Əsəd Cahangir: "Dəb xatirinə kitab çıxaranlar da var..."
"Səni çox layk edirlərsə, deməli, ciddi ədəbiyyat adamı deyilsən"
"İndi azadlıq və demokratiya dövrüdür, hər kəsin kitab yazmağa və çap etməyə ixtiyarı var”.
Bunu Sherg.az-a tənqidçi Əsəd Cahangir deyib. O bildirib ki, hamının kitab çıxarıb, onu təqdim etmək haqqı var:
"Ona görə, kitab çıxarmaq və onun təqdimatını etməklə bağlı heç kimə qadağa qoymaq haqqımız yoxdur. Bu, senzura qoymaq deməkdir".
Gənclərin kitab çıxarmasının, təqdimatlar keçirməsinin dəb xatirinə etmələri və ya doğrudan da istedad sahibi olmaları məsələsinə gəlincə, Ə.Cahangir qeyd edib ki, bunun cavabı sadədir:
"Onların içərisində dəb xatirinə kitab çıxaranlar da, həqiqi mənada istedad sahibi olanlar da var. Məsələn, son aylarda keçirilən təqdimatlar arasında gənc yazar Aqşin Evrənin kitab təqdimatını dəyərləndirirəm. İstedadlı şairdir, şeirlərini təqdim etdi, kitabları da satıldı. Çünki yaxşı sözə hər zaman ehtiyac var. Amma elə şəxslər var ki, sadəcə o keçirdi deyə mən də keçirim, kitabın satışından pul qazanım, özümü tanıdım fikirləri ilə yanaşırlar. Əksəriyyətin kitab təqdimatına münasibəti bu cürdür. Mən tənqidçi kimi də, ədəbiyyat adamı kimi də, Azərbaycan ədəbiyyatının oxucusu kimi də bunun əleyhinəyəm. Ümumi götürdükdə, bütün bu xaosdan, hərc-mərclikdən çıxmağın yolları var. Bu, ondan ibarətdir ki, ədəbi qurumlar və onların rəhbərləri əsl istedada qiymət verməlidirlər. Yalandan özünü ədəbiyyatçı kimi təqdim edənlərə deyil”.
İstedadlılara dövlət qayğısının mütləq olduğunu diqqətə çatdıran Ə.Cahangirin fikrincə, burada həm maddi, həm mənəvi, həm də yaradıcılıqdan söhbət gedir:
"Ədəbi tənqid isə həmişə əsl həqiqi sözün həmişə müdafiəsində durmalıdır, yaxşını pisdən seçib, ayırmalıdır. Təbii ki, bizim oxucularımız da zövqlü, savadlı, obyektiv olmalıdırlar. Hər kitabın təqdimatına getmək də, pul verib almaq da lazım deyil. Amma yaxşı kitabı dəyərləndirmək lazımdır. Yəni dövlətdən tutmuş oxucuya qədər bütün hər kəsin məsələnin həll olunmasında rolu var.
Bizim millətin bir xasiyyəti var. Açıq deyim, qonşu qonşuya baxdı, özünü oda yaxdı. Biri kitab çıxartsa, hamı çıxartmalıdır, biri ev tikdirsə, hamı tikdirməlidir. Buna bir qadağa, senzura yoxdur. "Facebook” imkan verir ki, hamı özünü şair elan etsin. Həmin insanlar da düşünür ki, niyə kitabımı çıxartmayım, bəlkə mən doğrudan da şairəm? 5-6 dostunun layklarına inanırlar. Bir nəfər feysbukda oturan "gənc yazıçı” var.
Mən onları yazıçı deyil, araqarışdıran hesab edirəm. Deyir ki, mən adlı-sanlı yazıçıyam. Soruşuram ki, niyə adlı-sanlısan? Cavab verir ki, məni filan qədər insan feysbukda layk edib. Görün ədəbiyyatın meyarları hara gəlib çıxır ki, kimlərinsə bir-iki statusu layk etməsi ilə ölçülür. Feysbukdakı layklar isə çox zaman əksinə işləyir. Ciddi yazıları deyil, bayağı statusları daha çox layk edirlər. Səni çox layk edirlərsə, deməli, sən ciddi ədəbiyyat adamı deyilsən. Buradan belə nəticə hasil olur. Bu cür qeyri-ciddi meyarın əsas götürüldüyü cəmiyyətdə sözsüz ki, çox hallar müşahidə olunmalıdır. Belə vəziyyətin qarşısını inzibati yollarla almaq mümkün deyil. Dediyim kimi, oxucudan tutmuş dövlətə qədər hər kəsin ədəbiyyata münasibəti obyektiv və ciddi olsa, o cür istedadsız kitablar, onların istedadsız müəllifləri kölgədə qalacaqlar”.
Aysel Aslan