Nailə Mirməmmədli: “Maliyyə böhranı bizim sahəyə də təsirini göstərib”
“Problem odur ki, 5-6 sənətkarımız qalıb, onlara diqqət yetirək. Verilişlərə onları dəvət edək, onlardan nə isə öyrənməyə çalışaq”
Azərbaycan səhnəsində musiqi boşluğu hiss olunmağa başlayır. Söhbət professional bəstəkar musiqilərindən gedir. Son illər sanki səhnədə olan ən professional müğənnilərin belə musiqi sandığında kasıblıq hiss olunur. Səhnədə niyə yeni bəstəkar mahnılarına az rast gəlinir? Suallarımızı bəstəkar Nailə Mirməmmədli cavablandırdı.
- Son vaxtlar səhnədə musiqi boşluğu yaranıb. Müğənnilərimiz repertuarlarındakı o boşluğu sanki retro musiqilərə müraciət etməklə doldurmağa çalışırlar.
- Bu, əsasən devalvasiya ilə bağlıdır. Maliyyə böhranı bizim sahəyə də təsirini göstərib. Heç kim mahnıya pul xərcləmək istəmir. Yaxşı mahnının ərsəyə gəlməsi üçün vəsait lazımdı. Buna da hər sənətçi risk etmir.
- Müğənni pul xərcləmək istəmir deyə retro musiqilərə müraciət çoxalıb, ya bəziləri bayağı olmasın deyə retro musiqilərə üstünlük verirlər?
- Retro musiqilərə hər zaman tələbat olub. Elə musiqilər var ki, heç vaxt dəbdən düşmür. Bu musiqilər həmişə tələbatlı sayılır. Amma qaldı pul xərcləməməyə, indi müğənnilər yeni mahnı üçün pul tökməyə ehtiyac görmürlər. Bəziləri sizin dediyiniz kimi bayağı musiqi oxumaq istəmir, yeni bəstəkar mahnısına da pul vermək istəmir. Ona görə bəlkə retro musiqilərə müraciət dediyiniz kimi ən rahat çözüm yolu sayıla bilir. Müğənnilər pul kisələrinə istirahət verirlər son illər.
- Müğənnilər bu gün xəsislik edib kisələrinə istirahət verməklə səhnədə bayağılığa yer çoxalır.
- Mənə elə gəlir ki, bu, keçid dövrüdür. Bunlar bir müddət sonra həllini tapar. Təbii ki, belə davam edə bilməz. Yaxşı bəstəkar mahnılarına isə həmişə ehtiyac hiss olunur. Bu bəlkə böyük problem deyil. Problem odur ki, 5-6 sənətkarımız qalıb, onlara diqqət yetirək. Verilişlərə onları dəvət edək, onlardan nə isə öyrənməyə çalışaq. Sənətkarlar ruhdan düşüblər. Mətbuat, televiziya onları həvəsləndirməlidir. Maraqlı verilişlər, layihələr hazırlamaq lazımdır ki, Azərbaycan səhnəsinə yuxudan oyansın. Verilişi elə hazırlamaq lazımdır ki, müğənni o verilişə gəlmək üçün hazırlaşsın, məsuliyyət hiss etsin. Müğənni həmin verilişlərə gəlmək, orada çıxış etmək üçün yeni mahnı yazmağa, ifa etməyə məcbur qalsın. Yoxsa bu gün bir disk götürüb verilişə gəlirlər, müğənni o diski oxuyur, təqdim etdiyi musiqi də bayağıdı. Ancaq toy tutmağı düşünür. Səhnə palatka deyil. Səhnə mədəniyyətin ən müqəddəs təbliğat məkanıdı. Bundan düzgün istifadə etməsək, təbii ki, kütlə zövqünün səviyyəsinə enməyə başlayarıq.
- Əvvəllər sizə mahnı üçün müraciət edənlər çox idi. Deyirsiz keçid dönəmidi. Sizə də müraciət edənlər azalıb?
- Yenə deyirəm, kənardan bəlkə elə görünür ki, yeni mahnılar yazmıram. Amma müxtəlif layihələr üçün mahnılar hazırlamışam. Yetərincə yeni bəstələrim var. Sadəcə, bu mahnıların səhnədə təqdimatı üçün maliyyə lazımdı. Bir də bəlli bir kontingent var. Bu kontingent nə oxusa, deyəcəklər ki, yaxşıdı. Bəzən verilişlərin formatı o qədər bəsit hazırlanır ki, orda oturan tamaşaçı istəmədən qonağın ifası üçün əl çalmaq məcburiyyətində qalır. Bütün problemlərin başında isə mənə elə gəlir əsas da maliyyə böhranı dayanır. Səhnədə boşluq var əslində.
Sadəcə bu boşluğu sizin kimi peşəkar mətbuat nümayəndələri hiss edə bilir. Amma çox təəssüf, bunu kütlə o qədər hiss etmir. Amma bugünki xaos belə davam edə bilməz. Kütlənin arxasınca getmək uçuruma getmək deməkdi. Mədəniyyət sahəsində bir fırtına qopmalıdı ki, bu bayağı tozlar təmizlənsin, yatanlar oyansın, sənət naminə işlər meydana qoyulsun. Çox təəssüf ki, sənətə bir laqeydlik yaranıb. Sənətçilərin özündə bir məsuliyyətsizlik var. Hamı toyu düşünür. Hamı oxuduğunu toy bazarı üçün hazırlayır. Repertuar toy bazarına köklənib.
Axı toy sənət deyil. Sən toyda sənət göstərə bilməzsən. Əlinə düşən efir imkanını, heç olmasa, düzgün dəyərləndir ki, tamaşaçıya ciddi bəstəkar musiqiləri təqdim edə biləsən. Mənə elə gəlir ki, bayağı musiqilərə marağın bir səbəbkarı da televiziyalardı. Televiziyalarda bədii şura olmayana qədər efirlərimiz toyu xatırladacaq.
Tahirə