Hərbdən yazan jurnalistlər: problem var, amma həlli də var

“Jurnalistika fakültələrində hərbi jurnalist dərsləri keçirilməlidir”
(... əvvəli ötən səhifəmizdə)
Azərbaycanda hərbi jurnalistika böhran keçirir. Ölkədə hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var. Ümumiyyətlə isə özünü hərbi jurnalist adlandıran bir çox jurnalistin hərbi jurnalistika təhsili yoxdur. Mətbuatda çox zaman hərbi sahədə yayılan dezinformasiyaların əsl səbəbi də məhz hərbi bilikli jurnalistlərin az olmasıdır.
Qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar. Bir də görürsən ki, jurnalistlər ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar yayırlar, mövqelərimizin yerləşdiyi yerin adını yazırlar, yüksək rütbəli zabitlərin adını açıq şəkildə deyirlər. Əlbəttə, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir.
Mövcud situasiya göstərir ki, Azərbaycanda hərbi jurnalistika sahəsinin inkişafı olduqca zəruridir. Bu sahədə yazan jurnalistlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, hərbi biliklərinin artırılmasına, jurnalistlərin informasiya əldə etmək imkanlarının genişləndirilməsinə, təhlükəsizlik və müdafiə sektorunda demokratik vətəndaş nəzarətinin həyata keçirilməsində mühüm rol oynayacaq.
Əslində hərbi jurnalist anlayışı bu gün hələ də müzakirə olunan və konkret kiməsə şamil edilməsi barədə qərar verilməyən bir sahədir. Sovet dönəmində hərbi jurnalistlər xüsusi olaraq hərbi məktəblərdə, məsələn, Lvov Ali Hərbi Partiya Məktəbində hazırlanırdı. Onlara rütbə verilib, orduda zabit və hərbi jurnalist kimi çalışıblar. Stringer birbaşa savaş meydanından foto, video çəkən, döyüşü işıqlandıran reportyordur. Bəzi ekspertlər hesab edir ki, hərbi jurnalist olmaq üçün hansısa şərt yoxdur. İstənilən media nümayəndəsi hərbi jurnalist ola bilər. Yəni bunun üçün onun hərbi sahədə bəzi biliklərə yiyələnməsi, silahlı qüvvələr, müdafiə sektoru barədə anlayışının, ən əsası hərbi xidmət barədə əsgəri səviyyədə anlayışının olması lazımdır. Yerdə qalanı isə zamanlıqdır. Yəni zaman özü onu hərbi jurnalist-ekspert kimi yetişdirəcək.
Azərbaycanda hərbi jurnalistika sahəsində vəziyyətin ürəkaçan olmadığını deyən "Azeri Defence” hərbi-texnoloji jurnalının həmtəsisçisi, jurnalist Rəşad Süleymanovun sözlərinə görə, ötən ilin avqust ayında cəbhədə baş verən hadisələr fonunda kütləvi informasiya vasitələrinin bu sahədə məlumatsız olduqları üzə çıxdı: "Müharibə şəraitində yaşamağımıza baxmayaraq Azərbaycanda hərbi jurnalistika ilə bağlı kifayət qədər çatışmazlıqlar var. Jurnalistlərin hərbi sahə ilə bağlı hazırlıq səviyyəsi çox aşağıdır. Hansı ki, həmin çatışmazlıqlar sabahları bizim qarşımıza çox ciddi problemlər olaraq çıxa bilər. Bu mənada indidən qabaqlayıcı tədbirlər görməli və mövcud çatışmazlıqları aradan qaldırmalı, jurnalistlərin hərbi biliklərinin artırılması, peşəkar hərbi jurnalistlərin hazırlanması istiqamətində real addımlar atmalıyıq. Hazırda jurnalistlərin hərbi bilikləri cəbhədə baş verən hansısa bir faktla bağlı xəbər yazmaqdan o tərəfə keçmir. Bu sahədən yazan jurnalistlərin xüsusi kurslar keçməsinə, təlimlərdə iştirak etməsinə çox ehtiyac var. Ən azından onların məlumatlılıq səviyyəsi olmalıdır. Ən əsası isə hərbdən yazan jurnalistin bu sahəyə marağı olmalıdır. Bu gün iqtisadiyyatdan, siyasətdən, mədəniyyətdən yazan ixtisaslaşmış jurnalistlərimizin sayı kifayət qədərdir və onların peşəkarlıq səviyyəsi də qənaətbəxşdir. Amma çox təəssüflər olsun ki, hərbi jurnalistika ilə bağlı eyni şeyləri demək olmur. Bunun da əsas səbəblərindən biri jurnalistlərin özlərini "cəncələ” salmaq istəməmələridir. Artıq elə şeylər yoxdur, amma əvvəllər hərbi sahədən yazan jurnalistlər Müdafiə Nazirliyi tərəfindən təqib olunur, təzyiqlərə məruz qalırdılar. Hərbi xidmətdə olmayan jurnalistləri orduya aparacaqları ilə hədələyirdilər. Jurnalistlər də bu kimi problemlər yaşamamaq üçün hərbi sahədən yalnızca xəbər yaymaqla kifayətlənirdilər.
