FED-in qərarı manata təsir edə bilməz
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməz saxlayıb. Uçot dərəcəsi 0,25-0,5 faiz səviyyəsində qalıb. Qeyd edək ki, FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib. İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib. Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb.
FED-in qərarını "Şərq”ə şərh edən, iqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, uçot dərəcəsinin aşağı dərəcədə saxlanılmasının Amerika iqtisadiyyatına ziyan verəcəyinə dair gözləntilər olduğu üçün Amerika Mərkəzi Bankının faizi dərəcələrini qaldıracağı gözlənilirdi: "Amerikada işsizlik aşağı səviyyəyə düşüb, iqtisadi inkişaf isə kifayət qədər qənaətbəxşdir. Nəticə etibarı ilə dolların məzənnəsinin kəskin möhkəmlənməsi iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun deyil. Bundan əlavə, FED 800 milyard aktivini kriz dönəmində 4 trilyona yüksəldib. Yəni dollar kütləsini artıraraq bazara kifayət qədər vəsait verib. Amerika isə inflyasiya və digər iqtisadi tendensiyasıların ola biləcəyini nəzərə alaraq aktivliyi bir az azaltmaq niyyətindədir. Bunun yolu isə FED tərəfindən dolların uçot dərəcəsinin yüksəldilməsi fonunda dövriyyədə olan dolların geri yığılmasından keçir. Yəni söhbət dolların qiymətinin qalxmasından gedir. Ancaq proses uzun müddət davam edəcəyi üçün artıq dünya iqtisadiyyatı, valyutalararası münasibətlər mövcud duruma hazırlandı”.
Uçot dərəcəsinin il ərzində mütləq yüksələcəyini proqnozlaşdıran ekspert hətta bunun qaçılmaz olduğunu deyib: "Amerika iqtisadiyyatında ciddi dəyişiklik baş verməzsə, 2016-cı ildə FED uçot dərəcəsini artırmağı hədəfləyir. Lakin bunun konkret nə zaman baş verəcəyini demək mümkün deyil”.
Konkret olaraq, FED-in qərarının Azərbaycan manatına təsirinə gəldikdə isə C.İbrahimli deyib ki, manat Mərkəzi Bank tərəfindən tənzimlənən valyuta olduğu üçün FED tərəfindən alınan qərarın ciddi bir təsiri olacağı ehtimal olunan deyil: "FED uçot dərəcəsini ötən il qaldırdı, bu il isə dəyişməz saxlasa da, qalxma ehtimalı hələ də var. Amma bütün bu proseslərin manat üzərində elə bir basqısını hiss eləməmişik. Hesab edirəm ki, manata ölkə daxilində baş verən iqtisadi-siyasi proseslər daha çox təsir edir”.
Manatın hansı məzənnədə möhkəmlənəcəyinə dair proqnoz verməyin çətin olduğunu vurğulayan iqtisadçı deyib ki, valyuta məzənnəsini bazar yox, Mərkəzi Bank müəyyənləşdirdiyi üçün yaxın zamanlarda manatın digər valyutalar qarşısında necə hərəkət edəcəyini heç kim bilmir. Bununla belə ekspert dünyada baş verən proseslər, neftin qiymətləri fonunda manatın məzənnəsinə müəyyən təsirlər olacağını da istisna etmir: "Bildiyiniz kimi, neftin qiymətinin 25 dollardan aşağı düşəcəyi ilə bağlı proqnozlar özünü doğrultmadı. Hazırda dünya bazarında neftin qiymət 51 dollar civarındadır. Ən pis halda isə biz 35 dollara qədər düşəcəyini ehtimal edirik. Əgər neftin qiyməti 50 dollar ətrafında dövr eləsə, bu tendensiya Azərbaycan manatına basqını azalda bilər. Amma təhlükə yenə də tam ortadan qalxmayacaq”.
Şəymən