“Kredit dövlətə məxsusdur. Bankın mövqeyindən asılı olmayaraq borclar vaxtında qaytarılmalıdır. Bankla müqavilə bağlanıbsa, şərtlərə əməl etmək lazımdır”
Millət vəkili isə hesab edir ki, iş adamlarının banklara borcu qaytarılana qədər əməliyyatlar davam etməlidir
Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb. Məlumata görə, onlar vaxtı keçmiş kredit borclarını tamamilə ödəyiblər. Bu səbəbdən barələrində seçilmiş həbs-qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib və azadlığa buraxılıblar.
Məlumatda o da qeyd olunur ki, sərbəst buraxılmış sahibkarların indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün bir qrup sahibkar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onların arasında tanınmış iş adamları Nizami Piriyev, Hacı İbrahim Nehrəmli və başqaları da olub. Adıçəkilən oliqarxlar da mətbuata verdikləri açıqlamalarında vaxtı ötmüş kredit borclarını ödədikdən sonra sərbəst buraxıldıqlarını bildiriblər.
Sahibkarlara qarşı başladılan əməliyyatı müsbət dəyərləndirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Şərq”ə söyləyib ki, bu proses iş adamlarının banklara borcu başa çatana qədər davam etdirilməlidir: "Ümumiyyətlə, parlamentdə kredit borcları, kredit faizlərinin yüksək olması, qaytarılmayan kredit borclarının çox olması məsələsi həmişə gündəmdə olub. Müzakirələr zamanı tələb etmişik ki, bu məsələlər öz həllini tapsın. Təəssüflər olsun ki, həmin problemlərə diqqət ayıran olmadı. Hətta kredit borcları 6-7 yüz milyon olanda həyəcan təbili çalmışdıq. Yenə də məsələ tənzimlənmədi. Hazırda isə bu borclar 1, 3 milyarda yaxınlaşıb. Kredit dövlətə məxsusdur. Bankın mövqeyindən asılı olmayaraq borclar vaxtında qaytarılmalıdır. Bankla müqavilə bağlanıbsa, şərtlərə əməl etmək lazımdır. Yox əgər borcları qaytara bilməyəcəksənsə, qabaqcadan bunu hesablamalısan ki, problem yaranmasın”.
Parlamentarinin sözlərinə görə, banklarda kredit faizlərinin yüksək olması da ciddi narahatlıq doğurur: "Bəzən görürsən ki, faizlər yüksək olduğundan insanlar götürdükləri kreditləri qaytara bilmirlər. Amma bir məsələni də qeyd edim ki, yüksək məbləğli kreditlər asan verilmir. Onlara da müəyyən güzəştlər edilir. Tapşırıqlar verilir. Bununla yanaşı, bütün hallarda krediti götürəndə onu qaytarmağı da düşünmək lazımdır”.
Ayyət Əhməd