“Həmsədrlər riyakarlıq edir”

Pənah Hüseyn: “Artıq cəmiyyətimiz öz torpaqları uğrunda döyüşə başlamaq ovqatındadır”



Son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni ehtimallar, proqnozlar gündəmə gətirilir. Cəbhə xəttində yaşanan gərginliyi dəyərləndirən bəzi ekspertlər yaxın günlərdə Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yeni mərhələsinin başlayacağını iddia edirlər. Politoloqların fikrincə, müharibənin başlama ehtimalı çox olduğuna görə, ATƏT-in Minsk qrupunun həmsədrləri xüsusi canfəşanlıq nümayiş etdirirlər.

Çünki Qərb yaxşı bilir ki, Cənubi Qafqazda baş verəcək hər hansı müharibə ancaq Rusiya üçün əlverişli olacaq. Son günlər münaqişə ətrafında yaranmış vəziyyətlə və xüsusən həmsədrlərin fəallığı ilə bağlı "Şərq”in suallarını cavablandıran keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn maraqlı məqamlara toxunub...

- Pənah bəy, amerikalı həmsədr Ceyms Uorlikin "müharibə dövrü başa çatıb” sözünü necə şərh edərdiz?

- Əgər həmsədrin "müharibə dövrü qurtarıb” sözü indiki status-kvonun saxlanmasına xidmət edirsə, əlbəttə bu, bizim xeyrimizə deyil. Amma "müharibə bitib” dedikdə, torpaqlarımızın azad olunması ilə müşahidə olunacaq konkret təkliflər və bunun icra mexanizmi nəzərdə tutularsa, o halda Uorlikin sözünü ciddi qəbul etmək olar.

- Ümumiyyətlə, son günlər Minsk Qrupunun aktivliyi nəylə bağlıdır?

- Nə zaman ki, Azərbaycan cəmiyyəti və hakimiyyəti, o cümlədən Silahlı Qüvvələrimiz hərəkətə keçir, müharibə mesajları verir, dərhal Minsk Qrupunun həmsədrləri fəallaşırlar. Təbii ki, onların fəallaşmasının heç bir real nəticəsini görmürük. Ona görə də bu məsələdə ayıq olmaq lazımdır. Məncə, ölkənin ciddi addımlar atma vaxtı çatıb. İndiyə kimi Silahlı Qüvvələrin inkişafına çox böyük maliyyə vəsaiti xərclənib və xeyli silah-sursat alınıb. Hesab edirəm ki, artıq cəmiyyətimiz öz torpaqları uğrunda döyüşə başlamaq ovqatındadır. Yəni bu məsələdə real nəticələrə nail olmaq lazımdır. Əlbəttə, hər kəs istəyir ki, münaqişə sülh yolu ilə həll olunsun, yəni problem ölkəmizin ərazi bütövlüyü bərpa olunmaqla sonlansın. Yox, əgər bu belə olmursa, onda sonsuza qədər dözmək lazım deyil. Xalqın və dövlətin səbri tükənəcək.

- Yəni müharibə ehtimalı hər zaman var...

- Əslində çoxdan torpaqlarımızın azad edilməsi üçün addımlar atılmalı idi. Silahlı Qüvvələrin gücündən zamanında istifadə edilməliydi. İndi sülh və dinclik naminə bunu etmiriksə, ermənilər və onları müdafiə edənlər arxayınlaşmamalıdır. Onlar bilməlidir ki, indiki vəziyyət uzun müddət davam etməyəcək. Düzdür, ölkənin toparlanması və səfərbər olunması üçün müəyyən zamana, fasiləyə ehtiyacımız var idi. Amma biz artıq o prosesi keçmişik.

- Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsinə münasibətiniz necədir?

- 1992-ci ildən başlayaraq, münaqişə ilə bağlı hazırlanan bütün sənədlərdə, layihələrdə sülhməramlı qüvvələrin bölgədə müvəqqəti yerləşdirilməsi faktı öz əksini tapıb. O cümlədən Rusiya da bir neçə dəfə bu cür təkliflərlə çıxış edib. Mənim fikrimcə, bu yalnız o halda mümkündür ki, erməni işğalçıları zəbt etdikləri əraziləri tamamilə boşaltsınlar və qanunsuz silahlı birləşmələri ləğv etsinlər. Əhali öz torpaqlarına qayıtdıqdan sonra, yəni keçid dövrü hesab olunan ərəfədə, münaqişənin hələ tam həll edilmədiyi vaxtda sülhməramlı qüvvələr məsələsinə baxıla bilər.

- Həmsədrlər deyirlər ki, Dağlıq Qarabağ münaqişəsini Ukrayna və Gürcüstan müharibələri ilə müqayisə etmək olmaz. Bu fikirlərlə bağlı nə deyə bilərsiz?

- Bu, onların öz yanaşmasıdır. Təəssüflər olsun ki, həmsədrlərin təmsil etdikləri dövlətlər bu məsələdə fərqli münasibətlər ortaya qoyurlar. Mahiyyətcə hər üç hadisədə işğal faktı var. Ərazi bütövlüyünün pozulmasına eyni münasibət göstərilməlidir. O baxımdan həmsədrlərin bu fikirləri həm yanlış, həm də Azərbaycanın maraqlarına ziddir. Bir sıra hallarda isə riyakarlıqdır.

- Prezidentlərin növbəti görüşünə də cəhd edilir. Sizcə, görüş baş tutarsa, bundan bir nəticə çıxacaqmı?

- Hər dəfə Azərbaycan tərəfinin səbri daşanda və müharibə sədaları yüksələndə, ermənilər müəyyən görüşlərdə maraqlı olurlar. Düşmənin məqsədi təhlükəni aradan qaldırmaq və işğalı davam etdirməkdir. Prezidentləri görüşdürmək cəhdləri də bunun tərkib hissəsidir. Məncə, işğalın davam etməsinə xidmət edən addımlara ehtiyatla yanaşmaq lazımdır. Kifayət qədər belə görüşlər olub. Əgər real nəticələr olmayacaqsa, görüş xətrinə görüşlərə ehtiyac yoxdur.

- Bəzi ekspertlər iddia edirlər ki, hər zaman ön planda ABŞ-dan olan həmsədr Ceyms Uorlikdir. Amma fransalı və rusiyalı həmsədrlər prosesdə fəal iştirak etmirlər. Sizcə də belədirmi?

- Mən bu fikirlə razı deyiləm. Rusiya Amerikadan daha ciddi şəkildə münaqişənin həlli prosesində iştirak edir. Amma Rusiyanın mövqeyi məlumdur. Bu ölkə Ermənistanın siyasi və hərbi müttəfiqidir. Əslində son dövrlər ABŞ-ın fəallaşması məhz elə Rusiyanın aktivliyi ilə bağlıdır. Kremlin separatizm siyasəti amerikalıları fəallaşmağa məcbur edib. Əlbəttə, müəyyən reallıqlar var, bəzən böyük dövlətlərlə hesablaşmaq lazım gəlir. İndi də böyük güclər arasında oyun davam edir. Biz çalışıb bu oyundan çıxmalıyıq.

- Uorlikin "ilk addımı tərəflər özü atmalıdır” sözünü necə dəyərləndirirsiniz?

- Bu, köhnəlmiş və daim səslənən fikirlərdir. Ondan əvvəlki bütün həmsədrlər də bu cür sözləri təkrarlayıblar. Ona görə də bu məsələnin üzərində çox dayanmağa dəyməz. Təbii ki, ümumi anlamda tərəflər addım atmalıdır. Azərbaycan cəmiyyətinin və dövlətinin hansı addım atmasını isə yuxarıda vurğulamışam.

- Azərbaycan tərəfi dediyiniz addımları nə zaman atmalıdır? Bunun məqamı, şəraiti varmı?

- Bu, artıq hərbiçilərin və yuxarıda duranların işidir. Qərarı onlar verməlidir. Biz sadəcə olaraq hadisələrə ümumi siyasi münasibətimizi bildiririk.

İsmayıl