Həkimi “reket” jurnalistlər incidir
Xaqani Quliyev Mətbuat Şurasından xahiş edir ki, ölçü götürülsün
Loğman olmaq şərəflidir. Yəni xəstələri sağaltmaq, onların ömür yoluna işıq saçmaq həm şərəfli, həm də məsuliyyətli bir peşədir. Ona görə də bəzən həkimləri peyğəmbərlərlə bir səviyyədə tuturlar. Çünki onlar Allahdan sonra yerdə canlıya can verən, onun ölməyinə imkan verməyən, mərəzinə, dərdinə çarə tapan şəxsiyyət həkimlərdir. İnsanlar bəzən ən doğmalarını, qanlarından, canlarından əziz olanları heç kimə etibar etməsələr də, həkimlərə etibar etməkdən çəkinmirlər.
Təbii ki, söhbət həkim peşəsinə dəyər verən, Hippokrat andını içərkən bu anda sadiq olan, savadı ilə yanaşı, insani dəyərlərə önəm verən, mənəviyyatı maddiyyatdan üstün tutan, xəstələri arasında durumundan, statusundan, tutduğu mövqeyindən asılı olmayaraq hər kəsə eyni diqqət və məsuliyyətlə yanaşan həkimlərdən gedir. Məsuliyyət demişkən, həkim bütün bu sadaladığımız keyfiyyətləri özündə birləşdirməklə yanaşı, həm də məsuliyyət sahibidir. Çünki ona özünü, sağlamlığını etibar edən hər bir xəstəyə qarşı məsuliyyət hiss etməlidir. O nə qədər güclü həkim, professor, loğman, tibb sahəsi üzrə elmi dərəcə sahibi olsa da, xəstəyə qarşı məsuliyyət hissi itməməlidir. Özünə əmin olmalı, amma məsuliyyətini də hər an duymağı bacarmalıdır.
Çünki sənə bir can etibar edilir. Həyatda bir çox peşə sahiblərinin məsuliyyətsizliyini, səhvini bağışlamaq olar. Amma həkim peşəsi o qədər şərəfli və məsuliyyətli olmaqla yanaşı, həm də məsuliyyətlidir ki, həkimin bir səhvi bir insanın taleyini həll edə bilər. Daha dəqiq desək, bir səhv bir həyatın bitməyi deməkdi. Deməli, həkim səhv edə bilməz.
Bütün bunları ona görə qeyd etdik ki, bu gün Azərbaycan səhiyyəsi nə qədər çox inkişaf etsə də, cəmiyyətimizdə qəribə bir fikir formalaşıb. Ciddi bir xəstəlik olan kimi dərhal qonşu Türkiyəyə, İrana, ya da başqa bir ölkəyə gedib, həkimlər axtarmağa çalışırıq. Səbəb isə çox bəsitdi. Bizdə həkimlərə etibar azalıb. Amma əminliklə demək olar ki, Azərbaycanda da öz ixtisası üzrə kifayət qədər savadlı, həkim adına hörmətlə yanaşan həkimlərimiz var. Qurunun oduna yaş da yanır bəzən. Amma əmin olun ki, Azərbaycanın güclü həkim ordusu var. Onları tanımaq və tanıtmaq lazımdı. Tanımaq üçün isə tanıtmağa ehtiyac olur.
Biz də bu gün Azərbaycanda kifayət qədər tanınan ali dərəcəli nervpotoloq, "Azərsutikinti” Xəstəxanasının nevrologiya şöbəsinin müdiri Xaqani Quliyevi sizlərə az da olsa tanıtmaq istərdik. Bəzən elə peşə sahibləri var ki, əslində onların böyük mənada təqdimata ehtiyacları olmur, amma yenə də onları yada salıb, onlardan danışmağa da, yazmağa da dəyər. Çünki biz özümüzü tanımasaq, başqası bizə dəyər verməyəcək.
Xaqani Quliyev də öz sahəsi üzrə kifayət qədər tanınan və adı hər zaman hörmətlə qarşılanan həkimlərimiz sırasındadır. Onu şəxsən tanıdığım üçün demirəm, yuxarıda qeyd etdiyim kimi, kimliyindən asılı olmayaraq o, bütün xəstələrinə diqqət və məsuliyyətlə yanaşır.
Vaxtilə mən də canım qədər əziz olan rəhmətlik atamın səhhətini ona etibar etmişdim. Daha dəqiq desək, Azərbaycanda bir neçə həkimin qəbulunda olsaq da, atam Xaqani həkimin onu müalicə etməsini istədi. Ona özünü etibar edə bilmişdi.
Bunu isə sadəcə bir övlad olaraq xatırlatdım. Yəni gördüklərimdən, həyatda qarşılaşdığım həqiqəti siz oxucularla da paylaşdım.
Xaqani Quliyev sözün həqiqi mənasında həkim andına sadiq, həkim nüfuzuna hörmətlə yanaşan insanlardan biridir.
Amma o qədər də mətbuatda görünməyi sevmir. Bu günlərdə onunla söhbətimiz zamanı bir məqama toxundu. Düzü, bizi də narahat etdi. Onun sözlərinə laqeyd qala bilməyib, biz də bu məsələni "Şərq”də müzakirə etmək qərarına gəldik.
Xaqani Quliyev Azərbaycanda qələminə hörmət edən jurnalistlərin olduğunu dilə gətirdi. Amma bir yaralı yerini də bölüşdü. Qeyd etdi ki, tibb sahəsində savadsız həkimlər var deyirsiz, elə jurnalistika sahəsinə də xələl gətirən qeyri-peşəkar, təsadüfi yazarlar çoxdu. Doktor mətbuatın qara üzlərindən danışarkən "Mətbuat Azərbaycan cəmiyyətinin güzgüsü sayılır. Amma bəzən bu güzgü naşıların əlində olur deyə çalışırlar ki, millətin, cəmiyyətin ancaq çirkin tərəflərini göstərsinlər. Həm də bunu belə göstərmək məqsədli şəkil alır. Çünki bununla maddi gəlir əldə edənlər olur. İnanın, ay ərzində xəstəxanaya onlarla mətbuat nümayəndəsi adı ilə gəlib müxtəlif bəhanələrlə həkimlərdən pul qazanan reket jurnalistlər var. Bu məni çox narahat edir. Bilirsiz, biz bütün ciddi qələm sahiblərini şəxsən tanıya bilmərik. Ona görə də qapını döyüb özünü jurnalist kimi təqdim edənləri ilk əvvəl hörmətlə qəbul edib, söhbət etməyə çalışırıq. Bir-iki sözdən sonra bəlli olur ki, özünü jurnalist olaraq təqdim edən şəxs əslində bura pul qazanmaq məqsədilə gəlir. Kimisi özündən bir diplom, tərifnamə düzəldir, deyir, biz sizi ilin həkimi təyin etmişik. Amma diplomun hazırlanması üçün isə 100 manat xərcimiz çıxıb. Bunu qəbul edin, zəhmət olmasa. Məlum olur ki, sənə diplom gətirən həmin jurnalist bunun müqabilində pul istəyir. İnanın, mən bəzən əsəblərimi cilovlaya bilmirəm. Bəzən də kobud ola bilirəm. Bunlara nəzarət edən Mətbuat Şurasıdıra, bu barədə ölçü götürülsə, pis olmazdı. Axı jurnalist adına xələl gətirirlər. Axı qələminə hörmət edən jurnalistlərə də inam qalmır. Cəmiyyət ən çətin məqamda mətbuata üz tutur ki, sözümü 4-cü hakimiyyətdən desəm, səsim eşidilər. Əgər mətbuatda belə reket jurnalistlər günü-gündən çoxalarsa, mətbuata necə inam qala bilər?”
Tahirə