu qəbul edilən deyil:
"Azərbaycanda sahələr üzrə beyin mərkəzləri, strateji institutların fəaliyyəti hiss olunmur, əməkdaşları gözə dəymir. Ola bilər ki, onlar çox iş görürlər, amma cəmiyyət bunu görmür, media onları ictimaiyyətə təqdim etməkdə çətinlik çəkir.
Konkret sahələr üzrə institutların, elmi mərkəzlərin əməkdaşları mediaya açıq deyil. Onlar özləri cəhd etməli, baş verən iqtisadi, siyasi, sosial, hərbi məsələlərə şərhlər verməlidirlər. Əlbəttə ki, statusu olan, müxtəlif vəzifə daşımış və ya hazırda daşıyan insanlar belə məsələlərdə aktiv olmalıdırlar. Digər tərəfdən beynəlxalq ekspert sertifikatı alan alimlərimiz, jurnalistlərimiz var. Onların bir çoxunu Azərbaycan jurnalistləri tanımır. Bu jurnalistlərin günahı deyil, onlar özlərini tanıda, ictimailəşdirə bilmirlər”.
Baş redaktorun sözlərinə görə, hərbi-ekspert məsələsində xeyli çətinliklərimiz var, ehtiyatda olan bir-iki generaldan, hərbçidən başqa fikirlərini cəmiyyətə çatdıra biləcək adam tapmaq olmur. Təsəvvür edin, müharibə şəraitində yaşayan ölkənin mediası bu problemi yaşamamalıdır: "Milli məsələlərdə ciddi problemlər yaşayırıq. Bildiyiniz kimi, Azərbaycan multikultural ölkədir, bu coğrafiyada yaşayan xalqlar haqqında təfsilatlı danışmaq mütləqdir. AMEA-da bu sahəni araşdıran gözəl alimlərimiz var, təəssüf ki, media onların qapısını döymür. Bir-iki mövsümi ekspert - hərşeyşünas var, həm TV-lər, həm də digər KİV vasitələri onların ətəyini buraxmır. Həm onları bitirirlər, həm də mövzunu ümumi sözlərlə ictimailəşdirirlər”.
N.Niftiyevin fikrincə, problemdən çıxış yolu elə də çətin deyil. Hər bir universitet, elmi mərkəzlər sahələr üzrə mütəxəssislərini hazırlamalı, mediaya, media da onları cəmiyyətə təqdim etməlidir:
"Onlar alim kimi deyil, publika üçün ekspert kimi çıxış etməyə hazırlanmalıdırlar. Qeyd etdiyim kimi, hər institut ildə 2 ekspert hazırlasa və mediaya təqdim etsə, TV-ləri, saytları bəzəyən hərşeyşünaslardan tez bir zamanda xilas ola bilərik”.
Bakı Dövlət Universitetinin dekanı Vüqar Zifəroğlu isə hesab edir ki, baş verən hadisələrin düzgün analitik təhlillərini çox zaman məhz jurnalistlər daha yaxşı təqdim edə bilirlər. Bilirsiniz niyə? Çünki onlar əldə edilmiş informasiya ilə işləməyi və onu düzgün qiymətləndirməyi bacarırlar. Bu isə analitik təhlillərdə son dərəcə vacib məqamdır. Eyni zamanda onu da vurğulamaq istərdim ki, əslində Qərbdə, Rusiyada, elə qardaş Türkiyədə də bir çox sahələr üzrə ekspert olaraq məhz media işçilərinə müraciət edilir. Çünki peşəkar jurnalist illərlə yazdığı sahənin bütün incəliklərinə bələd olur, onun bütün əsaslarını öyrənir. Zatən belə etməsə, peşəkar olmaz.
Azərbaycan mediasında ekspert qıtlığının həqiqətən də müşahidə edildiyini vurğulayan Vüqar müəllim bunu öz həmkarları - jurnalistlərlə olan söhbətlərində də tez-tez eşitdiyini deyib:
Bizdə daha çox hərşeyşünaslar formalaşmaqdadır, nəinki konkret bir sahə üzrə ixtisaslaşmaq və o sahənin bilicisinə çevrilmək. Məsələn, bir adam həm tarixçi, həm də ədəbiyyatçı, ilahiyyatçı ola bilməz. Və ya bir beynəlxalq jurnalistin, həm Yaxın Şərqdən, həm də Uzaq Şərqdən təhlil verməsi və ya belə deyək, Amerikanın daxili-siyasi sistemi barədə danışması mümkün deyil. Çünki sən, əgər peşəkarsansa, bir bölgə üzrə ixtisaslaşacaqsan və bu zaman da həmin bölgənin tarixinə, mədəniyyətinə və təbii ki, dilinə bələd olmalısan.
Məsələn, mən açıq etiraf edim ki, 20 ildir Yaxın Şərqdən yazdığımdan, bölgəni öyrəndiyimdən yalnız bu regionla bağlı təhlillər yazıram və müsahibələr verirəm. Dəfələrlə olub ki, digər ölkə və ya bölgələrlə bağlı mənə suallar ünvanlanıb və mən cavablandırmaqdan imtina etmişəm. Əslində peşəkarlıq da bunu tələb edir. Məhz bu cür meyarlara diqqət edilmədiyindən də peşəkarlar azlıq təşkil edir”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də bir redaktor olaraq media sahəsində ekspert böhranı probleminin aktual olduğunu düşünür:
"Gün ərzində müxbirlər redaktəyə material yollayır, baxıram ki, bir neçə müxbir ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırıb. Hətta olur ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu üzrə danışdırırlar. Səbəb isə odur ki, ekspert qıtlığı var. Bu, bütün sahələr üzrə belədir - iqtisadi, siyasi, sosial, təhlükəsizlik və s. sahələr üzrə cəmi bir neçə ekspert var.
Bəli, bu bir faktdır ki, son illərdə yeni ekspertlər yetişmir. Azərbaycanda ekspert olmaqla yaşamaq, məvacib almaq mümkün deyil. Bu gün ekspert kimi mediaya açıqlamalar verən şəxslərin hamısının gəlir mənbəyi, iş yeri tamamilə ayrı sahədir. Kimisi redaktordur, kimisi QHT rəhbəridir, kimisi büdcə təşkilatında hansısa bir işlə məşğuldur, sadəcə aktivlik göstərərək, ekspert kimi də medianın suallarını cavablandırırlar. Jurnalistlərin əlacsızlıqdan danışdırdıqları ekspert kimi tanınan şəxslər də var ki, onların şərhlərini redaktə edəndə görürük ki, bu şəxsin həmin prosesdən məlumatı çox azdır, son prosesləri izləməyib və sair.
İnkişaf etmiş ölkələrdə ekspertlər dövlət səviyyəsində yetişdirilir, təlimatlandırılır, ofislə, maliyyə ilə təmin edilir və onlar da dövlətin konkret hansısa sahəsi üzrə media üçün ekspertlik edirlər. İkinci bir variant odur ki, konkret sahə üzrə tam yetişmiş, savadlı, ekspertlik etdiyi sahəni mükəmməl bilən, detallardan xəbəri olan şəxs maliyyə imkanları normal olan TV, qəzet, saytla əməkdaşlıq müqaviləsi bağlayır və müəyyən məbləğ qarşılığında onlara ekspertlik edir. Amma Azərbaycanda bu variant alınan iş deyil, çünki medianın maliyyə imkanları məhduddur.
