“XXI əsrdə məktəblərin qarşısında duran əsas vəzifə müəllim-şagird münasibətlərində humanist ideyaların əsas götürülməsidir”“Uşaqlarla işləməkdə yeni yanaşmalar öyrənməlidir”
Binəqədi qəsəbəsində yerləşən 205 saylı məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan şagirdin şəxsiyyətini alçaldıb və ona xəsarət yetirib. Valideynin sözlərinə görə, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.
Binəqədi Rayon Polis İdarəsinə çağrılan müəllimin izahatı alınıb. S.Əzimova şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.
Baş verənlərlərlə bağlı fikirlərini "Sherg.az”la bölüşən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, sözügedən hadisə müəllim-şagird münasibətlərində problemlərin olduğunu göstərir.
Ekspert təəssüflə qeyd edib ki, hələ də bəzi müəllimlər şagirdə əşya kimi baxır:
"Müəllimlərimizin çoxu şagirdi subyekt olaraq deyil, obyekt olaraq qəbul edir. 25 ildir deyirik ki, Pedoqoji Universitet məktəbə müəllimlər hazırlamır. Müəllim yalnız diplom almaq üçün çalışır. Amma bu gün bütün dünya məktəblərdəki sosial davranışlar haqqında danışır. Bu təhsildə ən vacib məsələ hesab edilir, kurrikulum proqramları həyata keçirilir. Müəllim hazırlığı ilə bağlı çatışmayan cəhətlər aradan qalxmadıqca neqativ hallar çox yaşanacaq. Çünki xoşagəlməz hallar azalmaq bilmir, bir hadisə bitməmiş digəri baş verir.
Ola bilsin ki, şagird dərsə məktəbli formasına gəlmir, telefondan istifadə edir və yaxud başqa hərəkətlər edir. Əlbəttə, hər məktəbdə belə şagirdlərimiz var. Amma uşaqlara peşəkar formada yanaşmaq lazımdır. Bəzən təhsilin humanistləşməsindən danışırıq. Bu zaman şagirdə elmi və insanı cəhətdən yanaşmaq lazımdır”.
M.Mürşüdlü diqqətə çatdırıb ki, XXI əsrdə məktəblərin qarşısında duran əsas vəzifə müəllim-şagird münasibətlərində humanist ideyaların əsas götürülməsidir:
"Bu ideyaları əsas götürərək "Təhsil haqqında qanun”da nəzərədə tutulan şəxsiyyət yetişdirilməsi problemini həll edə bilərik. Əgər müəllimdə insani keyfiyyətlər yoxdursa, onun fəaliyyətində, şagirdlərlə davranışında mütləq xoşagəlməz hallar meydana çıxacaq. Bu olanlardan digər müəllimlər nəticə çıxarmalıdır. Uşaqlarla işləməkdə yeni yanaşmalar öyrənməlidir”.
Yeganə Bayramova