Heç kim cərimə oluna bilməz

Parklanma yerləri ilə bağlı deyilənlər şayiədir
“Hələ ki, test işiylə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsi məşğul olur. Onlar hansısa özəl qurumu da bu işə cəlb edə bilərlər. Sürücülərin narahatlığına heç bir əsas yoxdur”



Bakıda avtomobillərin müvəqqəti saxlama dayanacaqlarında nəzarət gücləndirilib.
"Report”un məlumatına görə, bu məqsədlə dayanacaqlarda nəzarətçilərə yeni cihazlar verilib. Bundan sonra ödəniş parkomatlara deyil, parklanma nəzarətçilərinə ediləcək. Yəni ödənişləri nəzarətçilər qəbul edəcəklər. Artıq nəzarətçilər ödənişi qəbul etmək üçün yeni cihazlarla təchiz olunublar. Bu cihaz vasitəsilə dayanacaqda quraşdırılmış parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin fotosu çəkiləcək və sürücülər cərimə ediləcək.

Artıq yeni sistemin paytaxtın bir çox yerlərində işə düşdüyü qeyd olunub.
Avtomobillərin müvəqqəti saxlama dayanacaqlarından birinin adını çəkilməsini istəməyən nəzarətçinin verdiyi məlumata görə, yeni aparat onlara bu gün paylanılıb və bir ay müddətində sınaqdan keçiriləcək: "Bu aparatla parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin şəkli çəkilir, şəkil avtomatik Dövlət Yol Polisinin bazasına göndərilir. Həmin bazada isə sürücülər üçün dayanma-durma qaydalarını pozduğuna görə elektron protokol tərtib edilir”.
Nəzarətçi həmçinin bildirib ki, yeni cihazların verilməsi ödənişə də təsir edib: "Əvvəllər şəhərin müxtəlif küçə və prospektlərində quraşdırılan dayanacaqlara yaxın ərazilərdə çalışan və ya yaşayan şəxslər avtomobillərini dayanacaqda saxlamaq üçün bir gün ərzində 1 manat ödəniş edirdilər. Çünki səhər saat 9-dan axşam saat 18-ə qədər avtomobilini dayanacaqda saxlayan sürücü hər saat üçün 0.50 AZN ödəniş etsə, gərək gün ərzində dayanacaqda 4-5 manat pul xərcləsin. Ona görə də dayanacaqlara yaxın ərazilərdə yaşayan və işləyən sürücülərə güzəşt olunurdu. İndi isə deyiblər ki, artıq güzəşt olmayacaq. Hər kəs bir saat üçün 50 qəpik ödəniş etməlidir. Ödəniş etməyən sürücülərin avtomobillərinin şəkilləri çəkiləcək və sürücülər cərimələnəcək”.
Ancaq sürücülərin əksəriyyəti parkomatların yeni cihazlarla əvəzlənməsi barədə ətraflı məlumata malik deyillər. Sadəcə bildikləri odur ki, ödəniş qiymətlərində heç bir dəyişiklik yoxdur. Həmçinin, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürür və buna görə heç bir güzəşt olunmur.
Burada isə bir sıra suallar yaranır. Əgər sürücü dayanacaqdan maşını çıxartdığı zaman nəzarətçi ərazidə olmasa, o, pulu ödəyə bilməyəcək. Belə olan halda isə sürücüyə cərimə yazıla bilər.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov yeni aparatlar barədə məlumatsız olduğunu bildirib: "Mən bilmirəm söhbət hansı aparatlardan gedir. Ümumiyyətlə, əgər belə aparat olsa da, sürücülər barədə elektron protokol tərtib oluna bilməz. Sürücü ödəniş etmirsə, onu hansı maddə ilə cərimə etmək olar?!”
Bakı Nəqliyyat Agentliyindən isə deyiblər ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdirlər. Bakı Şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığını bildiriblər.

Maraqlıdır, bir neçə il əvvəl Bakının mərkəzi küçə və prospektlərinə milyonlarla manat hesabına quraşdırılan parkomatların taleyi necə olacaq?

Yol təhlükəsizliyi məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə "Şərq”ə açıqlamasında parklanma yerləri ilə bağlı yazılanların şayiə olduğunu deyib: "Guya, parkomatlar ləğv olunur və s. Belə deyil və ola da bilməz.

"Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsi və İXM-nin 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və bu qaydaları pozanların cərimələnməsi qaydasını müəyyən edir. Qanunun tələbinə əsasən, parklanma yerlərində DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan foto və ya video qeydiyyat funksiyalı xüsusi texniki vasitə olmalıdır. Həmin vasitə avtomobilin parklanma yerinə gəlmə vaxtını, onun nömrəsini, ödəniş edilib-edilmədiyini, orada qalma müddətini qeydə alıb real vaxt rejimində (on-line) DYP-yə ötürməlidir. Hazırda Bakının bəzi yerlərində parklanma yerlərində nəzarətçilərin əlindəki qurğunun nə DYP-yə inteqrasiyası, nə də qeyd olunan funksiyalarının hamısı var. Deməli, bu qurğular və onlardan istifadə qanunvericiliyin tələbinə uyğun deyil”.
Ekspertin sözlərinə görə, parklanma yerlərində belə tələblərə cavab verən parkomat və ya başqa qurğu olsa da, onların hazırda qanunda göstərilən qaydada tətbiqi mümkün deyil. "Çünki Nazirlər Kabineti parklanma yerlərinin təşkili və istifadəsi qaydalarını, eləcə də parklanma yerlərinin siyahısını müəyyən etməlidir. Həmçinin NK və ya Tarif Şurası parklanma yerlərindən istifadə haqqını müəyyən etməlidir.
Nazirlər Kabineti parklanma yerləri yaxınlığında yaşayan sakinlər üçün ödənişsiz parklanma talonunun verilməsi qaydalarını müəyyən etməlidir. Bunların da hələ heç biri yoxdursa, deməli, cərimə yazmaq olmaz. Hazırda görünən o qurğular isə test rejimindədir. Qanuna əsasən bütün parklanma təsərrüfatı hazırda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. 2 aprel 2018-ci il Fərmanına əsasən Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Məncə, bu təhvil-təslim başa çatdırılanadək parklanma yerləri ilə bağlı hər hansı bir yenilik olmayacaq. Beləliklə, parklanma yerləri ilə bağlı yayılan bütün məlumatlar, xüsusən parkomatların ləğv edilməsi, yeni cərimələr və s. haqqında söhbətlər qanunvericiliyə uyğun deyil və əsassızdır. Dövlət Yol Polisi də rəsmi şəkildə bildirir ki, bu məsələlərdən xəbəri yoxdur. Belə başa düşdüm ki, hələ ki, test işiylə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsi məşğul olur. Onlar hansısa özəl qurumu da bu işə cəlb edə bilərlər. Sürücülərin narahatlığına heç bir əsas yoxdur”.

Bununla belə Ə.Hüseynov gələcəkdə parkomatlara da ehtiyac qalmamasını istisna etmir. Onun sözlərinə görə, həmin parkomatlar çox böyük istismar xərcləri tələb edir. Hazırkı durumda isə onlar özünü doğrultmayacaq. Gələcəkdə bu sistemi təkmilləşdirmək lazımdır.

Şəymən