Havada ölüm qoxusu var
Qızmar havada qızğın işlər dayandırılmır
Həkim məsləhəti: "Harasa gedirsinizsə, özünüzlə çətir və mütləq su götürün”
Qızmar hava şəraiti 1-2 gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu isti və günəşli hava şəraitinin iyulun 6-dək davam edəcəyini bildirib. Büronun məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-39 dərəcə, Azərbaycanın bəzi rayonlarında isə daha yüksək - 41-43 dərəcəyədək yüksələcək.
Ekologiya Nazirliyi xəbərdarlıq edir, Təcili Tibbi Yardım "günəş şüaları ilə birbaşa təmasdan qaçın, istidən qorunun” deyir, Dövlət Əmək Müfəttişliyi də işəgötürənlərə müraciət edir ki, işçilərin həyat və sağlamlıqlarının qorunması üçün qanunvericiliyin tələblərinə riayət edin. Bəs niyə fəhlələr küçədə, yollarda, tikintilərdə... hər yerdə çalışır? Yenə də temperatur oyunu?! Ekologiya Nazirliyinin Bakıda maksimal temperaturun 39 dərəcə olması xəbəri işəgötürənlərə "əl verir”. Dərhal Əmək Məcəlləsini ortaya qoyub "temperatur 41 dərəcəyə çatanda işlər dayandırılmalıdır” arqumentini irəli sürürlər.
Temperaturla "şantaj” oyunu?
Bu da məlumdur ki, havanın temperatur göstəricisi kölgədə hesablanır. Hidrometeoroloqlar özləri dəfələrlə bəyan ediblər ki, temperatur kölgədə ölçülür. Yəni, bu, bir qaydadır. Bu hesabla kölgədə temperatur 39 və ya 41-43 dərəcədirsə, deməli, açıq havada, günəş şüaları ilə birbaşa təmas vəziyyətində temperatur 41-45 dərəcəyə çatır, yəqin. Elə isə bəs bu fağır işçilər, qaragünlü fəhlələr niyə qırmızı günün altında işləməkdədir?!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu günlərdə mövcud isti hava şəraiti ilə bağlı işəgötürənlərə müraciətinin mətni ilə qısa tanış olaq.
Müraciətdə bildirilir ki, yay mövsümündə, kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir. Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir.
İş dayandırıldıqda boşdayanma vaxtı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.
Amma göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 6-dək havanın temperaturunun 39-43 dərəcəyədək (kölgədə - red.) yüksələcəyini açıqlasa da, qızmar havada qızğın işlər dayandırılmır. İyulun 3-də günəş şüalarının insanı qovurduğu vaxtlarda iki fəhlə "Xalqlar Dostluğu” metrostansiyasının qarşısındakı aptek binasının üzərinə "aptek” sözünü əmələ gətirən hərfləri böyük ciddi-cəhdlə bərkitmək işində idilər. Həm də qaldırıcı kranla yuxarı - günəşə bir az daha yaxın məsafəyə qalxmışdılar.
Deməli, bu müraciətlər, bəyanatlar, çağırışlar gözdən pərdə asmaq üçündür. İstinin qarşısını kəssin deyə...
Avropadakı praktika
Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşlara temperatur 41 dərəcəyə çatdıqda əməyə cəlb olunurlarsa, ərazi üzrə əmək müfəttişliyinə müraciət etmələrini məsləhət görür. Amma hanı belə işçi ki, sahibkardan şikayətçi olsun?
Əslində, qanun işçinin tərəfindədir. Amma dərd burasındadır ki, işçi kimin tərəfində olduğunu hələ də müəyyənləşdirməyib.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar iş rejiminin dəyişdirilməsi praktikası bir sıra Avropa ölkələrində mövcuddur. Məsələn, Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniyada, hətta bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə insanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki, iş rejimi dəyişdirilir. Yayda həmin ölkələrdə iş saatı səhər saat 07:00-da başlayır, gündüz saat 11:00-dan 17:00-dək böyük fasilə verilir, fasilədən sonra isə iş rejimi axşam saat 22:00-dək davam edir. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda temperatur göstəricisi 38 dərəcəni ötəndə həmin iş rejimini tətbiq etmək olar.
Günün isti saatlarında küçəyə çıxmayın
Həkimlər də hər zaman əhalini günün "pik” saatlarında günəş şüaları ilə birbaşa təmasdan çəkinməyə çağırır. Evdən çıxmaq, harasa, iş ardınca getmək kimi bir məcburiyyət yoxdursa, gündüz saat 11:00 radələrindən axşam 17:00-dək günəş şüaları altında qalmaqdan çəkinməyi məsləhət görürlər. İşə gedəndə isə sərin vaxtda evdən çıxıb gün əyiləndə dönmək lazımdır. Amma bəzən bu qrafikə riayət etmək mümkün olmur və belədə də günvurma bədbəxt hadisələrin baş verməsinə səbəb olur.
Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər isti havalarda xüsusilə diqqətli olmalıdır. İsti hava ürək xəstələri üçün çox təhlükəlidir. İsti hava özüylə günvurmalar, xəstəliklər, zəhərlənmələr, qarın ağrısı, dənizdə suya diqqətsiz başvurmalarsa bir çox hallarda fəlakət gətirir. Türkiyədə Kardioloji Dərnəyinin İdarə Heyətinin sədri professor, doktor Oqtay Ergənə qəlb xəstələrinə aşırı istilərdə xüsusilə diqqətli olmağı məsləhət görür:
- Baxmayaraq ki, qəlb xəstələri qış aylarına nisbətən yaz və yay aylarında daha rahat olurlar, yenə də isti havalarda ehtiyatlı davranmalıdırlar. Xəstələr dərmanlarını azaltmamalı və dərman qəbulunu dayandırmamalıdır. Yağlı, gec həzm olunan qidalardan yenə də uzaq durmalı, həkimin məsləhət gördüyü pəhrizlərə davam etməli, daha çox tərəvəz və meyvəyə üstünlük verməlidirlər. Çünki meyvə və tərəvəz lazımi miqdarda maye daşıyıcısıdır. Ürək çatışmazlığına səbəb olan damar genişlənməsi və ürək döyüntülərinin artması isə məhz orqanizmdə maye azlığından irəli gəlir. Maye çatışmazlığı ürəyin funksiyasını zəiflədir. Sinədə ağrılar artır, qan təzyiqi düşür və ya istinin təsiri ilə yüksələ bilir. Xüsusilə də yaşlı insanlarda bu problemlər tez-tez baş qaldırır. Buna görə də tərkibində bol maye olan meyvə və tərəvəzlərdən istifadə etmək məsləhətdir.
Havanın temperaturu nəzərə alınmaqla gün ərzində ən azı 2-2,5 litr su qəbul etmək lazımdır. Orqanizm yüksək temperaturda daha çox maye itkisinə məruz qalır. Nəticədə qanda qatılaşma yaranır ki, bu da ürək-damar xəstələri üçün arzuolunmaz hala - ürəyin fəaliyyətinin pozulmasına, hətta infarkta da gətirib çıxarır. Təzyiqi aşağı salan dərmanların qəbuluna da çox aludə olmaq ziyanlıdır. İsti havada bu dərmanlar insana kömək yox, əksinə, zərər verə bilər. İsti havalarda siqaret də hədsiz ziyanlıdır. Siqaret dumanı karbon-monoksit daşıyıcısı olduğundan qanı qatılaşdırır, arterial damarların iç divarlarına zərər verərək qan dövranını pozur. İsti havada onsuz da yorğun düşmüş orqanizm üçün belə vəziyyət 2 qat ağırlıq deməkdir. Ürəyin bu yükə dözməsi çox çətindir. Həm aktiv, həm də passiv siqaret çəkənlər isti havalarda ondan ümumiyyətlə, uzaq durmalıdırlar.
Açıq rəngli libas geyinin
Türkiyəli professor isti havalarda hər kəsin diqqət etməli olduğu vacibləri də açıqlayıb:
- Gündüz saat 11 və 3 arası bir yerə getmək zərurəti yoxdursa, havaya çıxmayın. Harasa getməlisinizsə, çalışın, bunu saat 11:00-a qədər edin. Gün qalxıbsa, axşam saatlarına qədər küçədə açıq havada qalmayın. Günəş şüalarının birbaşa üzərinizə düşməsinə imkan verməyin. Açıq rəngli, təbii parçalardan tikilmiş rahat libaslar geyinin, çalışın geyindiyiniz libas sizi sıxmasın. Başınıza yüngül yay papaqları - kişilər kepka, günlük, qadınlarsa şlyapa qoysun. İsti havada harasa gedirsinizsə, özünüzlə çətir və mütləq su götürün.
İsti havada bəzi qidalar tez xarab olur. Yeməklər, xörəklər açıq şəraitdə, günəş şüası altında saxlanmamalıdır. Meyvə-tərəvəzləri təzə halda qəbul etmək, qidaları soyuducuda saxlamaq lazımdır. Xüsusilə ət və ət məhsullarının qəbulunda diqqətli olmaq vacibdir. Çünki isti havada ət məhsulları həm tez xarab olur, həm də gec həzm edilən qida olduğundan mədə-bağırsaqların normal fəaliyyətini poza bilir. İsti havada sərinləşdirici içki qəbulunda da ehtiyatlı olmaq lazımdır. Tərkibində şəkər olan içkilər susuzluğun qarşısını almır, əksinə, içildikcə-içilir, bu da mədə rahatsızlığı və qarında arzuolunmaz köp əmələ gətirir. Üstəlik, mədənin selikli qişasını zədələyir. Susuzluğu yatırmağın ən asan və sadə yolu - saf, süzülmüş sudur. Suyun tərkibindəki minerallar orqanizm üçün hədsiz əhəmiyyətlidir. Bir stəkan adi su bir neçə şüşə qazlı və şirin sudan daha xeyirlidir. Saf su, təbii, ev şəraitində hazırlanan meyvə şirələrindən istifadə edilməlidir. Su heç bir halda soyuq vəziyyətdə içilməməlidir. Soyuq su mədədə spazmlara yol açır. Çalışın, mümkün qədər istilərdən qorunasınız.
Məlahət Rzayeva