Həkimdən sərt AÇIQLAMA: “1 il kurs keçir və özünü estetik cərrah adlandırır”

Şəmsiyyə Namazlı: “Təəssüf ki, tibb üzrə təhsil almayanlar, anatomiyadan, fiziologiyadan xəbəri olmayanlar kosmetoloq və estetik cərrah adı ilə fəaliyyət göstərirlər”
"Reklamların güclü getdiyi bir dövrdə yaşayırıq. Özlərini həkim adlandıranlar müəyyən ödəniş edirlər və efirlərə çıxırlar”.
Bu sözləri "Sherg.az”a açıqlamasında həkim Şəmsiyyə Namazlı deyib.
Onun sözlərinə görə, hətta efirə çıxan həkimlər arasında yanlış məlumatlar verənlər də var:
"Təəssüf ki, tibb üzrə təhsil almayanlar, anatomiyadan, fiziologiyadan xəbəri olmayanlar kosmetoloq və estetik cərrah adı ilə fəaliyyət göstərirlər. Estetik cərrahlar ixtisaslaşma prosedurınlardan keçdikdən sonra fəaliyyət göstərməlidirlər. Kosmetologiya da bir sənətdir. Kosmetoloq ilk növbədə insanın ümumi bioloji tarazlıq sistemini bilməlidir. 
Həkim dolğular üçün istifadə etdiyi maddələrin kimyəvi quruluşunun və tərkibinin nədən ibarət olduğunu öyrənməlidir. Millət olaraq hər kəs ucuz prosedurlara üz tutur. Təbii ki, bu zaman kimyəvi maddələrdən necə gəldi istifadə edirlər. Burada həm pasiyentin, həm də həkimin səhvi var. Bu gün insanlar bu prosedurları su içmək kimi qəbul edirlər. Amma başa düşmürlər ki, söhbət insan həyatından gedir.
Kimsə gedib 1 il hansısa kurslardan keçir və gəlib özünü estetik cərrah adlandırır. Başa düşmürlər ki, estetik əməliyyatlar, kosmetoloji prosedurlar böyük elmdir. Bununla hər kəs məşğul ola bilməz. Həkim tanıyıram ki, insanın üz sinirinin şaxələnmə sturukturunu bilmir. Bütün bunların nəticəsində faciəvi hallar baş verir.
Ola bilər ki, həkim peşəkarlığı və əməliyyatlar yüksək səviyyədədir. Amma əməliyyatların müəyyən fəsadları olduğu üçün də ölüm halı baş verə bilər. Lakin bu hallar çoxluq təşkil etmir”.
Qeyd edək ki, bu günlərdə gənc qız regionların birində burnuna filler dolğu etdirmək üçün kosmetoloq müraciət edib. Lakin sonradan qızın burnunda qaralmalar meydana çıxıb və çürüməyə başlayıb. Ötən gün isə gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib. Qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.
Yeganə Bayramova