Həmsədrlərin səfərindən xəbərsiz olması, Bayram Səfərovun günahı deyil

Daimi turistlər hörmətsizlik etdiHəmsədrlər həmişə əvvəlcədən hazırlayıb, ciblərində gətirdikləri qondarma bir bəyanat yaymaqla kifayətlənirlər
Qarabağ məsələsinin günlərdir aktual müzakirə mövzusuna çevrildiyi məqamda Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərovun həmsədrlərin Bakıya gəlişindən xəbərsiz olduğu üzə çıxıb:
"Həmsədrlərlə mənim heç bir əlaqəm yoxdur. Bilmirəm. Onların səfərlərindən xəbərsizəm. Bu barədə sizdən eşidirəm. Nə vaxt gəliblər? Belə də ki, gəlsinlər də...”.
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədrinin Minsk Qrupu həmsədrlərinin bölgəyə, o cümlədən ölkəmizə səfərindən xəbərsiz olması isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu məsələ ciddi suallar doğurub ki, onlardan biri də Bayram Səfərovun Qarabağ danışıqlarını izləyib - izləməməsi ilə bağlıdır.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov isə Bayram Səfərovun Dağlıq Qarabağ danışıqlarını izləməməsinə dair yayılan fikirləri bölüşmədiyini vurğulayıb: "Bu məlumat həqiqətə uyğun deyil. Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı və hər şeydən əlavə bir azərbaycanlı olaraq Bayram Səfərov Qarabağla bağlı danışıqlar prosesini çox yaxından izləyir və bu danışıqların mərkəzində olmağa çalışır. ATƏT həmsədrlərinin ölkəmizə səfərindən xəbərsiz olması Bayram Səfərovun yox, Minsk Qrupu üzvlərinin günahıdır. Məcburi köçkün, Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri olaraq biz hər zaman Minsk Qrupu həmsədrlərinə irad tutduğumuz məsələlərdən biri ermənilərin Azərbaycanın işğal altında olan torpaqlarında yaratdığı və adını da "Dağlıq Qarabağ” Respublikası qoyduqları separatçı qurumla təmasda olmalarıdır. Hansı ki bu qurumun tərkibi sırf terrorçu və cinayətkarlardan ibarətdir. Dünya ölkələri də onun legitimliyini rəsmi olaraq tanımır. Amma həmsədrlər hər dəfə bölgəyə səfər edəndə onlarla görüşüb, problemin həlli istiqamətində fikir mübadiləsi aparırlar. Belə çıxır ki, ATƏT-in Minsk Qrupu erməni separatçıları ilə həmfikir olan və onları dəstəkləyən qurumlardan biridir. Maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirə aparmaq üçün Azərbaycana səfər edən həmsədrlər nə üçün Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşdə maraqlı olmur?”
Bir neçə dəfə ATƏT-in həmsədrləri ilə İcma üzvləri arasında görüş keçirildiyini xatırladan millət vəkili deyib ki, bu görüşlər mütəmadi olmalıdır: "Həmsədrlərin regiona səfəri ilə bağlı mətbuatda yer alan xəbərləri izlədikdən sonra İcmanın İdarə Heyətinin üzvləri olaraq, biz Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq ki, İrəvandan Azərbaycana gələn həmsədrlər bizlə görüşməyi nəzərdə tutublar? Amma çox təəssüflər olsun ki, Minsk Qrupu üzvləri Bakıya gələn günə qədər onların protokolu ilə bağlı bizə dəqiq məlumat verilmədi. Həmsədrlər Azərbaycan səfəri çərçivəsində ölkə rəhbərliyi ilə görüşüb, əvvəlcədən hazırlayıb, ciblərində gətirdikləri qondarma bir bəyanat yaymaqla kifayətləndilər. Biz buna təkcə təəssüf eləmirik, eyni zamanda həmsədrlərin bizə qarşı çox ciddi hörmətsizliyi, saymazlığı kimi qəbul edirik. Görünür, onlar problemin həllində Qarabağın Azərbaycanlı İcma nümayəndələrini kənarda qoymaqla məsələyə özlərinə məxsus standartlarla yanaşmaq niyyəti güdürlər. Bu isə yolverilməzdir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı mən öz sərt mövqeyimi dəfələrlə açıq şəkildə bəyan etmişəm. 10 ildən artıqdır ki, ATƏT-in Minsk Qrupu formatının dəyişdirilməsi və Amerika, Rusiya, Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını təklif edirəm. Bu mövqeyimi bir neçə dəfə onlarla görüşdə də bəyan etmişəm: "Mən sizinlə söhbət edəndə elə bilirəm qarşımdakı Serj Sarkisyan, Zori Balayandır. Çünki sizin mövqeyinizlə onların mövqeyi arasında heç bir fərq yoxdur. Siz həmsədrlik yox, ancaq riyakarlıq, saxtakarlıqla məşğulsunuz”.