Amma mətbuatdan fərqli olaraq televiziya kanallarında müəyyən qədər hərbi sahəyə diqqət ayrılır. AzTV, ANS və ATV kanallarında hərbi vətənpərvərlik mövzularında verilişlər çəkilir. Amma bu da sırf hərbi jurnalistika deyil. Çünki dünya təcrübəsində hərbi vətənpərvərlik mövzularında yazan jurnalistlərlə sırf müharibə jurnalistləri fərqlənir. Bu gün bizdə hərbi jurnalistika ifadəsi özü yanlış məqamda istifadə edilir. Əsgər əsgəri öldürübsə, bu barədə xəbər yazan jurnalist də özünə hərbi jurnalist deyir. Ümumiyyətlə, hərbi jurnalistikanın sahələri olmalıdır. Stringer, müharibədən reportajlar hazırlayan jurnalist. Onlar bir növ manyaklaşmış jurnalistlərdir. Hərbi jurnalist insan ölümünə təəccüb etməyən insan olmalıdır. Azərbaycanda "savaş jurnalistikası” 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı olub. Artıq həmin dövrlərdə müharibədə iştirak edən jurnalistlər yaşlandığı üçün enerjiləri də azalıb. Odur ki, gənclər onların təcrübəsindən yararlanmalıdır. Jurnalistlərin təlimlərdə iştirakı ilə bağlı müəyyən planlarımız var. Artıq Müdafiə Nazirliyinin də ilkin təqdimatını almışıq. Çox güman ki, yay aylarında keçirilən hərbi təlimlərin birində jurnalistlər üçün də xüsusi kurslar təşkil olunacaq.
- Hərbi jurnalistlər necə və harada hazırlanmalıdır? Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində hərbi dərslər keçilməlidir. Ya ali hərbi məktəblərdə jurnalistika dərsləri təşkil olunmalıdır?
- Hesab edirəm ki, jurnalistika fakültələrində hərbi jurnalist dərsləri keçirilməlidir. Təbii ki, hərbi jurnalistika yazmaqdan əlavə dayanıqlıq, dözümlülük də tələb edir. Döyüş şəraiti tamam başqa şeydir. Bu gün faktiki Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi mövcuddur. Amma buna rəğmən Tərtərin Marquşavan kəndinə gedəndə insanda bir vahimə yaranır. Universitetlərdə hərbi jurnalistika dərslərinin tədbiri ilə yanaşı, həmin tələbələr müntəzəm olaraq, təlimlərə də cəlb olunmalıdır. Çünki sabahları döyüş bölgəsinə gedən jurnalist parçalanmış insan bədəni, yaralı əsgər görəndə qorxmasın deyə indidən müharibə vəziyyətinə hazırlanmalıdır. Hərbi dəniz qüvvələri, Hərbi hava qüvvələri, Quru qoşunları ilə bağlı jurnalistlərdə təəssürat yaratmaq üçün onlar üçün kurslar keçirmək çox vacibdir. Əks halda, nəzəriyyə də effekt verməz. Müştərək tədbirlər şərtdir. Hərbi jurnalistika da da snayper kimi bir şeydi. Necə ki, min əsgərdən biri snayper olur, o cümlədən də fakültədə təhsil alan 100 jurnalistdən biri hərbi jurnalist kimi peşəkarlaşsa, bizim üçün sevindirici olar.
- Hərbi strukturların media ilə əlaqələrini necə dəyərləndirirsiniz? Bəzi hallarda yayılan dezinformasiyalara səbəb kimi mətbuat xidmətlərinin operativ olmaması göstərilir...
