Hədəflərinə çatdı, Rusiya qoşunları Suriyadan çıxır

ABŞ Putinin qərarını təəccüblə qarşıladı, ancaq nəticə barədə danışmağa tələsmir





Rusiya Prezidenti Vladimir Putin Suriyadakı hərbi qoşunların çıxarılması haqda xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyquya tapşırıq verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Suriya Prezidenti Bəşər Əsədlə telefonla danışıb Rusiya hərbi qüvvələrinin yerdəyişməsi barədə qəbul olunmuş qərarı razılaşdırıb. Artıq göstərişə əsasən Rusiya hərbi qrupunun Suriyadakı şəxsi heyəti geri dönüş hazırlığına başlayıb. Hərbi avadanlıqlar və maddi-texniki vəsaitlər nəqliyyat aviasiyasının təyyarələrinə yüklənilib.

Putinin Suriya qərarı ABŞ üçün sürpriz olub

Rusiya qoşunlarının Suriyadan çıxarılması qərarı Ağ Ev rəsmilərini xeyli təəccübləndirib. "Politico” nəşrinin yazdığına görə, ABŞ hökumətinin nümayəndəsi Coş Ernest brifinq zamanı Putinin gözlənilməz qərarını şərh etməkdən yayınıb və "yaxın vaxtda məsələ ilə bağlı bütün məlumatları toplayacağıq və bəyanat verəcəyik” deməklə kifayətlənib.

"Putin qərarla bağlı Qərblə danışmayıb”

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin hərbi qulluqçuları Suriyadan çıxarma qərarı Qərb həmkarları ilə müzakirə mövzusu olmayıb: "Qərar rus hərbi kontingentinin Suriyadakı fəaliyyətinin nəticələri diqqətə alınaraq Rusiya Prezidenti və baş komandan tərəfindən qəbul olunub”.

Peskovun sözlərinə görə, Putin Suriyada keçirilən hərbi əməliyyatların statistikasını nəzərə alaraq "qarşıya qoyulan əsas hədəflərin yerinə yetirildiyini” deyib və belə bir qərar alıb.

"Rusiya S-400 zenit-raket komplekslərini Suriyadan çıxarmayacaq”

Rusiya Prezidenti administrasiyasının başçısı Sergey İvanov jurnalistlərlə görüşdə deyib ki, zenit kompleksləri Suriyada qalan təyyarələri effektli qorumaq üçün lazım olacaq: "Zenit komplekslərindən əlavə bazada dəniz və qurudan gələcək təhlükələrə qarşı müdafiə vasitələri qalacaq. S-400 kompleksləri dünyanın ən müasir HHM sistemlərindən biri sayılır”. Xatırladaq ki, zenit-raket kompleksləri türk "F-16”-nın rus "Su-24” bombardmançısını vurmasından sonra Suriyaya yerləşdirilmişdi.

"İndi gözləməliyik”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya qoşunlarının Suriyadan çıxarılmasını müsbət əlamət adlandırıb: "Rusiyanın öz qoşunlarının bir hissəsini geri çəkməsi onların atəşkəsi qorumaq məqsədilə güc tətbiqindən yayındıqlarını göstərir. Bu, özü-özlüyündə müsbət addımdır. İndi gözləməli və nə olacağına baxmalıyıq. Ümid edirik ki, sonrakı proseslər yaxşı olacaq”.

Stratfor: "Putin Suriyada bütün hədəflərinə nail oldu”

Qərarın Cenevrədə baş tutacaq danışıqlarla üst-üstə düşməsi Suriyanın gələcəyi ilə bağlı prosesdə razılaşmanın əldə olunması anlamına gələ bilər. Bu barədə ABŞ kəşfiyyatının kölgəsi kimi tanınan "Stratfor” Qlobal Analitik Mərkəzinin yaydığı məlumatda bildirilib. "Stratfor”un fikrincə, Rusiya ümumilikdə Suriya kampaniyası başlayandan bəri öz qarşısına qoyduğu bütün hədəflərə nail olub: "Birincisi, Rusiyanın əməliyyatları sayəsində Suriya hökuməti öz mövqelərini və nüfuzunu möhkəmləndirib. İkincisi, Moskva bütün dünyaya gücləndirilmiş hərbi

imkanlarını nümayiş etdirib. Daha əvvəl istifadə etmədiyi silahları sınaqdan keçirib. Üçüncüsü, Moskva İŞİD terror təşkilatı ilə mübarizəyə öz töhfəsini verib”.

"Rusiyanın məqsədi İŞİD-lə mübarizə deyildi”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov isə bildirib ki, Rusiyanın əsl məqsədi Suriyada mövcud rejimin hakimiyyətdə qalmasını təmin etməkdir: "Rusiya Prezidenti Vladimir Putinin Rusiya qoşunlarının Suriyadan çıxarılmasının başlandığını bəyan etməsi göstərir ki, onun məqsədi hələ də öz mövqe və infrastrukturunu qoruyub saxlayan İŞİD-lə mübarizə yox, Əsəd rejiminin stabilliyinin təmin edilməsidir. Putin ona müxalif olan qərbyönlü və türkiyəyönümlü müxalifətin darmadağın edilməsinə çalışır. Hərçənd, bu niyyət elə əvvəllər də bizə bəlli olub”.

"Rus hökuməti Suriyaya yersiz müdaxilə etməklə Türkiyə kimi güclü müttəfiqini itirdi”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bəyan edib ki, Putin "biz məqsədimizə çatdıq” desə də, faktlar bunun əksini göstərir: "Birincisi, Putin Suriyada İŞİD terroruna son qoya bilmədi. Halbuki, Rusiyanın Suriyaya müdaxiləsinin başlıca səbəbi məhz bu amillə bağlı idi. İkincisi, Rusiyanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin mövqeyini gücləndirmədi. Əksinə Əsəd ölkəsinin torpaq bütövlüyünü itirmiş vəziyyətdədir və artıq söhbət bu ölkənin bir neçə hissəyə bölünməsindən gedir. Putinin Suriyaya hərbi müdaxiləsində Rusiya üçün ən böyük itki strateji tərəfdaşı Türkiyə ilə münasibətlərin korlaması oldu. Digər tərəfdən rus təyyarələrinin bombardmanları zamanı xeyli mülki insan qətlə yetirildi. Beynəlxalq aləm bunu heç zaman unutmayacaq”.

"Rusiya qoşunları Suriyada demək olar ki, heç bir məqsədə nail ola bilmədi”

Politoloq İlqar Vəlizadə bildirib ki, Rusiya Suriyadan qoşunları çıxarma prosesinə daha əvvəldən başlayıb. Əldə olunan atəşkəs razılığı isə bu prosesi sürətləndirib: "Atəşkəs razılığında göstərilmişdi ki, qoşunların rahat şəkildə ölkədən çıxarılması üçün şərait yaradılsın. Təbii ki, burada başqa səbəblər də var. Son bir həftədə Rusiya hava qüvvələri Suriyanın şimalını bombardman edirdi və çoxsaylı insanlar tələf oldu. Gərgin durum müsəlman ölkələrini, xüsusən Birləşmiş Ərəb Əmirliklərini çox ciddi narahat etdi. Bu isə Rusiya ilə ərəb ölkələri arasındakı münasibətlərin birdəfəlik kəsilməsi ilə nəticələnə bilərdi. Həmçinin bir çox geosiyasi hadisələrə gətirib çıxarardı. Onsuz da Rusiyanın Türkiyə ilə, Qərblə yetəri qədər problemi var, yeni problemlərin yaranmasını yəqin ki, istəməz. Hətta son vaxtlar Rusiya-İran münasibətlərinin yaxşılaşmasından sonra Prezident Həsən Ruhani bildirmişdi ki, Rusiyanı bir çox məsələlərdə dəstəkləsələr də, Suriyanı bombalamasına heç də yaxşı baxmırlar”. İlqar Vəlizadə xatırladıb ki, rus ordusunun Suriyada qalması Bəşər Əsədə xeyir vermir: "Rusiya qoşunlarının Suriyada qalması həmçinin onlara maddi tərəfdən çox ziyan vurdu. Putin bunu başa düşüb qoşunları oradan çıxarmaq göstərişi verib”.

İsmayıl