Hələ qızlar təcavüz faktlarını gizlədirlər

Məktəbdə zorlama hadisəsinin baş verməsi problemin nə qədər aktual olduğunu göstərir




Azərbaycanda orta məktəbdə zorlama hadisəsi baş verib. Hadisə Xaçmaz rayonunun Alekseyevka kəndində, Milli qəhrəman Yavər Şahbazov adına orta məktəbin həyətindəki qız tualetində baş verib. Artıq baş verən seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı iki nəfər tutulub.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən birgə məlumatda bildirilib ki, aprelin 16-da saat 14:00 radələrində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinin sanitar qovşağında kənd sakini Nərminə Cəfərovaya (ad və soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində N.Cəfərovaya qarşı mənəviyyata və hüquqa zidd hərəkətlərin həmkəndliləri - Fərid Həsənov və Valeh Xurşudov tərəfindən törədilməsi müəyyən olunub.

Cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar Xaçmazın Alekseyevka kəndində kənd camaatı bir yerə toplaşaraq etiraz aksiyası keçiriblər. Aksiyaya dövlət nümayəndələri və məktəbin direktoru Mirzəşah Mikayılov da qatılıb.

Aksiyada iştirak edən kənd camaatı tələb ediblər ki, qızın başına biabırçı hadisəni gətirənlərin ailəsi orada yaşamasınlar. Kənd sakinləri arasında gənc qız sahibi olan valideynlər də bu

hadisədən sonra övladlarını çölə tək buraxmağa qorxduqlarını bildiriblər. Aksiyada iştirak edən Xaçmaz rayon icra başçısının Alekseyevka kənd nümayəndəsi Rasim Qasımov da sakinlərlə eyni fikirdə olduğunu bildirib. O vurğulayıb ki, kənddə biabırçı əməl sahibləri orada yaşamamalıdırlar. Son vaxtlar yeniyetmə qız uşaqlarının zorlanması ilə bağlı hadisələrin artmasının təəssüfləndirici hal olduğunu vurğulayan Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun sözlərinə görə, belə bir hadisənin məktəbdə qeydə alınması isə hadisənin aktuallığını daha da artırır: "Bu, kifayət qədər aktual bir problemdir. Ümumiyyətlə, son vaxtlar yeniyetmə qız uşaqlarının zorlanması hadisələrinin geniş vüsət alması olduqca dəhşətlidir”.

Liqa rəhbərinin sözlərinə görə, hadisələrin artma səbəbi ailələrin sosial müdafiəsinin zəif olması, məktəb və təhsil sisteminin düzgün təşkil edilməməsi ilə bağlıdır: "Məktəb zorlanma obyekti yox, təhsil mərkəzidir. Orta ümumtəhsil ocaqlarında bu hadisələrin baş verməsi onu göstərir ki, məktəblərdə, xüsusən rayon məktəblərində bu, adi bir hala çevrilib. Hətta bir çox hallarda təcavüzə məruz qalan qızlar ailələrinin adına ləkə gəlməsin deyə təcavüz faktlarını gizlədirlər. Qızların bu acizliyi də bu cinayəti törədənlərin öz əməllərinə görə cavab verməyəcəklərinə inanmalarından irəli gəlir”.

Y.Bəkirov hesab edir ki, sözügedən problemlə bağlı mətbuatda, televiziyada geniş maarifləndirmə işləri aparılmalı və müzakirələr təşkil edilməlidir: "Yalnız maariflənmə işləri aparmaqla nəyəsə nail olmaq mümkündür. Belə hadisələr Təhsil Nazirliyinin kadr siyasətinin doğru olmaması nəticəsində baş verir. Məktəblərdə nəzarət gücləndirilməlidir. Bir təhsil ocağında bu cür biabırçılığın yaşanması təkcə bir məktəbin, bir rayonun yox, ümumilikdə Azərbaycan cəmiyyətinin problemidir”.

Şəymən