İkinci versiya odur ki, Rusiya sanksiyaların ölkəni həqiqətən çökdürdüyünün fərqinə vararaq ABŞ-a qarşı əks hücuma keçəcək
“Heç kim xeyir gözləməsin”
Elman Nəsirov: “Rusiyaya qarşı sanksiyalar indiki dövrdə beynəlxalq gərginliyi daha da artıracaq”
İkinci versiya odur ki, Rusiya sanksiyaların ölkəni həqiqətən çökdürdüyünün fərqinə vararaq ABŞ-a qarşı əks hücuma keçəcək
İkinci versiya odur ki, Rusiya sanksiyaların ölkəni həqiqətən çökdürdüyünün fərqinə vararaq ABŞ-a qarşı əks hücuma keçəcək
ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb. Lakin Tramp qanunu könülsüz imzaladığını bəyan edib və sanksiyaları pisləyib. Prezident bildirib ki, qanunda ciddi nöqsanlar var: "Rusiya, İran və Şimali Koreyanın aqressiv və dağıdıcı hərəkətlərinə qarşı sərt tədbirləri dəstəkləsəm də, qanunda ciddi nöqsanlar mövcuddur.
İlk növbədə ona görə ki, sənəd icra hakimiyyətinin danışıqlar aparmaq hüququnu məhdudlaşdırır. Bu isə ABŞ xalqının rifahına yönələn sazişlərin bağlanmasını mürəkkəbləşdirəcək, Çin, Rusiya və Şimali Koreyanı isə biri-birinə yaxınlaşdıracaq”. Tramp həmçinin, Konqresin dövlət başçısının sanksiyaları aradan qaldırmaq hüququndan məhrum edilməsinə dair qərarını da pisləyib. Rusiyanın Xarici İşlər Nazirliyi sanksiyalar haqqında qanunun imzalanmasını sərt şəkildə tənqid edib. Nazirlik bildirib ki, Amerikanın dardüşüncəli və təhlükəli siyasətləri beynəlxalq sabitliyi təhlükəyə salıb: "Amerikanın ədavətli addımları cavabsız qalmayacaq”. Sanksiyalarla bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, qanunun təsdiq edilməsi tərəflər arasında münasibəti daha da gərginləşdirəcək. Professorun sözlərinə görə, iki super gücün gərginliyi sadəcə onları deyil, bütün dünya ölkələrini narahat edir...
- ABŞ-ın Rusiya başda olmaqla İran və Çin kimi ölkələrə yeni sanksiyalar tətbiq etməsini necə dəyərləndirirsiz?
- Sanksiyalar onsuz da mürəkkəb olan dünyada, xüsusən, təhlükəsizlik sahəsində ciddi boşluqların olduğu dövrdə beynəlxalq gərginliyi daha da artıracaq. Söhbət sadəcə ABŞ və Rusiya arasındakı mənfi münasibətlərdən getmir. Dünyanın nüvə silahına sahib iki nəhəng dövlətin qarşıdurması bəşəriyyət üçün yaxşı heç nə vəd edə bilməz. Təkcə bir fakt söyləmək kifayətdir. Dünyadakı bütün nüvə başlıqlarının 95 faizi bu iki ölkənin əlində cəmləşib. Qalan 5 faiz isə Böyük Britaniya, Fransa, İsrail, Çin, Hindistan, Pakistan və Şimali Koreyanın əlindədir. Bir daha vurğulayıram ki, Vaşinqton-Moskva münasibətlərinin pisləşməsinin yalnız acı nəticələri olacaq. Bu cür qarşıdurmadan heç kim xeyir gözləməsin.
- Tramp sənədə məcburi imza atdığını dedi və qanun layihəsini pislədi. ABŞ rəhbərini narahat edən amillər nədir?
- Trampın bu məsələdə mövqeyi anlaşılandır. ABŞ Prezidenti çox gözəl dərk edir ki, Rusiyaya, İrana və Çinə qarşı eyni mərkəzdən gələn sanksiyalar həmin ölkələri Ağ Evə qarşı birləşdirəcək. İndiki qanun layihəsi ABŞ-a qarşı koalisiya yaradılmasına münbit şərait yaradır. Şübhəsiz ki, yeni düşmənlərin qazanılması Amerikanın milli maraqlarına uyğun gəlmir. Konqresdə vəziyyət elədir ki, təkcə Demokratlar deyil, hətta Respublikaçılar da Rusiyaya qarşı sanksiyalar rejimini dəstəkləyirlər. Yəni, Prezident veto qoymağa çalışsa belə Konqresdəki üçdə iki səs çoxluğu məsələni həll edəcək. Bütün bunların, xüsusən seçki kampaniyası ərəfəsində "Rusiyadan dəstək alır” şəklindəki ittihamların fonunda Trampın geri çəkilməsi və həmin sanksiyaları müdafiə etməsi ağlabatan idi.
- Rusiya rəhbərliyi adekvat addımların atılacağını söylədi. Sizcə, Kremlin planları nədir?
- Rusiya mövcud imkanlarından, resurslarından və potensialından istifadə edərək ciddi addımlar atmağa çalışacaq. Yəni birbaşa ABŞ-ın milli maraqlarına zidd olan addımlara üstünlük verəcək. Vaşinqtonun addımlarına Moskvanın məhz düşmənin dili ilə cavab vermək niyyətində olması prosesləri kəskinləşdirən əsas amil olacaq. Lakin tərəflər anlamalıdır ki, indiki reallıqda gərginliyi yalnız kompramislər, güzəştlər, danışıqlar yolu ilə çözmək mümkündür. Qarşıdurmanın dərinləşməsi nə Rusiyanın geri addım atmasına səbəb olacaq, nə də ABŞ-a xeyir gətirəcək.
- Belə çıxır ki, iqtisadi böhran dərinləşdikcə, Rusiya nəinki Krımdan, Donbasdan vaz keçəcək, əksinə, hücum taktikasını seçəcək?
- Hadisələrin inkişafını iki istiqamətdə proqnozlaşdırmaq olar. Birinci versiya ondan ibarətdir ki, Moskvaya qarşı genişlənməkdə olan sanksiyalar onsuz da ağır durumda olan Rusiyanı daha pis vəziyyətə salacaq. Hətta ölkədə kasıbçılığın artması əhalinin hakimiyyətə qarşı çıxmasına səbəb ola bilər. Düzdür, indidən bunu iddia etmək çətindir. Ona görə ki, rusların iqtisadi durumu nə qədər çətinləşsə də, hökumət bunun səbəbini ABŞ və Qərb dünyasının Moskvaya qarşı qərəzli münasibəti ilə açıqlayır və əhalini ələ alır. Sadə rus vətəndaşı dözümlü davranmağı daha məqsədəuyğun sayır və hökuməti suçlamır. Lakin vəziyyət dözülməz hala çatanda əhalinin səbri tükənəcək. İkinci versiya isə odur ki, Rusiya sanksiyaların ölkəni həqiqətən çökdürdüyünün fərqinə vararaq ABŞ-a qarşı əks hücuma keçəcək. Putin tərəfindən verilən ilkin açıqlamalar da bu yöndədir. Rusiya müxtəlif bölgələrdə Amerikanın maraqlarına zidd olan yeni gərginlik ocaqları yarada bilər. Hadisələr daha ağır ssenarilər üzrə inkişaf edər. Əgər Rusiya hakimiyyəti anlasa ki, sanksiyaların çoxalması əhalinin hökumətə qarşı itaətsizliyinə gətirib çıxaracaq, bunun qarşısını almaq üçün Qərbi razı salacaq müəyyən güzəştlər edə bilər. Ən azından Donbas məsələsində kompramisə getmək mümkündür.
- Maraqlıdır ki, Avropa ölkələri də sanksiyaları uzatmağın əleyhinədirlər. Bu sadəcə qitənin enerji təminatı ilə bağlıdır, yoxsa başqa siyasi məqamlar da var?
- Avropanın enerji təhlükəsizliyi mühüm amildir. Avropa qaz təchizatının 40 faizdən çoxunu Rusiyanın hesabına ödəyir. Bir neçə il bundan qabaq Avropanın 500 milyard kubmetr enerjiyə olan ehtiyacının təxminən 150 milyard kubmetrini Moskva ödəyirdi. İndi bu rəqəm 131 milyard kubmetrə düşüb. Çünki Avropa ölkələri əlavə qaz mənbələri tapıblar. 131 milyard kubmetr əslində çox ciddi rəqəmdir və Rusiya enerji təhlükəsizliyi ilə bağlı Avropanı təhdid edə bilər. ABŞ okeanın o tayında olduğu üçün ona təsir imkanları məhduddur. Amma coğrafi baxımdan Rusiyaya yaxın olan Avropa ölkələri Moskvanın sərt addımlarından "pay” ala bilər. Xüsusən, Şərqi Avropa ölkələri hər zaman Moskvanın təsir dairəsi altındadır. Çünki onlar keçmiş sosialist ölkələridir. Avropanın narahatlığına səbəb budur. Yəni söhbət sadəcə enerji təhlükəsizliyindən yox, bütövlükdə qitənin təhlükəsizliyindən gedir.
İsmayıl