- Bu sahədə açığı hələ də problemlər var. Amma mən bu iddialarla tam razı deyiləm. Söhbət ondan gedir ki, hərbi qurumların öz spesifikası var. Mətbuat xidmətinin rəhbəri də ordu ilə bağlı hansısa bir informasiyanı rəhbərliklə razılaşdırmadan verə bilməz. Necə ki, bank sektoru, qiymətli kağızlarla bağlı yanlış yayılan bir rəqəm bütün sektoru iflic edir, eləcə də hərblə bağlı yanlış bir bir söz, bir ifadə hansısa bir ölkə ilə savaşa da gətirib çıxara bilər, yaxud da digər neqativ hadisələrə yol aça bilər. Təbii ki, jurnalistin vəzifəsi informasiya yaymaq olduğu üçün aidiyyəti qurumlardan informasiya tələb edir. Amma nəzərə almaq lazımdır ki, ölkənin təhlükəsizliyinə, mühafizəsinə cavabdeh olan qurumlardan Kənd Təsərrüfatı Nazirliyindən tələb etdiyimiz kimi informasiya tələb edə bilmərik. Mən hərbi qurumların KİV-lə əlaqələrini müdafiə etmək fikrində deyiləm. Təbii ki, onların da fəaliyyətində müəyyən çatışmazlıqlar var. Amma son zamanlar bu istiqamətdə müəyyən irəliləyişlərin olduğunu da inkar edə bilmərik. Ötən illərlə müqayisədə operativlik xeyli artıb. Daha çox təkmilləşmə üçün isə zamana ehtiyac var. İki il yarım ərzində bağlı qapıları açmaq o qədər də asan məsələ deyil. Onu da deyim ki, bəzi hallarda Müdafiə Nazirliyinin sorğulara cavab verməməsi də jurnalistlərin öz günahıdı. Çünki bəzi jurnalistlər sualları düzgün ünvanlamır. Səfərbərliklə, hərbi qulluğa çağırışla bağlı sualları Müdafiə Nazirliyinin mətbuat xidmətinə ünvanlamaq nə dərəcədə etikdir? Bir müddət əvvəl Türkiyədə İDEF sərgisində adını çəkməyəcəm, TV-lərimizdən birinin İstanbul müxbiri müdafiə sənayesi naziri Yavər Camalova sual verir ki, "cənab nazir, cəbhədəki son vəziyyət barədə nə deyə bilərsiniz?”. Yavər Camalov da hərbi mundirdə - 3-4 metr o tərəfdə dayanan müdafiə naziri Zakir Həsənovu göstərib dedi ki, "o sualı aidiyyəti üzrə - Zakir müəllimə verin”. Halbuki həmin jurnalisti əvvəldən xəbərdar etmişdim ki, Yavər Camalova silah istehsalı ilə bağlı sualları ünvanlamaq daha doğru olar. Amma geniş izahıma rəğmən həmin adam məni dinləmədi. Bu cür hallarda da media nümayəndələrinə qarşı məmurlarda qıcıq yaranır. Amma işinin peşəkarı olan jurnalistlərlə hər bir dövlət qurumu əməkdaşlıqda maraqlıdır. Unutmayaq ki, digər sahələrə nisbətdə hərbi sahənin "kapriz”ləri çoxdur. Hərbiçilərlə əlaqədə olmaq, onlardan informasiya əldə etmək üçün jurnalistlər müəyyən mənada bu "kapriz”ləri qəbul etməli və onların etibarını qazanmalıdır. Hərbi strukturlar girovla hərbi əsiri, həmlə ilə hücumu, rütbələri ayırd edə bilməyən jurnalistlə əməkdaşlıqda necə maraqlı olar bilər? Azərbaycanda "podpolkovnik” deyilən bir vəzifə yoxdu. Sadəcə polkovnik-leytenant var. Burada nazirliyin nə günahı var? Jurnalistin özünün qeyri-peşəkarlığıdır. Hərbdən yazan jurnalist ciddi mütaliələr etməli, hərbi ədəbiyyatla maraqlanmalı, hərbi mətbuatı izləməli və öz üzərlərində çox çalışmalıdır. Hərbi sahə spesifik olduğundan bu sahə xüsusi bilik və bacarıq tələb edir.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb