Heç bir ölkə terrordan sığortalanmayıb

Millət vəkilinin təklifini ciddiyə almaq lazımdır“Ona görə təhlükəsizlik tədbirləri təxirə salınmadan gücləndirilməlidir”
Milli Məclisin ötən iclasında deputat Elmira Axundova paytaxtda təhlükəsizlik tədbirlərinin səviyyəsindən narazılıq edib. Deputat bildirib ki, ermənilər mübarizə üsulu kimi hər zaman terrora üstünlük veriblər. Bunu nəzərə alaraq təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilməlidir. Millət vəkili Moskva şəhərindəki müşahidələrindən də danışıb:
"Bu yaxınlarda bizi yenə terrorla hədələdilər. Bu, ciddi fakt kimi qəbul edilməlidir. Ciddi qabaqlayıcı tədbirlər də görülməlidir. Hazırda bütün dünya, həm müsəlman, həm xristian aləmi çoxsaylı terror hücumlarına məruz qalır: İraq, Fransa, Belçika, Pakistan hadisələri buna canlı və dəhşətli sübutlardır. Terror hücumlarından ehtiyat edən bir sıra dövlətlər vətəndaşlarının təhlükəsizlik tədbirlərinin səviyyəsini artırıblar. Bayram günlərini mən Rusiyanın paytaxtı Moskva şəhərində keçirmişəm və orada həm teatr və muzeylərə, həm ticarət mərkəzlərinə baş çəkirdim, eyni zamanda metropolitendən də geniş istifadə edirdim.
Onların yüksək təhlükəsizlik tədbirləri məni məmnun etdi. Belə ki, yüzdən çox teatr, yüzlərlə ticarət mərkəzləri və s. olan nəhəng şəhərdə ictimai yerlərdə bütün girişlər metalaxtaran qurğularla təchiz olunub, bundan əlavə xüsusi hazırlanmış şəxslər tərəfindən də hər bir insan və onun əşyaları ciddi yoxlanılır. Düzdür, bu, müəyyən sıxlıq və növbələr yaradır, lakin paytaxtın bütün sakinləri və qonaqları bu məcburi tədbirləri anlayışla qarşılayırlar. Nəticədə gördüyünüz kimi, Rusiyanın paytaxtı və digər şəhərlərində hələ ki, heç bir terror cəhdləri məqsədinə çatmır.
Mən diqqəti Bakıdakı təhlükəsizlik tədbirlərinin səviyyəsinə yönəltmək istəyirəm və tam məsuliyyətlə deyirəm ki, onlar indiki şəraitə heç uyğun deyil, hətta metromuz da. Hələ ki, Allahın ümidinə və hüquq-mühafizə orqanlarının sayıqlığına görə Bakıda sağ-salamat yaşayırıq. Amma bildiyimizə görə, təhlükə hər an var, hətta bu yaxınlarda yenə də xeyli sayda radikal və dini ekstremistlər Azərbaycanın regionlarında aşkar olunaraq saxlanılıb.
Ona görə Bakı Şəhər İcra Hakimiyyətindən mənim israrlı xahişim və təklifim ondan ibarətdir ki, yubanmadan və hər hansı xoşagəlməz hadisələr baş vermədən bu cür qabaqlayıcı tədbirləri həyata keçirməyə başlayaq, ilk növbədə bütün muzey və teatrların, habelə iri ticarət mərkəzlərinin, ali məktəblərin girişlərində metalaxtaran qurğuların yerləşdirilməsi təmin olunsun, bunlar respublikaya gətirilənə qədər isə əhalinin sıx olduğu yerlərin girişlərində mütləq yoxlama məntəqələri aktiv fəaliyyət göstərsin.
Yenə təkrar edirəm ki, heç kəs terror hücumlarından sığortalanmayıb, ələlxüsus ona görə ki, bizim ölkəmiz faktiki olaraq müharibə şəraitində yaşayır. Ona görə təhlükəsizlik tədbirləri təxirə salınmadan gücləndirilməlidir”.
Xatırladaq ki, iki gün öncə "28 Mall” ticarət mərkəzində bomba həyəcanı yaşanmışdı. Naməlum şəxs polisə zəng edərək ticarət mərkəzinə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat vermişdi. Lakin məlumatın yalan olduğu aydınlaşdı və yalan məlumat verən şəxs də tutuldu. Bununla bağlı Daxili İşlər Nazirliyinin rəsmi saytında yer almış məlumatda bildirilir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall” ticarət mərkəzindəki "Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verən Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutularaq istintaq orqanlarına təhvil verilib.
Göründüyü kimi, təhlükə realdır. Bir dəfə yalan çıxan məlumatın, ikinci dəfə real olmayacağına kimsə təminat verə bilməz.
