Şamil Sabiroğlu: “Bu sahənin peşəkarı olmadığı üçün problemlər var”
Hərbi jurnalist kadrları yox səviyyəsindədir
Nurşən Quliyev: “Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, amma bizdə hərbi jurnalistika, hərbi jurnalistlərimiz yoxdur”
Şamil Sabiroğlu: “Bu sahənin peşəkarı olmadığı üçün problemlər var”
Şamil Sabiroğlu: “Bu sahənin peşəkarı olmadığı üçün problemlər var”
(... əvvəli ötən sayımızda)
Azərbaycanda hərbi jurnalistika böhran keçirir. Ölkədə hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var. Ümumiyyətlə isə özünü hərbi jurnalist adlandıran bir çox jurnalistin hərbi jurnalistika təhsili yoxdur. Mətbuatda çox zaman hərbi sahədə yayılan dezinformasiyaların əsl səbəbi də məhz hərbi bilikli jurnalistlərin az olmasıdır. Qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar.
Bir də görürsən ki, jurnalistlər ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar yayırlar, mövqelərimizin yerləşdiyi yerin adını yazırlar, yüksək rütbəli zabitlərin adını açıq şəkildə deyirlər. Əlbəttə, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir.
Mövcud situasiya göstərir ki, Azərbaycanda hərbi jurnalistika sahəsinin inkişafı olduqca zəruridir. Bu sahədə yazan jurnalistlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, hərbi biliklərinin artırılmasına, jurnalistlərin informasiya əldə etmək imkanlarının genişləndirilməsinə, təhlükəsizlik və müdafiə sektorunda demokratik vətəndaş nəzarətinin həyata keçirilməsində mühüm rol oynayacaq.
Əslində hərbi jurnalist anlayışı bu gün hələ də müzakirə olunan və konkret kiməsə şamil edilməsi barədə qərar verilməyən bir sahədir. Sovet dönəmində hərbi jurnalistlər xüsusi olaraq
hərbi məktəblərdə, məsələn, Lvov Ali Hərbi Partiya Məktəbində hazırlanırdı. Onlara rütbə verilib, orduda zabit və hərbi jurnalist kimi çalışıblar. Stringer birbaşa savaş meydanından foto, video çəkən, döyüşü işıqlandıran reportyordur. Bəzi ekspertlər hesab edir ki, hərbi jurnalist olmaq üçün hansısa şərt yoxdur. İstənilən media nümayəndəsi hərbi jurnalist ola bilər. Yəni bunun üçün onun hərbi sahədə bəzi biliklərə yiyələnməsi, silahlı qüvvələr, müdafiə sektoru barədə anlayışının, ən əsası hərbi xidmət barədə əsgəri səviyyədə anlayışının olması lazımdır. Yerdə qalanı isə zamanlıqdır. Yəni zaman özü onu hərbi jurnalist-ekspert kimi yetişdirəcək.
"APA” İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyevin sözlərinə görə, hazırda Azərbaycanda hərbi jurnalistikanı bilən kadrların yetişdirilməsinə ehtiyac var. O, ölkənin təhsil müəssisələrində hərbi jurnalistikanın tədris olunmasının vacibliyini vurğulayıb: "Bu gün Azərbaycanda hərbi jurnalistika yox səviyyəsindədir. Ona görə də hərbi jurnalistikanı, beynəlxalq jurnalistikanı yaxşı bilən kadrlar yetişdirməliyik. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, amma bizdə hərbi jurnalistika, hərbi jurnalistlərimiz yoxdur. Jurnalistlər üçün şərait yaradılmalı, əsgərlərdən, cəbhə bölgəsindən real reportajlar hazırlanmalıdır. Məsələn, bu günlərdə Füzuli cəbhəsində döyüş oldu. Jurnalistlərin döyüş baş verdiyi səngərə getməsini, elə həmin döyüşdə iştirak edən zabitlərlə, əsgərlərlə görüşünü, onlarla müsahibəsini, reportajını təşkil etmək olmazmı? Qoy, onlar düşmənin hücumunu necə dəf etdiklərini danışsınlar, bütün respublika da bundan xəbər tutsun, bilsin ki, əslində, cəbhədə nə baş verir”.
N.Quliyev Jurnalistika fakültəsinin nəzdində olsa belə, hərbi jurnalistikanı tədris edən ixtisasın yaradılmasını təklif edib.
Qarabağ müharibəsi zamanı hərbi jurnalist kimi fəaliyyət göstərən,”Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu da hesab edir ki, Azərbaycanda hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var. Ümumiyyətlə isə özünü hərbi jurnalist adlandıran bir çox yazarın hərbi jurnalist təhsili yoxdur.
Onun sözlərinə görə, mətbuatda çox zaman hərbi sahədə yayılan dezinformasiyaların əsl səbəbi də məhz hərbi bilikli jurnalistlərin az olmasıdır. "Biz bunu istər Qarabağ müharibəsində, istərsə də müstəqillik dövründə müxtəlif vaxtlarda baş verən qaynar atışmalar zamanı yaşamışıq. Yalan məlumatlar insanları panikaya, təşvişə salır.
Azərbaycanda hərbi jurnalistikanın 1992-ci ildə, həm də məcburiyyət qarşısında yaradıldığını deyən Ş.Sabiroğlunun sözlərinə görə, həmin illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzləri geniş miqyas almışdı. Ermənistanın hücumlarından müdafiə olunmaq üçün də Azərbaycanda müdafiə nazirliyi yaradılıb. Nazirliyin nəzdində isə "Azərbaycan ordusu” qəzeti fəaliyyət göstərməyə başlayıb: "Amma Azərbaycanda hərbi jurnalistlər olmadığından kadr çatışmazlığı yarandı. Hərbi kadrlara olan ehtiyacı ödəmək üçün də ali məktəblərin nəzdində fəaliyyət göstərən hərbi kafedraları bitirənlər bu sahəyə cəlb olunmağa başladı. Həmin illərdə sırf hərbi jurnalist təhsilli kadrlardan ehtiyatda olan polkovnik- leytenant Üzeyir Cəfərov, Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Vaqif Dərgahlı və daha bir neçəsi fəaliyyət göstərirdi. Əslində hərbi jurnalist təhsilli 12 jurnalist vardı, amma sonradan onların sayı azaldı. Bu gün Azərbaycanda hərbi jurnalist kimi fəaliyyət göstərənlər olsa da, onların heç biri bu sahənin peşəkarı olmadığı üçün problemlər var. Doğrudur, müəyyən mənada öz vəzifələrinin öhdəsindən gəlməyə çalışırlar. Bu mənada Azərbaycanda hərbi jurnalistikanın durumunu o qədər də qeyri-qənaətbəxş hesab etmirəm. Ən azından hərbi jurnalistika ilə bağlı məqalələr, kitablar çap olunur”.
Ş.Sabiroğlunun sözlərinə görə, Azərbaycanda hərbi jurnalistika ənənəsini formalaşdırmaq, savaş jurnalistikasının inkişafına nail olmaq üçün Müdafiə Nazirliyi dönüş yaratmalıdır: "Bunun üçün də Ali hərbi məktəblərdə jurnalistika şöbələri fəaliyyət göstərməlidir. Hər sahənin öz qanunları, öz qaydaları var. Sabahkı gün döyüş bölgəsində fəaliyyət göstərəcək jurnalist indidən hərbin prinsiplərinə bələd olmalıdır. Necə ki, mədəniyyət, iqtisadiyyat, siyasət sahəsində ixtisaslaşmış jurnalistlərimiz var. Paralel olaraq, hərbi jurnalistika sahəsində də ixtisaslaşma şərtdir”.
Gənc jurnalistlərin hərbi sahəyə həvəssiz olduqlarını deyən müsahibimiz zamanında hərbi jurnalistikadan uzaqlaşdığı üçün indi peşman olduğunu deyib: "O zaman "Səhər” qəzetində hərbi yazılarla çıxış edirdim. Fəaliyyətim yüksək qəbul olunurdu. Həmin vaxt məni Daxili Qoşunların
mətbuat xidmətinə dəvət etdilər, getmədim. Digər qurumlardan da dəvət aldım, amma yenə qəbul etmədim. Bu gün ən azı polkovnik rütbəsində ordudan təxris oluna bilərdim. İlk başlarda hərbi jurnalist kimi fəaliyyət göstərsəm də, axıra qədər getmədim. Amma indi buna görə çox peşmanam. Odur ki, bu sahəni seçən jurnalistlərə daha aktiv və iradəli olmalarını tövsiyə edirəm.
Hərbi jurnalistlərin hazırlanmasına gəldikdə isə onu deyim ki, orta məktəb şagirdləri var ki, həyatlarını sırf bu sahəyə həsr etmək istəyirlər. Bu cür şagirdlərin hərbi jurnalist təhsili almasına şərait yaratmaq lazımdır. Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı ölkə başçısının rəsmi göstərişləri var. Bu sahədə də müəyyən işlər görülür. Gənc, istedadlı kadrlar müəyyən sahələrə cəlb olunur. Amma hərbi sahədə müəyyən boşluq var. Hesab edirəm ki, vaxt itirmədən Müdafiə Nazirliyinin rəhbərliyi təşəbbüs qaldırmalı və hərbi ali məktəbdə hərbi jurnalist hazırlığına nail olmalıdır. Bu sahəyə isə yalnız həvəsi, marağı olan gənclər cəlb olunsun ki, müəyyən müddətdən sonra Azərbaycanda hərbi jurnalistikanın inkişafına nail ola bilək”.
Birlik sədri deyib ki, Bakı Dövlət Universiteti və digər universitetlərin jurnalistika fakültələrinin tərkibində də hərbi jurnalist hazırlığı ilə məşğul olmaq olar: "Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən jurnalistlərlə gənc jurnalistlərin görüşünü təşkil edib, onlarda bu sahəyə maraq yaratmaq da Azərbaycanda hərbi jurnalist ənənəsinin formalaşmasına müsbət töhfə verə bilər”.
Onun sözlərinə görə, hərbi jurnalist mütləq hərbiçi olmalıdır yanaşması şərt deyil: "Milli Qəhrəman Çingiz Mustafayev peşəkar hərbi jurnalist deyildi, Gültəkin Əsgərova da onun kimi. Sadəcə olaraq hərbi jurnalistin hərbi sahəyə marağı olmalı və bu sahədə son dərəcə məlumatlı olmalıdır. Hərbi jurnalist hər şeydən əvvəl Vətənini və sənətini sevməlidir. Yeri gələndə özünü odun-alovun içinə atmağı bacarmalıdır. Onun çatdıracağı bir informasiya ölkənin taleyini həll edə bilər. Ən əsası isə əldə etdiyi xəbəri necə verməli olduğunu dərk etməlidir. Qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar. Bir də görürsən ki, jurnalistlər ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar yayırlar, mövqelərimizin yerləşdiyi yerin adını yazırlar, yüksək rütbəli zabitlərin adını açıq şəkildə deyirlər. Əlbəttə, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir. Bu cür halların qarşısını almaq üçün hərbi jurnalist hazırlığına ciddi önəm verilməlidir”.
Hərbi strukturların media ilə əlaqələrini dəyərləndirən Ş.Sabiroğlu deyib ki, hərbi hissələr qapalı yer olduğu üçün hər adamın ora daxil olması doğru deyil. Amma bir məsələ var ki, bizim xalq orduya maraqlıdır: "Hərbiyə oğul göndərən ana onun vəziyyəti ilə maraqlanmaq istəyir. Bunun üçün də mediaya üz tutur. Odur ki, jurnalisitlər təşəbbüs qaldırıb, hərbi hissələrə baş çəkə bilərlər. Müdafiə Nazirliyinin rəhbərliyi də buna şərait yaratmalıdır. Mənim qənaətimcə, ən azı iki ayda bir dəfə media nümayəndələri ilə hərbiçilər arasında görüşlər təşkil olunmalı, onların iştirakı ilə hərbi hissələrə baxış keçirilməlidir. Burada isə əsas öhdəlik Mətbuat Şurasının və Milli Televiziya və Teleradio Şurasının üzərinə düşür. Mən inanıram ki, media bu işdə maraqlı olsa, nazir Zakir Həsənov onların müraciətlərini geri çevirməz”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb