Vəzifəli şəxsin ana ölümünə görə məsuliyyətə cəlb edilməsi ciddi siqnaldır
Ana ölümünə görə kiminsə məsuliyyətə cəlb edildiyinin axır ki, şahidi olduq. Qeyd edək ki, ötən ay martın 28-də Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı edilmiş 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı 2 gün sonra elə həmin mərkəzdə vəfat etmişdi.
Respublika Prokurorluğunun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib.
Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Məmmədova Saniyə Hüseynovna şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcək.
Son illərdə baş vermiş ana və uşaq ölümlərinə görə vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqda belə məlumatlara çox az rast gəlinir. Ana ölümlərinə görə, adətən, kimsə ciddi cəzalanmır. Cəzalar baş həkim, mama və ya tibb bacılarına töhmət verilməsi, uzaqbaşı işdən müvəqqəti kənarlaşdırılmasından ibarət olur. İşdən kənarlaşdırılan həkim isə az keçmiş başqa bir tibb müəssisəsində "peyda” olur. Şəki Regional Perinatal Mərkəzin direktor vəzifəsini icra edən, həm də, eyni zamanda mərkəzin Hamiləliyin Patologiyası şöbəsinin müdiri olan şəxsin məsuliyyətə cəlb edilməsi ana ölümlərinə görə cəzasız qalan həkimlərə ciddi siqnal xarakteri daşımalıdır.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında respublika səhiyyəsinin ən çox diqqət ayırdığı məsələnin məhz ana və körpələrin sağlamlığı olduğunu bildirdi:
- Hazırda respublika səhiyyəsi üçün hamiləlik, ana və körpələrin sağlamlığı ən prioritet sahədir. Ana və körpə ölümləri də Səhiyyə Nazirliyini ən çox narahat edən məsələdir. Buna qarşı da nazirlik ən sərt mövqedə dayanır. Bir vəzifəli şəxsin ana ölümünə görə məsuliyyətə cəlb edilməsi artıq ciddi siqnaldır. Yəqin ki, burada səhlənkarlıq, vəzifənin gərəyincə icra edilməməsi halı olub. Bunu, prokurorluq orqanları əlbəttə, araşdıracaq. Vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi, həm də qarşı tərəfin qaldırdığı iddianın və etdiyi şikayətin haqlı olduğunu göstərir. Cinayət işinin açılması da hadisəyə ciddi yanaşıldığının təsdiqidir. Məlum məsələdir, insanlar sağlamlığını, həyatlarını həkimlərə etibar edir. Həkim gərək öz vəzifəsini lazımi şəkildə icra etsin. Çünki həkimin ən kiçik səhlənkarlığı insan həyatının itirilməsinə səbəb ola bilər. Ona görə də həkimin ən kiçik səhvi də bağışlanmır.
Ş.Məmmədov bununla yanaşı, ana və körpə ölümlərinin bəzən pasiyentlərin də səhlənkarlığından qaynaqlandığını vurğuladı:
- Həkim səhlənkarlığı da olur, amma bəzən pasiyentlər də öz sağlamlıqlarına laqeyd yanaşırlar. Elə hamilə qadınlar olur ki, aylarla həkimə müraciət etmir, müayinələrdən keçmirlər, hamiləliyin gedişatından bixəbər olurlar. Hamiləlik elə bir mərhələdir ki, ana daim həkim nəzarətində olmalıdır, vaxtlı-vaxtında müayinələrdən keçməli, həkim məsləhəti almalıdır. Bizim gənc analarsa, bəzən sağlamlıqlarına laqeyd yanaşır, öz həyatlarını da, körpənin həyatını da riskə atırlar.
Məlahət Rzayeva