"Hazırda büdcə kəsirindən qaçmaq o qədər asan deyil"



"Büdcə kəsirinin olması üçün xərcin gəlirdən çox olmasına ehtiyac var”.

Bunu Sherg.az-a büdcənin gəlirlərinin və xərclərinin artırılmasını izah edərkən iqtisadçı Vüqar Bayramov deyib. 

O bildirib ki, büdcənin kəsirinin ümumi daxili məhsulun həcminin 3 faizindən çox olmamasına çalışmaq lazımdır:

"Yəni Azərbaycanın bu məqamda büdcə kəsirinə getməsi mümkündür. İndiki məqamda büdcə kəsirindən qaçmaq da o qədər asan deyil. Amma büdcə kəsirinin ümumi daxili məhsuldakı payının 3 faizdən çox olmamasına nəzarət edilməsinə ehtiyac var.

Cari ilin ilk 5 ayında neftin qiyməti 40 dollardan yüksək olub. Bu da daxilolmaların artmasına gətirib, çıxarıb. Amma nəzərə alsaq ki, neftin qiymətində son dövrlər azalmalar müşahidə edilir, ona görə gəlirlərin kəskin artırılmasına getmək olmaz. Çünki neftin qiyməti stabil deyil, buna görə, xüsusilə, 2017-ci ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin neçə dollar olacağını proqnozlaşdırmaq çətindir. Artıq Brent markalı neftin qiyməti 45 dollardan aşağıdır. Son dövrdə bu ən aşağı göstəricidir. Ona görə, gəlirlərin kəskin artırılmasına yol vermək olmaz. Eyni zamanda hökumət, Maliyyə Nazirliyi çalışmalıdır ki, büdcənin kəsiri ümumi daxili məhsulun həcminin 3 faizindən çox olmasın”.

Qeyd edək ki, "2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında" qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunub.

Xatırladaq ki, 2017-ci il dövlət büdcəsi büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində təsdiq edilib.

Aysel Aslan