"Hər zaman dövlətin qayğısını görmüşük" - Şəhidin həyat yoldaşı




" Hər zaman şəhid ailəsi kimi cənab Prezidentin qayğısını görmüşük”.

Bunu "Sherg.az"a Bakı Şəhərindən olan şəhid Xəlilov Ehtibar Bayram oğlunun həyat yoldaşı Alıyeva Yeganə İslam qızı bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını deyən A.Əliyev diqqətə çatdırıb ki, dövlət başçımızın bu addımını bütün Azərbaycan xalqı müsbət qarşılayır:

"Öncə şəhid ailələrinə göstərdiyi diqqətə görə, cənab Prezidentə minnətdarlığımı bildirirəm. Şəhid ailəsi kimi, hər zaman dövlətin qayğısını görmüşük. İllər əvvəl bizə mənzil verilib. Hazırda da 11 min manatlıq birdəfəlik ödənişin olması bizi sevindirdi.

Düzdür, bütün bunlar şəhidimizi geri qaytarmır. Amma cənab Prezidentin bu cür qayğıları bizə həm də böyük təsəllidir. 

11 min manatlıq birdəfəlik yardım bizim sosial şəraitimizə müsbət təsir göstərdi. Bunun üçün ölkə başçısına, ölkənin Birinci vitse-prezidenti Mehriban xanıma və onların övladlarına Allahdan uzun ömür arzu edirəm”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu