Həcc ziyarəti bir nəfərə 7600 manata başa gələcək

İlahiyyatçı bu vəziyyətin gözlənilən olduğunu bildirib




Dollar ekvivalentindəki kəskin bahalaşma bir çox sahələrdə olduğu kimi, Həcc ziyarəti üçün də təsirsiz ötüşməyib. Artıq bu ildən etibarən ziyarət zəvvarlara 7600 manata başa gələcək. Olduqca dəhşətli bir rəqəmdir. Buna rəğmən o pulu verib bu il Həcc ziyarətinə gedənlər yenə tapılacaq.

Çünki bəzilərinin sırf ad qazanmaq və özlərini reklam etmək üçün Həccə getmələri istisna deyil. Elə insan var ki, 20 dəfə Həccə gedir. Hər il Həccə getməyi özünə borc bilənlər mövcuddur. Həccə getməyi günahlarının yuyulması kimi dəyərləndirənlər Allah qarşısında paklandıqlarını düşünürlər. Lakin, mənəvi cəhətdən dəyişən heç nə yoxdur. Hər şey olduğu kimi qalır, yenə haram yolla qazanılmış pullar və yetim malına sahiblənmək davam edir. Şübhəsiz ki, belə hallar da ictimaiyyətimizdə mənfi rezonanslar doğurur.

Ətrafımızda o qədər problemi olan insanlar varsa, ölkəmiz ciddi bir işğalla üz-üzədirsə, əlimizdə olan imkanları bu problemlərə yönəldib hər il Həccə getmək çoxmu önəmlidir? Daha da maraqlısı, maddi imkanı olmayanların bu ziyarət üçün necə deyərlər, dəridən-qabıqdan çıxmasıdır. Bəs borc altına girib banklardan kredit götürərək Həccə getmək nə dərəcədə məqbul sayılır?

Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında dindən reklam kimi istifadə edənləri münafiq adlandırıb. Onun sözlərinə görə, Həcc ziyarətini göstəriş üçün edənlər bu dünyada istədiklərinə nail olsalar da, o biri dünyada qazanacaqları heç nə olmayacaq: 

"Quranda dindən sui-istifadə edənlərlə bağlı Allahın da kəskin xəbərdarlığı var. Əsas odur ki, niyyət və məqsəd təmiz olsun”.

İlahiyyatçı, həmçinin bu il Həcc ziyarəti üçün nəzərdə tutulan maddi vəsaitin yüksək olma səbəblərinə aydınlıq gətirib:

"Bildiyiniz kimi hər yerdə dollar məzənnəsinin mütəmadi olaraq yuxarı qalxması, Səudiyyə Ərəbistanının gördüyü bəzi tədbirlər qiymətlərlə zəncirvari olan məsələlərdir. Bu günləri Həccə gedənlərin sayı da kəskin şəkildə azalıb. Qiymətlər dollarla olduğu üçün başa düşüləndir. Əslində burda təəccüblənəcək bir şey yoxdur”.

Yeganə Bayramova