Hərbi attaşelər gözləri ilə gördü...

Ermənilər Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş kimyəvi silahla vururlar
Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhənin Tərtər rayonu istiqamətinə səfəri başlayıb. Hərbi attaşelər ilk öncə rayonun Əskipara kəndinə baş çəkiblər. Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan səfər Ermənistan Silahlı Qüvvələrinin Əskipara kəndinə fosfor təyinatlı hərbi sursat atması faktı ilə bağlı olub. Hərbi attaşelər beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli hərbi sursatdan istifadə faktı ilə tanış olublar.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisinə ermənilərin atdığı, beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş partlamamış hərbi sursat - 1 ədəd 122 mm-lik top mərmisi (kimyəvi tərkibli, ağ fosforlu) aşkarlayıblar. Attaşelər ermənilərin atdığı fosforlu top mərmisinin düşdüyü yerə də baxış keçiriblər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerə baxıblar. Nazirlik rəsmisinin sözlərinə görə, həmin mərmi sənədləşdirilərək bütün beynəlxalq təşkilatlara göndəriləcək: "Hamı görsün ki, ermənilər Azərbaycanın yaşayış məntəqələrini istifadəsi qadağan olunmuş kimyəvi silahla vururlar”. H.Hacıyev bildirib ki, əraziyə ATƏT-in monitorinq qrupu da gəlib: "ATƏT nümayəndələri də hadisə yerinə baxış keçirib. Qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə birgə əraziyə baxış keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri monitorinq başa çatandan sonra Tərtər rayonuna gediblər. Baxış keçirildikdən sonra kimyəvi silah yerindəcə zərərsizləşdirilib”. Məlumat üçün bildirək ki, aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı ermənilər Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıblar. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb. Onu da əlavə edək ki, ağ fosforlu top mərmisi günəş işığında alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır.
İsmayıl