Bizdə yaxşı olar ki, dövlət strateji beyin mərkəzləri formalaşdırsın və orada konkret sahələr üzrə ekspertlər yetişdirilsin. Həmin ekspertləri jurnalistlər arasından da seçmək olar. Amma bu zaman da media öz savadlı redaktorlarını itirmiş olacaq, bunu da nəzərə almaq lazımdır. Onsuz da indi savadlı ekspert qıtlığı ilə yanaşı, savadlı, prosesləri bilən, öz üzərində işləyən redaktorların da sayı çox azdır. Onlar da öz fəaliyyətini ekspert kimi davam etdirsələr, o zaman da redaktor qıtlığı yaranacaq”.
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova:
- Gərək media özü müxtəlif profilli olsun ki, ekspertlər də müxtəlif olsun. Bizdə əksər kütləvi informasiya vasitələrinin profili mahiyyətcə eyni olduğu üçün hərlənib, fırlanıb oxşarfikirli ekspertlərin üzərində dayanmalı oluruq. Saytlar, telekanallar, internet televiziyaları çoxalır, buna adekvat olaraq nəinki yeni ekspertlər üzə çıxır, əksinə olanlar da müraciətlərdən yorulub, mediaya "stop” qoyurlar. Bu da təbiidir, çünki ekspertlik onlar üçün hər hansı qazanc gətirmir, əksinə zamanını əlindən alır. Ona görə zamanla neçə ekspertin yalnız ödəniş qarşılığında açıqlama verəcəyi ilə bağlı bəyanatlarını çox görmüşük. Hazırda media neft, səhiyyə, kənd təsərrüfatı, sosial sahələr üzrə ekspert sarıdan əziyyət çəkir. Adi bir misal çəkim, səksən faizi neftdən asılı olan bir ölkənin media üçün cəmi bir nəfər neft mütəxəssisi var - İlham Şaban.
Əslində isə son illərin "neft kapitalını insan kapitalına çevirməliyik” şüarının bir qolu da məhz bu sahə üzrə ekspert yetişdirmək olmalı idi. Qəribədir ki, bütün dünyada geniş kütlə üçün neftdən yazan təhlilçilər azdır. Bu işi yaxşı bilənlər investisiya fondlarında analist kimi çalışırlar. Bu o qədər gəlirli sahədir ki, qonorara yazmaq axmaqlıq hesab olunur. Bununla belə, Amerikada və Britaniyada çox məşhur neft analitikləri var.
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, mediada müxtəlif sahələr üzrə ekspert kimi təqdim olunan, fikirləri öyrənilən şəxslərin sayının azalması, media ekspertlərinin qıtlığı anlamına gəlməməlidir:
"Bir dövr olur ki, mediada ekspert bolluğu yaranır. Bu ekspertləri gündəmə gətirən mediadır. Sonra bu ekspertlər müxtəlif səbəblərdən mediadan, ictimai-siyasi mühitdən uzaqlaşanda bir boşluq hiss olunur. Bu boşluğu doldurmaq da medianın işidir.
Mənə görə, müxtəlif sahələr üzrə ixtisaslı ekspertlər əvvəlki dövrlərə nisbətdə indi daha çoxdur. Sadəcə, onları üzə çıxarmaq, cəmiyyətə təqdim etmək lazımdır. Bu gün dövlət qurumlarında, ali məktəblərdə, elmi institutlarda, QHT və media sektorunda hər sahə üzrə ekspertlər var”.
A.Camalın sözlərinə görə, istənilən media orqanı ehtiyac duyduğu sahələr üzrə ekspertlər müəyyən edib onların fikirlərinə mütəmadi yer ayıra bilər:
"Bir az keçdikdən sonra həmin ekspertlər həm digər media qurumları üçün, həm də cəmiyyət üçün maraqlı şəxslərə çevriləcək. Bu, sınaqdan çıxmış təcrübədir”.
"BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlunun fikrincə, təhsil, tibb sahələri üzrə ciddi ekspert qıtlığı var və bundan bütün media əziyyət çəkir: "Eyni zamanda kənd təsərrüfatı üzrə mütəxəssislərin də sayı azdır. Həmçinin də qida sektorunda”.
(Davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb