Parlamentdə banklardakı vəziyyət, həbs olunan iş adamları və reklamlarla bağlı müzakirələr açıldı
“Həbs olunan iş adamları ilə bağlı kimlərin ajiotaj yaratdığı bilinir”
Oqtay Əsədov Zahid Oruca reaksiya verdi
Parlamentdə banklardakı vəziyyət, həbs olunan iş adamları və reklamlarla bağlı müzakirələr açıldı
Parlamentdə banklardakı vəziyyət, həbs olunan iş adamları və reklamlarla bağlı müzakirələr açıldı
"Vətəndaşlar öz problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər”
Ötən gün Milli Məclisin iclası spiker Oqtay Əsədovun deputatlara irad bildirməsi ilə başlayıb. İclasda telefonla danışan millət vəkillərinə parlament sədri "cəmi iki iclasınız qalıb, telefonla danışmağı yığışdırın. Gəlin biri-birimizə hörmət edək” - deyib. Qeyd edək ki, ötən gün baş tutan iclasda gündəliyə 6 məsələ çıxarılaraq müzakirə edilib.
"Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir”
Toplantıda "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Onun sözlərinə görə, qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək: "Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Eyni zamanda, 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Qanunun müzakirəsi zamanı millət vəkili Zahid Oruc bildirib ki, Mərkəzi Bankın aprel ayında açıqladığı göstəricilər müəyyən mənada aktivliyi təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac olduğunu təsdiq edir: "Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlətin müdaxiləsi hər kəsin marağındadır. Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir. Bizim həyata keçirəcəyimiz bu dəyişikliklər Mərkəzi Bankın resurslarının genişlənməsinə imkan verəcək”.
Siz heç nəyə görə narahat olmayın
Z.Oruc son günlər ölkədə iş adamlarının həbs edilməsinə də münasibət bildirib. Deputatın qənaətincə, iş adamları ilə bağlı həbsləri bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım kimi qiymətləndirmək olar: "Bu məsələ ətrafında ajiotaj yaradılması başadüşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələrdə sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalır. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə rəhbəri dünən bir daha qeyd etdi ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin”.
Spiker Oqtay Əsədov isə deputata cavabında deyib ki, kimlərin ajiotaj yaratdığı bilinir: "Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradılır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazımi tədbirlər görür”.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
"Siqaretin, spirtli içkilərin gizli reklamı gedir”
"Mən gizli reklamla bağlı məsələyə diqqət çəkmək istəyirəm. Bu gün filmlərdə, televiziya verilişlərində tütün məmulatlarının, spirtli içkilərin gizli reklamı gedir”.
Bu sözləri isə deputat Azay Quliyev "Reklam haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. Millət vəkili deyib ki, gizli reklama nəzarətlə bağlı məsələ ciddiləşməlidir: "Bundan sonra belə halların qarşısının alınması üçün monitorinqlər aparılmalıdır”.
Millət vəkili Vahid Əhmədov isə qanun layihəsinin üçüncü oxunuşda müzakirə olunduğunu, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən dövlət atributlarına hörmət olunması ilə bağlı maddə əlavə edildiyini söyləyib: "Bu qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat həmkarlarımız müxtəlif təkliflər irəli sürdü. Bundan başqa, digər qurumlar da yeni təkliflər verib. Həmçinin parlament sədri Oqtay Əsədov isə qanunda reklam fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı təkliflərini bildirib. Bir sıra nazirliklərin təklifləri də nəzərə alınaraq müzakirəyə çıxarılıb və qanun layihəsinə əlavə edilib”.
Sonda qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Spiker bu qanun layihəsinin qəbuluna görə deputatları təbrik edib.
"Müraciətlərin ana dilində ünvanlanması ilə bağlı tələb də düzgün deyil”
İclasda "Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu qanun Konstitusiyanın 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Vətəndaşların qəbul edilməsi qaydalarına əsasən, müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidir. Bununla yanaşı, vətəndaşlar canlı yayım vasitəsi ilə də şifahi yolla subyektlərə müraciət edə bilərlər. Həmin subyektin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququna malikdir. "Vətəndaşların müraciətləri haqqında” qanun layihəsində pozuntu hallarına görə məsuliyyət də nəzərdə tutulub. Belə ki, bu qanunun tələblərini pozan şəxslər mülki, inzibati xətalar və cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa qanunun müzakirəsi zamanı layihədə boşluqlar olduğunu bildirib. Onun fikrincə, qanunun "Müraciətlərə baxılması haqqında” adlandırılması daha məqsədəuyğundur: "Həmçinin müraciətlərin ana dilində ünvanlanması ilə bağlı tələb də düzgün deyil. Çünki Azərbaycanda başqa ölkə vətəndaşları da var və onlar bizim dili bilmirlər. Bu baxımdan məsələnin diqqətə alınması gərəkdir”.
"Müraciətlər Azərbaycan dilində olmalıdır və bunun dəyişilməsi gözlənilmir”
Deputat Musa Quliyev isə deyib ki, sözügedən qanun layihəsində müraciətlərin oxunaqlı dildə yazılmasının tələb edilməsi başadüşülən deyil: "Bu kitab deyil ki, hamı savadlı yazsın. Ona görə də, sabah hansısa məmur qanunun maddəsini əsas gətirərək deyəcək ki, müraciət oxunaqlı dildə yazılmayıb. Bundan başqa, bəzi televiziya verilişlərində müraciətlər səslənir. Kimlərsə, kimisə evləndirir, kimisə axtarır və sair. Bu, onların səlahiyyətinə daxil olan məsələ deyil”.
Millət vəkili Aqil Abbas qeyd edib ki, insanlar nicatı televiziyadan yox, hüquq-mühafizə orqanlarından tapmalıdırlar: "Vəkillər, hüquqşünaslar insanları maarifləndirməlidir ki, vətəndaşlar öz problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər. Bununla bağlı İctimai Televiziyada maarifləndirici verilişlər verilməlidir”.
Əli Hüseynli vurğulayıb ki, müraciətlər Azərbaycan dilində olmalıdır və bunun dəyişilməsi gözlənilmir. O, deputatların təkliflərini dinlədikdən sonra bildirib ki, bu qanun layihəsi Azərbaycan vətəndaşları üçündür: "Amma xarici vətəndaşlar da bundan yararlana bilərlər”. Müzakirədən sonra layihə ikinci oxunuşda qəbul edilib.
Anar Bayramoğlu