Hər bir şəxs istər ki, məhkəmədə peşəkarcasına müdafiə olunsun

“Əgər biz dünya praktikasına baxsaq görərik ki, bir çox ölkələrdə nümayəndəlik institutu deyilən bir şey yoxdur”
“Peşəkar hüquqşünas və vəkil heç vaxt bu dəyişikliyə etiraz etməz”



Millət vəkili Əli Hüseynli "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsindən danışıb. Onun sözlərinə görə, dekabrda vəkillər kollegiyasının iclası keçiriləcək və vəkillərin sayının artırılması məsələsinə baxılacaq.

O qeyd edib ki, bir çox ölkələrdə, qonşu Türkiyədə, Almaniyada, Fransada vətəndaşların nümayəndəsi vəkil ola bilər. Bizdə vəkillərin sayının az olması nəzərdə tutulan keçidin həyata keçməsinə mane ola bilər: "Qanun layihəsinə keçid müddəalar əlavə olunub. Bu keçid müddəalarına əsasən məhkəmə prosesinə çıxan nümayəndələrə məhkəmə prosesi bitənədək məhkəməyə çıxmaq imkanı veriləcək. Digər keçid müddəasına əsasən qanunun dekabrda deyil, yanvar ayının 1-də qüvvə minməsi nəzərdə tutulur”.
Həqiqətən ölkəmizdə vəkillərin sayının artırılmasına ehtiyac varmı?

Məsələ ilə bağlı "Şərq”ə danışan hüquqşünas İradə Cavadova bildirib ki, bütün sosial şəbəkələrdə, KİV-lərdə hüquqşünaslar 2 qrupa bölünür. Bir qrup nümayəndəlik institutunun məhdudlaşdırılmasına etiraz edir, digərləri isə dəstəkləyirlər: "Mən dəstəkləyənlər sırasındayam. Çünki hesab edirəm ki, hər bir şəxsin konstitusion hüququdur ki, yüksək səviyyədə bir hüquqi yardım alsın. Yəni, onu məhkəmədə peşəkarcasına müdafiə etsinlər və bunu da ancaq vəkillər edə bilir. Düşünürəm ki, müddəaların əlavə olması, vəkillik statusunun artırılması və bu peşəyə daha çox inam və etibarın olması üçün çox vacibdir. Digər tərəfdən peşəkar hüquqşünaslar artıq görəndə ki, vəkil kimi fəaliyyət göstərməlidirlər, vəkillər kollegiyasının üzvü olmalıdırlar, bu zaman onlar hazırlaşacaqlar və vəkilliyə qəbul olacaqlar. Heç kim onlara məhdudiyyət qoymur ki, "niyə sən vəkil olursan?”. Vəkil olmaq üçün hər hansı bir məhdudiyyət yoxdur, bunun üçün 3 il təcrübə lazımdır və hazırda qanunvericilikdə 3 illik təcrübə məsələsi var. Təcrübə və hüquqşünaslıq diplomu vəkil olmaq üçün kifayət edir. Bəzən bir çox işbazlar hətta hüquqşünas diplomunu da saxtalaşdırırlar və saxta bir diplom nümayiş etdirirlər. Onlara çox ciddi nəzarət olmalıdır. Dekabrdan sonra imtahan nəzərdə tutulur. Hər il vəkillərin qəbulu ilə bağlı imtahanlar təyin olunur. Bəzən vəkillər deyirlər ki, imtahanlar gec olur. Bununla bağlı bildirim ki, keçən dəfə Rəyasət heyətində biz siyahıya baxarkən vəkillərin müraciət etməsi çox az idi və ona görə vaxt uzadıldı ki, daha çox hüquqşünaslar cəlb olunsun. Bunun da nəticəsi oldu, xeyli adam müraciət elədi və ümid edirəm ki, vəkilliyə qəbul olacaqlar”.

İ.Cavadova qanuna edilən dəyişiklikləri müsbət qiymətləndirdiyini də diqqətə çatdırıb: "Peşəkar hüquqşünas və vəkil heç vaxt bu dəyişikliyə etiraz etməz. Əgər biz dünya praktikasına baxsaq görərik ki, bir çox ölkələrdə nümayəndəlik institutu deyilən bir şey yoxdur. Türkiyənin özündə nümayəndə deyilən bir məfhum mövcud deyil. Orada sırf vəkillərdi və vəkil məhkəmədə çıxış edib öz işi üzrə məsuliyyət daşıyır”.

Yeganə Bayramova