Hamımız qürur duymalıyıq Azərbaycan cəsarətlə bu yolu seçib

Siyasilər də ümid edir ki, Avropa Oyunları möhtəşəm idman bayramına çevriləcək



İyun ayının 12-də başlayacaq ilk Avropa Oyunlarına ciddi hazırlıq işləri görülür. Azərbaycan Oyunlara yüksək səviyyədə ev sahibliyi etmək üçün bütün imkanlarını səfərbər edib. Ölkəmizdə belə bir mötəbər tədbirin keçirilməsi ictimaiyyətin bütün təbəqələri tərəfindən böyük məmnuniyyətlə qarşılanır. Xüsusilə, parlament nümayəndələri beynəlxalq yarışların Azərbaycanın nüfuzunu artıracağını, ölkənin təbliğatında mühüm rol oynayacağını düşünürlər.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirir: "Hesab edirəm ki, Azərbaycanı dünyada tanıtmaq, Avropanın və dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb etmək çox önəmlidir. Oyunların Azərbaycanda keçirilməsi də buna imkan verəcək. Əminəm ki, Avropa Oyunları idmançılar, gənclər və qonaqlarla birgə Azərbaycan xalqının möhtəşəm idman bayramına çevriləcək”.

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədov da Avropa Oyunlarının Azərbaycanda keçirilməsini müsbət hal hesab edir: "Azərbaycanın Qarabağ kimi həll olunmayan böyük bir problemi var. Ölkəmizin dünya sistemində öz yerini tutması, daha çox tanınması, dünyanın diqqətini Azərbaycanda gedən proseslərə yönəltmək üçün belə bir tədbirin keçirilməsi çox vacibdir. Oyunların Azərbaycanda keçirilməsinin çox böyük siyasi əhəmiyyəti var. Bu, gələcəkdə Qarabağ məsələsinin həllində Azərbaycana öz töhfəsini verə bilər. Tədbir nəticəsində Azərbaycanın stabil ölkə olduğunu xarici dövlətlər də görəcək. Baxmayaraq ki, dünyada bir qlobal maliyyə problemi yaşanır, amma Azərbaycan belə bir yarışa liderlik edir”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı da bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi uğurlu hadisədir: "Azərbaycan idmandan tutmuş siyasətə qədər ildən-ilə özünü daha yaxşı tanıdır və etibarını artırır. Dövlətimiz bir yandan siyasi meydanda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, digər tərəfdən "Avroviziya” mahnı yarışmasının keçirilməsinə evsahibliyi haqqını qazanıb, eyni zamanda bir sıra beynəlxalq idman yarışlarına da ev sahibliyi edib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə normal düşüncə sahibi olan hər bir kəs sevinməlidir. Bu, ölkənin nüfuzudur, gücüdür, beynəlxalq aləmdə qazandığı etibardır. Şübhəsiz, bu tarixi hadisəni qısqananlar, min cür rəng verənlər də var. Bəzən öz içimizdən də buna etiraz edirlər. Ancaq bu istiqamətdə atılan addımlara mane olmaq, dodaq büzmək doğru deyil. Belə məsələlərdə Azərbaycanı hədəf seçənlərin böyük bir hissəsi tarixən bizə düşmən olan qüvvələrdir. Əlbəttə, Azərbaycanın tanınmasını, bu qədər böyük imkanlara sahib olmasını Ermənistan və onun arxasında dayanan, inkişafımızı istəməyən dövlətlər istəməz. Amma Azərbaycan cəsarətlə bu yolu seçib”.

Millət vəkili, sədri Fərəc Quliyev deyib ki, I Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinə görə hamımız qürur duymalıyıq: "Azərbaycanda çox mötəbər bir yarış keçiriləcək. Bir vətəndaş kimi qürur duyuram ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir. Mən sambo üzrə idman ustasıyam. Buna görə də, idmanın bütün növlərinə marağım var. Amma güləş növlərinə xüsusilə diqqət yetirirəm. Çalışacağam ki, idmançılarımıza azarkeşlik edim. Amma hələ qrafikləri bilmədiyim üçün bilet almamışam”.
Millət vəkili Fuad Muradov da bəyan edib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsinin siyasi əhəmiyyəti böyükdür. Ölkəmizin sabitlik adası olduğunu avropalılar öz gözləri ilə görə biləcəklər: "Dünyanın tanınmış idmançıları Azərbaycanda olacaq. Bu oyunlar dünyanın məşhur idman telekanallarında, veriliş və nəşrlərində yayımlanacaq. Təbii ki, hər bir yayımdan Azərbaycanın adı keçəcək. İdman icması dünyanın ən aktiv təbəqəsidir. Bura təkcə idmançılar yox, azarkeşlər də aiddir və demək olar ki, əksər insan idmanla maraqlanır. Deməli, Azərbaycan dünyanın böyük bir hissəsi tərəfindən tanınacaq. Azərbaycan bu gün doğru yolla irəliləyir. Ölkəmiz regionda stabil, nümunəvi dövlətə çevrilir. Son illər ən mühüm tədbirlər Azərbaycanda keçirilir və Bakı regionun mərkəzi halına gəlir”. F.Muradov hesab edir ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi Qarabağ həqiqətlərinin təbliği üçün də mühümdür: "Qonaqlara Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən yaranan problemlər göstəriləcək. İndiyə qədər bizə qarşı edilən təcavüz siyasəti çatdırılacaq. Bu isə Azərbaycanın haqq səsinin dünyada eşidilməsi baxımından mühümdür”.

İsmayıl