Həbsini 2 ay uzadıblar





Bu ilin fevral ayında ermənilərin əlinə düşən Azərbaycan vətəndaşı Elnur Hüseynzadə barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. APA-nın xəbərinə görə, bu barədə vəkil Arkadi İsraelyan məlumat verib.

Qeyd edək ki, E.Hüseynzadə bu ilin fevral ayında naməlum şəraitdə ermənilər tərəfindən girov götürülüb. Separatçı rejim onun hərbçi olduğunu iddia etsə də, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, E.Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis edilib, ermənilərin əlinə düşən vaxt hərbi xidmətdə olmayıb.

Məsələyə münasibət bildirən millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov "Şərq”ə açıqlamasında bunun Ermənistanın növbəti oyunu olduğunu dedi:

- Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı separatçı rejim hansı oyunu oynayırsa, Elnur Hüseynzadə ilə bağlı da eyni vəziyyətdir. İllərdir ki, ermənilər iki günahsız insanı girov saxlayırlar. Qondarma, heç bir hüquqi əsası olmayan, beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıyla müşayiət olunan bir məhkəmə şousu düzəldib soydaşlarımızı "cinayətkar” elan etdilər. İndi də eyni ssenari Elnur Hüseynzadə ilə bağlı aparılır. Mən bunu deyə bilərəm ki, Azərbaycan Müdafiə Nazirliyi Elnur Hüseynzadə ilə bağlı açıqlama vermişdi və bildirilirdi ki, bu şəxs Azərbaycan Silahlı Qüvvələrinin əsgəri deyil. O, ordudan tərxis olunub. Ermənilər onu hərbçi kimi deyil, mülki vətəndaş kimi girov götürüblər. İstənilən halda Elnur Hüseynzadə Azərbaycan vətəndaşıdır. Hərbçi olub-olmaması məsələnin mahiyyətini dəyişmir. Azərbaycan dövləti bütün vətəndaşlarının qarantıdır. Azərbaycan dövləti Elnur Hüseynzadənin azad edilməsində maraqlıdır və bu istiqamətdə də lazımi işlər aparılır.

Məlahət Rzayeva