Hemofiliya xəstələrin sayı artıb

Professor deyir ki, bu, ciddi bir patalogiyadır, xəstə daim nəzarətdə olmalıdır





"Nadir xəstəliklər və onların müalicə üsulları tibbi profilaktikaya son dövrlərdə daxil olub. Bu xəstəliklərin müalicəsi orfan dərmanlarla aparılır”.

Bunu Həkimlərin Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova Nadir Hematoloji xəstəliklər və onların müalicəsində istifadə olunan dərmanlar mövzusunda keçirilən tədbirdə deyib.

E.Qədimova hemofiliya xəstəliyinin də nadir xəstəliklər siyahısında olduğunu diqqətə çatdırıb: "Hemofiliya qanın laxtalanmasının pozulması ilə müşahidə olunan irsi xəstəlikdir. Xəstəlik cüzi travma nəticəsində həyati təhlükəli qanaxmalarla təzahür edir. Bu gün Mərkəzdə 1550 xəstə qeydiyyatdadır. Xəstələrə lazım olan orfan dərmanlar ölkəyə gətirilərək onların müalicəsində istifadə edilir. Kişilərdə hemofiliya A xəstəliyinin rastgəlmə tezliyi 1:10 min nisbətində, Hemofiliya B forması 1:30 min- 50 min arasında təşkil edir. 

Xəstələrin ümumi populyasiyasında 40-30 faiz halda xəstəliyin sporadik formasına təsadüf olunur ki, bu hal da gendə baş verən patoloji mutasiya ilə əlaqədardır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində, stasionar və ambulator şəraitdə müalicə alırlar.

Hemofiliyalı xəstələrin sayı 2002-ci ildə 916, 2007-ci ildə 1140, 2010-cu ildə 1300, 2012-ci ildə 1452, 2016-cı ildə isə 1541 nəfər olub. Bu, xəstələrin sayının nisbi artması deməkdir. Artım xəstəliyin aşkar edilməsinin yaxşılaşması, diaqnostikanın təkmilləşməsi, müalicənin effektivliyi, maarifçiliyin isə geniş yayılması ilə izah oluna bilər”.

Ötən 2002-2016-cı illərin göstəricilərini nəzərə alsaq hemofiliya xəstəliklərinin artmasını qeyd edə bilərik. Bu xəstəliyin irsi olduğunu söyləyən tibb elmləri doktoru, professor Adil Qeybulla xəstəliyin dinamikasını izləməyin vacibliyini bildirib: 

"Hemofiliyanın dinamikasını izləyərək xəstəliyi konkret dəyərləndirmək, sonra xəstəliyi irsi olan şəxsləri ailə quran zaman xəbərdar etmək lazımdır. Bu, ciddi bir patalogiyadır, xəstə daim nəzarətdə olmalıdır. Belə xəstələr üzərində cərrahiyə əməliyyatları və digər monikulyasiyalar aparıldıqda həmişə həkimə məlumatlar verilməlidir. Digər tərəfdən də xəstənin zərbə alması ilə bağlı müxtəlif situasiyalarda ilk yardımın göstərilməsi üçün konkret məlumatlı olmaq əsasdır”.

Yeganə Bayramova