- Bəlkə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə görüşdə maraqlı olmamasının səbəbi İcma üzvlərinin onlara qarşı tutduqları sərt mövqe ilə bağlıdır?
- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bütün üzvləri ATƏT-in Minsk Qrupuna qarşı eyni mövqeni bölüşmür. Bizim İdarə Heyəti 22 nəfərdən ibarətdir. Bizim aramızda Universitet rektorları, professorlar, millət vəkilləri var ki, həmsədrlərə qarşı xoş münasibət bəsləyir, onların səyi ilə Dağlıq Qarabağ probleminin həllində hansısa irəliləyişlərə nail olunacağına ümid edirlər. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyəti tək Elman Məmmədovun mövqeyi üzərində formalaşmayıb ki? Hərə öz düşüncəsini ortaya qoyur, heç kəs heç kəsə şəxsi fikirlərini diktə eləmir. Həmsədrlərin bizimlə görüşmək istəməməsi bizim onlara olan münasibətimizlə bağlı deyil.
Mən həmsədrlərlə görüş zamanı onlara öz şəxsi fikirlərimi demişəm. Bu gün də həmin mövqedə qalıram ki, həmsədrlərin fəaliyyəti fəaliyyətsizdir. Bunu da elə-belə yox, uzun illər apardığım araşdırmalara söykənərək bəyan edirəm ki, onların varlığı münaqişənin həllini ləngidən ən başlıca əngəldir. Sanki onların missiyası münaqişənin həllinə nail olmaq yox, məsələni "kor düyün”ə salmaqdır. Ta ən başdan onların əzbərlədikləri və hər turistik səfər və digər görüşlər çərçivəsində diktə etdikləri bir ifadə var: "Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə nail olmaq üçün siz razılığa gəlin, biz də sizə kömək edək”. Bundan axmaq, riyakar yanaşma ola bilməz. Madam ki, biz aramızda razılığa gəlib, problemi həll edəcəkdik, bəs onda siz nəyə lazımsınız? Necə olur ki, Rusiya, Amerika, Fransa dünyada baş verən ağır münaqişələrin, problemlərin həllində ciddi qətiyyət göstərib qısa müddətdə həllinə nail ola bilir, terrorçu, cırtdan qurumun öhdəsindən gələ, BMT-nin 4 qətnaməsini onlara qəbul etdirə bilmir? Ermənilərin işğalçı olduğunu bəyan etdikləri halda onları işğaldan çəkindirə bilmirlər? Təbii ki, istəsələr, çox az zamanda Qarabağ münaqişəsini həll edə bilərlər. Amma istəmirlər. Çünki onların 3 həmsədr dövlət olaraq bu gün dünyanın başına gətirilən oyunlarda hərəsinin öz mövqeyi, öz mənafeyi var. Bu maraqlar Dağlıq Qarabağ münaqişəsində toqquşduğu üçün "status- kvo”nun saxlanmasına çalışırlar.
Şəymən