"Hamilə qadına silahın çəkilməsi ciddi siqnaldır" - Qaranlıq məqamlar...





"İnanmıram kimsə borca görə, hamilə qadını güllələyəcək qədər qəddar olsun. Bu cinayətin arxasından başqa məqamlar çıxacaq”.

Bunu "Sherg.az”a Naftalan şəhərində hamilə qadının tanışı tərəfindən güllələnməsindən danışarkən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova söyləyib. Onun sözlərinə görə, səbəbindən asılı olmayaraq, bu cür hadisələrdə qadın günahlandırılır:

"Digərinə gücü çatmayan adamlar qadına hücuma keçir. Bu isə onların zəifliyini bir daha sübut edir. İnsanlar gərgindir, sosial problemləri var. Ola bilər, həmin avtobus sürücüsünün də maddi durumu yaxşı olmayıb, müxtəlif səbəblərdən təzyiqlə üzləşib. İstənilən halda, qadına qarşı bu cür qəddar davranış narahatlıq doğurur.

İndiyə qədər qadına qarşı zorakılıq faktlarında, cinayətlərdə bıçaq kimi kəsici alətlər istifadə olunurdu. Artıq silahın ortaya çıxması, hamilə qadına silah qaldırılması ciddi siqnaldır. Ümid edirəm ki, cinayətlə bağlı ətraflı araşdırma aparılacaq, ictimaiyyətə məlumat veriləcək.

Həmin şəxsə ağır, hətta ömürlük cəza verilməli, bu cəza ictimailəşdirilməlidir. Cəzalar ağırlaşarsa, bəlkə bu problemin qarşısını almaq mümkün olar”.

Qeyd edək ki, 2 gün əvvəl Naftalan şəhərindəki "Sehrli Naftalan” sanatoriyasında qətlə yetirilən 31 yaşlı Günay Zeynalova ailəli olub və hamilə imiş. Bildirilir ki, sanatoriyada qeydiyyatçı işləyən qadının 2 yaşında bir övladı varmış və bir neçə ay sonra yenidən ana olmağa hazırlaşırmış. Hadisəni törədən Qızılhacılı kənd sakini Əli Hüseynov da qadının hamilə olmasından xəbərdar olub.  Xatırladaq ki, qətl hadisəsi pul mübahisəsinə görə baş verib. Belə ki, Ə.Hüseynov avtobus sürücüsüdür. Onun əsas işi sanatoriyaya dincəlməyə gələnlərin Göy-göl, Hacıkənd, Toğana kimi yerlərə gəzintilərini təşkil etmək olub. Avtobus sürücüsünə bu işdə Naftalan şəhərindəki sanatoriyalarda işləyən inzibatçı xanım kömək edib. Zaman keçdikcə G.Zeynalovanın Ə.Hüseynova borcu yaranıb və onların arasındakı işgüzar münasibət pozulub.

Aysel Aslan