“Klassik məktəblərin formalaşdığı təqdirdə isə bütün çatışmazlıqlar öz həllini tapacaq”
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov ibtidai sinif dərsliklərindən şagirdlər üçün əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan, eləcə də onlar üçün ağır sayılan terminlərin çıxarılacağını deyib.
Şöbə müdiri "Azərbaycan dili” dərsliklərinə məzmun baxımından səlis olmayan şeirlərin, "Musiqi” və "Təsviri incəsənət” dərsliklərinə isə ağır terminlərin daxil edilməsi ilə bağlı fikirlərini bildirib.
Onun sözlərinə görə, məzmun baxımından səlis olmayan şeirlərin dərsliklərə daxil edilməsi halları var: "Şəkildə də, poetik və ya nəsr mətndə də belə hal ola bilər. Ümumiyyətlə, dünyada ideal dərslik yoxdur. Dərslik yazmaq və hamının tələbini ödəmək, hamını razı salmaq çox çətindir”.
Dərsliklərə bəzi lazımsız terminlərin daxil edilməsi ilə də razılaşan A.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən 3-cü dəfə qəbul olunması məqsədilə hazırlanan "Ümumi təhsil pilləsinin yeni dövlət standartları” layihəsində belə hallar tədricən aradan qaldırılır:
"Yeni standartlarda biz onları çıxarmışıq. Çalışmışıq ki, standartları yüngülləşdirək. Proqramlar da yazılanda onlar hamısı nəzərə alınacaq. Ancaq belə başa düşmək lazım deyil ki, "Musiqi” dərsi mahnı oxumaq, "Təsviri incəsənət” dərsi şəkil çəkmək dərsidir. Xeyr, belə deyil. Bu fənlərin məqsədi tamam başqadır”.
A.Əhmədov qeyd edib ki, "Musiqi” və "Təsviri incəsənət” fənlərinin məqsədi şagirdlərin estetik tərbiyəsini formalaşdırmaq, eyni zamanda şagirdlərin Azərbaycan mədəniyyəti, incəsənəti, bu sahənin tanınmış şəxsiyyətləri haqqında məlumat dairəsini genişləndirməkdir:
"Biz həm də şagirdin şəxsiyyət kimi formalaşdırılmasından danışırıq. Şəxsiyyət o demək deyil ki, o, fizikanı, riyaziyyatı bilir. Onun başqa keyfiyyətləri də olmalıdır. Uşaq bilməlidir ki, kvartet, orkestr, trio nədir. Bu, onun ümumi dünyagörüşünə təsir edir”.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da ibtidai sinif dərsliklərində çətin terminlər olduğunu vurğulayıb.
Ekspertin qənaətincə, ölkəmizdə dərslik sahəsində klassik məktəblər olmadığı üçün müəyyən tənqidlər davam edəcək. Klassik məktəblərin formalaşdığı təqdirdə isə bütün çatışmazlıqlar öz həllini tapacaq:
"Biz çox vaxt Təhsil Nazirliyi, eyni zamanda Aydın Əhmədov kimi funksionerlərlə opponentlik eləmişik. Amma bu məsələdə Aydın müəllimin fikirlərini tam dəstəkləyirəm. Həqiqətən də ibtidai sinif dərsliklərində çətin, başa düşülməyən terminlər var. Ümumiyyətlə nəinki şagirdlərin, hətta yaşlı adamların da anlaması üçün çətin olan terminologiya mövcuddur. Bilmirəm bu terminləri haradan və necə tapırlar. Bu məsələ dəfələrlə mətbuatda tənqid olunub. Eyni zamanda Aydın müəllimin ideal dərsliklərin olmaması haqqında fikirlərini də təsdiqləyirəm. Dərsliklər yazıldıqca, tənqid olunduqca, korrektələr olunur. Bu korrektələrin nəticəsində nisbətən mükəmməl dərslik hazırlanır. Lakin ideal dərsliklər yoxdur”.
Yeganə Bayramova