Sıravi bir vətəndaş kimi, metropolitendə müşahidə etdiyim mənzərə də ürəkaçan deyil. Məsələn, ordumuzun cəbhə xəttində əks-hücum əməliyyatları zamanı metrostansiyalarda ciddi təhlükəsizlik tədbirləri həyata keçirilirdi. Nəzarətçi polislər hətta sərnişinlərdən çantalarını açmalarını da xahiş edirdi. Dünən isə bu ciddilikdən əsər-əlamət qalmamışdı. Atəşkəs bərpa olunmuşdu, ona görəmi? Yəni, həqiqətənmi, bizim təhlükəsizlik orqanları belə hesab edir ki, üst təhlükəsizlik tədbirlərinə yalnız döyüş əməliyyatları aparılan zaman ehtiyac var? Düşmənimizin necə məkrli olduğunu ki, bilirik. Bircə anlıq boşluqdan, arxayınlıqdan da istifadə edə biləcəklərini unutmamalıyıq.
İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında millət vəkili Elmira Axundovanın iradlarının ciddiyə alınmalı olduğunu dedi:
- Bir halda ki, deputat təhlükəsizlik tədbirlərində çatışmazlıqlar olduğunu deyir, biz onu inkar etməməliyik, əksinə, bu iradlara çox ciddi yanaşmalıyıq. Xanım deputat Moskva şəhərində olduğunu və apardığı müşahidələr nəticəsində təhlükəsizlik tədbirlərinin əla səviyyədə təşkil edildiyini bildirir. Hamımız bilirik ki, yerləşdiyimiz regionda gərginlikdir. Ümumiyyətlə, bütün dünyada bu dəqiqə terror baş alıb gedir. Təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təşkil edildiyi Avropa ölkələrində də terror aktları törədilir. Bəli, heç kəs, heç bir ölkə terrordan sığortalanmayıb. Ona görə də buna qarşı tədbirlər hər zaman ən yüksək və ciddi səviyyədə təşkil edilməlidir. Azərbaycan faktiki müharibə şəraitindədir, qonşumuzun kimliyi və hansı məkrli məqsədlər güddüyü də məlumdur. Elan olunmasa da, biz faktiki fövqəladə vəziyyətdəyik. Ölkəmizə həm geosiyasi, həm dini ekstremizm baxımından təxribat törədilə bilər. Radikal islamçılar terrora üstünlük verdiklərini gizlətmir. Ermənistan isə zatən həmişə terrorçu dövlət olub. Və həmişə də sadə vətəndaşları, mülki əhalini nişan alıblar. Bakı metropolitenində partlayış törədiblər, sərnişin avtobuslarında. O zaman Rustavi-Gəncə avtobusuna partlayıcı qurğu yerləşdirilməsi nəticəsində kütləvi insan tələfatına səbəb olan partlayışın araşdırılmasında mən də kriminalist kimi iştirak etmişdim. Terrorçular çalışır ki, həmişə insanların sıx olduğu məkanları hədəf alsınlar, çünki belədə itkilər çoxalır. Metropoliten də ən sıx sərnişin olan, insan selinin gur olduğu yerdir. Digər tərəfdən metropoliten yeraltı nəqliyyat vasitəsi olduğundan, insanların evakuasiyası vaxt aparır. Qapalı yerdə olmaq sərnişinlər arasında panikanın, həyəcanın yaranmasına səbəb olur ki, bu da əlavə itkilərə gətirib çıxarır. Çünki həyəcan zamanı sıxlıq yaranır, insanlar istər-istəməz biri-birini itələyir, hamı tez o məkanı tərk etməyə çalışır və belədə insanlar biri-birini itələyir, yıxılanlar, əzilənlər, sıxlığa dözməyib vəfat edənlər olur. Ötən il Həcc ziyarəti zamanı Mina dağındakı insan tələfatını yadınıza salın. Bunları nəzərə alaraq xüsusilə insanların sıx olduğu məkanlarda təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təşkil edilməsinə ciddi ehtiyac var.
İ.Altay metropoliten və insanların sıx toplaşdığı digər məkanlarda xüsusi yoxlayıcı aparatların quraşdırılmasını məsləhət bilir:
- Hamımız bilirik ki, aeroportlarda, sərhəd-keçid məntəqələrində insanlar xüsusi aparatdan keçirilir və hər hansı şübhə yaranırsa, əlavə olaraq xüsusi avadanlıqla təkrar yoxlanılır. Hesab edirəm ki, belə qurğular metropolitendə və ticarət mərkəzlərində, ali və orta məktəblərdə, uşaq bağçalarının önündə də quraşdırılmalıdır. Əgər biz dünyada qəbul olunmuş təhlükəsizlik standartlarını tətbiq ediriksə, əlimizdə olan vasitələrlə kifayətlənməməliyik. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə lazımi qədər vəsait ayrılmalıdır və müasir qurğular təhlükə yarana biləcəyi ehtimal edilən bütün məkanlara yerləşdirilməlidir. Hesab edirəm ki, terrora qarşı mübarizədə ayrıca bir qurumun yaradılmasına da ehtiyac var. Deyə bilərsiniz, DİN, DTX mövcuddur. Onların hərəsinin öz istiqaməti, öz iş prinsipi var. Ayrıca terrora qarşı qurum isə birbaşa təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və işlərin icrası ilə məşğul olsun. Biz bir an da ayıq-sayıqlığımızı itirməməli, imkan verməməliyik ki, bədnam qonşularımız da hansısa boşluqdan yararlana bilsinlər.
Məlahət Rzayeva