Hələ kimsəsi üzə çıxmayıb: qara paltarlı qadın, 1 yaşlı körpə, naməlum meyit sirr olaraq qalır





İyunun 19-da Qazax rayonunun Xanlıqlar kəndində "Bayram bulağı” adlanan ərazidə kolluqdan tapılan qadın meyitinin kimə məxsus olması hələ də müəyyənləşməyib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Ağstafa çayının yaxınlığında aşkarlanan qadın meyitinin tanınması istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir. Şahid ifadələri əsasında müəyyən edilib ki, 25-30 yaşlı həmin qadını sonuncu dəfə iyunun 18-də Qazaxın Xanlıqlar və Cəfərli kəndləri arasındakı yolda görüblər. Həmin vaxt qadının yanında 1 yaşlı oğlan uşağı da olub.
Həmin qadının əynində açıq göy rəngli cins şalvar, qara rəngli qolsuz köynək və qara rəngli dabansız yay ayaqqabısı (çust) olub.
Şəkildə görünən bu qadını tanıyanlardan xahiş edilir ki, bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər.
Qeyd edək ki, ilkin araşdırma zamanı meyiti tapılan həmin qadının qətlə yetirildiyi üzə çıxıb, araşdırmalar davam etdirilir.
***
20 iyun
Polis Qazaxda naməlum qadın meyitinin tapılması ilə bağlı əhaliyə müraciət edib. Lent.az-ın məlumatına görə, polisin yaydığı elanda bildirilir ki, 19 iyun tarixdə səhər Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyidi aşkar edilib.
Meyidin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyyəsində cərrahiyyə əməliyyatının izləri var.
Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02- 21, (055) 221-52- 48 və (050) 366-66- 62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.