Almurad Əliyev azadlığa buraxılan iş adamı ilə görüşəcək
Sabiq prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevi aldadaraq pulunu mənimsəyən iş adamı Ələkbər Hüseynov azadlığa buraxılıb.
Məlumata görə, ötən ayın 20-də Yasamal polisi tərəfindən saxlanılan Ə.Hüseynovun apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov Ə.Hüseynov
barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında təqdimatı rədd edərək, onu sərbəct buraxıb. Zərərçəkmiş Müzəffər Məmmədlinin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov bildirib ki, Ə.Hüseynovu himayə edən şəxslər onu məsuliyyətdən yayındırmağa çalışırlar: "Lakin bu, mümkün olmayacaq. Həmçinin hər iki hakimin barəsində Məhkəmə Hüquq Şurasına müraciət ediləcək”. Məlumat üçün bildirək ki, iş adamı Ə.Hüseynov Bakıda çoxmərtəbəli bina inşa edən sahibkarlardan biridir. O, mərhum prezident Heydər Əliyev tərəfindən Ə. Elçibəyin qardaşı A.Əliyevə hədiyyə edilmiş torpaq sahəsini M.Məmmədlinin (Almurad Əliyevin qohumu) etibarından sui-istifadə edərək alıb və ona vəd edilmiş əmlakları bir neçə adama satıb. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanan Ələkbər Hüseynov bir müddət istintaqdan yayınmağa nail olsa da, mayın 20-də Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasova prokurorluğun Ələkbər Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilməsinə dair təqdimatını rədd edərək, mayın 22-də onu azadlığa buraxıb. Lakin Yasamal Rayon Prokurorluğu tərəfindən İ.Abbasovanın qərarı əsassız hesab edilib və ləğv edilməsi ilə bağlı protest verilib. Lakin bu günlərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov Ə.Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı Yasamal Rayon Prokurorluğunun təqdimatını rədd edərək iş adamını azadlığa buraxıb.
Məsələyə kəskin reaksiya verən Almurad Əliyev "Şərq”ə açıqlamasında qeyd edib ki, pulunun yeyilməsinə heç bir halda imkan verməyəcək: "Heç kim mənim pulumu mənimsəyə bilməz. Axı heç kimin mal-mülkündə gözüm olmayıb. Düzdü, deyirlər ki, hissə-hissə də olsa həmin vəsaiti qaytaracaq. Yenidən məhkəməyə müraciət etmək istəmirəm. Məhkəmə ilə nə işim var? Amma sabah axşam Ə.Hüseynovla görüşəcəm. Görüm nə məsələdi. Bir daha qeyd edirəm ki, heç kim mənim pulumu yeyə bilməz. Buna imkan vermərəm”.
Ayyət Əhməd