“Hərbi jurnalistika silah qədər əhəmiyyətlidir”

Rahib Qərib: “Hərbdən yazan jurnalist sərlövhə seçəndə də, yarımbaşlıqlar çıxaranda da diqqətli olmalıdır”
“Əsgəri evə gətirib, ananı ağlatmaq hərbi jurnalistika deyil. Hərb sadəcə intizarda qalan əsgər anaları ilə məhdudlaşdırılmamalıdır”



(... əvvəli ötən sayımızda)

Azərbaycanda hərbi jurnalistika böhran keçirir. Ölkədə hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var. Ümumiyyətlə isə özünü hərbi jurnalist adlandıran bir çox jurnalistin hərbi jurnalistika təhsili yoxdur. Mətbuatda çox zaman hərbi sahədə yayılan dezinformasiyaların əsl səbəbi də məhz hərbi bilikli jurnalistlərin az olmasıdır.

Qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar. Bir də görürsən ki, jurnalistlər ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar yayırlar, mövqelərimizin yerləşdiyi yerin adını yazırlar, yüksək rütbəli zabitlərin adını açıq şəkildə deyirlər. Əlbəttə, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir.

Mövcud situasiya göstərir ki, Azərbaycanda hərbi jurnalistika sahəsinin inkişafı olduqca zəruridir. Bu sahədə yazan jurnalistlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, hərbi biliklərinin artırılmasına, jurnalistlərin informasiya əldə etmək imkanlarının genişləndirilməsinə, təhlükəsizlik və müdafiə sektorunda demokratik vətəndaş nəzarətinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Hərbi jurnalistika ilə bağlı suallarımızı bu dəfə "ANS” telekanalında neçə illərdir yayımlanan "Marş” verilişinin aparıcısı, ehtiyatda olan mayor Rahib Qərib cavablandırıb. Qeyd edək ki, "Marş” verilişi bu gün hərbi sahəmizlə bağlı ən yaxşı proqramlardan biri kimi tanınır. Azərbaycan hərbiçilərinin durumu, döyüş vəzifələrini necə icra etməsi, hərbi hissələrdə milli vətənpərvərlik ruhunun hansı formada aşılandığı haqqında dolğun informasiyalar ictimaiyyətə demək olar ki, bu veriliş vasitəsilə çatdırılır.

Azərbaycanda hərbi jurnalistikanın vəziyyətini o qədər də qənaətbəxş hesab etməyən R.Qərib hesab edir ki, elə bir fəlakətli mənzərə də yoxdur:

- Az da olsa, hərbi jurnalistlər yetişməkdədir. Sadəcə olaraq, Azərbaycan müharibə şəraitində olduğu üçün hərbi jurnalistika sahəsi bizdə daha güclü olmalıdır. Jurnalistlərimiz hərblə bağlı sadəcə xəbər yazmaqla kifayətlənməməli, daha sanballı və təhlili yazılara üstünlük verməlidirlər. Azərbaycanda professional olaraq, hərbi jurnalistika ilə məşğul olan jurnalistlərin sayı az olduğu üçün aktivlik hiss olunmur. Professional hərbdən yazan nə qədər jurnalist var ki? Mən yalnız APA-da çalışan Rəşad Süleymanovun və ehtiyatda olan polkovnik - leytenant Üzeyir Cəfərovun adını çəkə bilərəm, vəssalam. Özümüzü tərifləmək istəmirəm. Sadəcə nümunə olaraq, göstərirəm ki, hərbdən yazan jurnalist ordu ilə müntəzəm əlaqədə olmalıdır.

Bu sahədə olan biri kimi deyə bilərəm ki, hərbi jurnalistikanın səviyyəsinin az olması müəyyən mənada bu sahəyə gənc jurnalistlərin maraqlı olmaması ilə bağlıdır. Əlinə qələm alan, yazmağı bacaran hər jurnalist hərbi jurnalist ola bilməz. Burada istedad, fantaziya, yaradıcılıq qabiliyyətindən daha çox çeviklik, həvəs, dözüm, bilgi, tərbiyə əsas şərtlərdir.

- Hərbi jurnalistlərin sayı az olsa da, peşəkarlıq səviyyəsi sizcə qaneedicidirmi?

- Təbii ki, hərbi jurnalistikanın durumunu biz ümumi mediadan ayrı şərh edə bilmərik. Hərbi jurnalistikanın inkişafı və peşəkarlığına jurnalistikada olan ümumi mühitin də təsiri var. Azərbaycanda media sahəsindəki müəyyən çatışmazlıqlar normal olaraq, hərbi jurnalistikanın peşəkarlığına da mənfi təsir göstərir. Əsas səbəblərdən biri də odur ki, Azərbaycanda daha çox məişət mövzularına, qurama sosial problemlərə üstünlük verilir. Cəmiyyətin diqqətini çəkmək, reytinq qazanmaq üçün əsası oldu olmadı yazılar yazır, verilişlər hazırlayırlar. Belə bir rəqabət mühitində hərbi jurnalistlər də fərqinə varmadan sensasion başlıqlardan istifadə edirlər. Əslində isə hərbdən yazan jurnalist sərlövhə seçəndə də, yarımbaşlıqlar çıxaranda da diqqətli olmalıdır. Çünki hərbi jurnalistika silah qədər əhəmiyyətlidir. Yazılan hər söz, seçilən hər başlıq bir mesajdır. Hansısa yanlış anlaşılan bir ifadə cəmiyyətdə psixoloji gərginlik yarada bilər. Mövcud jurnalistikanın durumuna və tələblərinə uyğun olaraq, biz "ANS” olaraq, müəyyən qədər çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Digər proqramlarla bağlı müzakirəyə 1 saat vaxt ayrılırsa, Seyfulla Mustafayev "Marş” verilişinin müzakirəsinə 3 saata yaxın vaxt ayırır. Qarşılıqlı məsləhətləşmə ilə bütün hərbi siyasi vəziyyəti saf-çürük etməklə bir verilişi ərsəyə gətiririk. Biz çalışırıq ki, hərbi, müdafiə sənayesi sahəsində baş verən yenilikləri çəkib nümayiş etdirək. Həm ordumuz məlumatlansın, həm də orduya maraq göstərən gənclərdə bu sahəyə həvəs, ölkənin müdafiəsinə inam yaransın. Bizim əsas amalımız Silahlı Qüvvələrimizə dəstək olmaq, gənclərdə hərbi vətənpərvərlik hisslərinin yüksəlməsinə töhfə verməkdir. Ölkəmizin silah istehsalından tutmuş, ən ucqar cəbhə xəttində dayanan əsgərimizə qədər hər şey, hər kəs bizim diqqət mərkəzimizdədir. Məhz bunun nəticəsidir ki, "Marş” layihəsi 5 ildir özünü doğrultmaqdadır. Çünki biz bu prosesi şüarla yox, rubrikalarımızın köməyi ilə həyata keçiririk. Hansı ki, rubrikalarımızın da hər birinin öz məqsədi, öz istiqaməti var. Bu gün "Marş” verilişinin ideya müəlliflərindən tutmuş aparıcısına qədər hər kəs Qarabağ müharibəsinin iştirakçısı olub. Bu baxımdan "Marş” təbii ki, daha peşəkardır. Günlərimiz səngərlərdə keçib, çətin şəraitdə olsa belə əsgərlərimizlə gecələməli olmuşuq. Bu gün bir sıra hərbi jurnalistlər qərargahlara gedib geri qayıdırlar. Hərbi jurnalist hər şeydən əvvəl yağışdan, qardan qorxmadan birbaşa səngərə getməyi bacarmalıdır. Bizdən sonra hərbi veriliş açan həmkarlarımız sensasiya, montaj effektlərlə bir günün içində efiri doldurur. Təbii ki, bütün bunlar da lazımdır, amma hərbi verilişlər ideoloji baxımdan hədəf seçməli, ciddi təhlillər ortaya qoymalıdır.

Bu sahədə irəlidə olan bir komanda olaraq, ardımızca gələn hərbi jurnalistlərin daha çox və daha peşəkar olmasını arzulayırıq. Daha çox yenilikçi olsunlar və bizi ötüb keçsinlər. Amma çox təəssüflər olsun ki, bu istiqamətdə cəhdlər çox azdır. Rəqabət mühiti olmadığı üçün də inkişaf zəifdir. Əsgəri evə gətirib, ananı ağlatmaq hərbi jurnalistika deyil. Hərb sadəcə intizarda qalan əsgər anaları ilə məhdudlaşdırılmamalıdır. Türkiyə, Rusiya təcrübəsindən yararlanmaq lazımdır. Biz gözüyaşlı əsgər analarını yox, ordumuzun hərbi gücünü, döyüş ruhunu xalqa nümayiş etdirməliyik. Azərbaycanda hərbi jurnalistika o səviyyədə olmalıdır ki, cəmiyyətimiz ordumuzla çiyin-çiyinə addımlasın. Orduya "mız” qoymaq, hərbi rəhbərliyin işinə "badalaq” vurmaq doğru yanaşma deyil. Bizi düşmən mətbuatı da, ölkəmizi sevməyən digər dövlətlər də izləyir. Təbii ki, ordunun problemlərini, çatışmazlıqları ortaya qoymaq lazımdır, amma onun da bir yolu var. Hər şeyi boz rəngdə təsvir etməklə biz nəyə nail olacağıq? Hərbi jurnalistika da ən az hərbinin özü qədər nizam-intizamlı olmalıdır. Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməmiş məlumatlar yayımlamaq olmaz. Həmin məlumat ordumuzun nüfuzuna xələl gətirə, hərbi sirrin düşmən əlinə keçməsinə şərait yarada, təhlükəsizlik və müdafiə qabiliyyətimizin aşağı düşməsinə səbəb ola bilər.

- Ordu ilə jurnalistlər arasındakı münasibətlər sizi qane edirmi?

- Bu məsələ mənim ən yaralı yerimdi. İlk növbədə onu deyim ki, hərbi strukturlarla media arasındakı münasibətlər qarşılıqlı olmalıdır. Niyə müdafiə naziri general-polkovnik Zakir Həsənov "ANS” televiziyasına, "Marş” verilişinə hörmətlə yanaşır, müraciətlərimizi cavabsız qoymur? Nazirlik o jurnalistlərin suallarına əhəmiyyət vermir ki, onların işi ancaq sensasiya axtarmaq, dezinformasiya yaymaqdan ibarətdir. Jurnalistdə punktallıq olmalı, verdiyi sualın əhəmiyyətini dərk etməlidir. Ötən günlərin birində Türkiyədə keçirilən İDEF sərgisində Zakir Həsənov orda ola-ola jurnalistlərimizdən biri Müdafiə sənaye naziri Yavər Camalova sual verir ki, "cənab nazir, cəbhədəki son vəziyyət barədə nə deyə bilərsiniz?”. Bu artıq müsibətdir, dünyanın sonu deməkdir. Bu qədər də olmaz axı? Belə jurnalistin sualına kim cavab verər? Yavər Camalov da hərbi mundirdə - 3-4 metr o tərəfdə dayanan müdafiə naziri Zakir Həsənovu göstərib dedi ki, "o sualı aidiyyəti üzrə - Zakir müəllimə verin”. Yaxud da, hansısa bir tədbirdə Zakir Həsənovu görən jurnalist: "Cənab nazir, sizin Ermənistana mesajınız?”. Belə sual olar? Nazir adi bir jurnalistin sualı ilə Ermənistana mesaj verməz. Çünki nazirin dilindən çıxan hər söz özündə dövlətin rəsmi mövqeyini ehtiva edir. Hərbi jurnalist sual verməzdən əvvəl verdiyi sualın cavabını alıb-almayacağını düşünməlidir. Əgər hərbi strukturların jurnalistlərə münasibəti xoş deyilsə, bunun başlıca səbəbini həmkarlarımız özlərində görməlidir. Bütün günah hərbi sahəni bilməyən, məlumatsız, ağlına gələn sualı verən, yazan jurnalistlərdədir. Hərbi strukturların heç bir qəbahəti yoxdur. Onların hər birinin mətbuat xidmətləri öz vəzifələrinin öhdəsindən yetərincə gəlir. Ordu ilə bağlı iki-üç dənə sensasion məlumat yaymaq hələ hərbi jurnalist olmaq deyil. Əslində, hərbi şouya çevirməyin, ordu ilə bağlı sensasion məlumatlar yaymağın tam əleyhinəyəm. Bu bir növ evin qaravulçusu ilə bağlı məlumatları qonşuya ötürmək kimi absurd bir məsələdir. Ordunun cəmiyyətlə əlaqəsini təşkil etmək başqa şeydir. Ordunun nüfuzuna zərbə vura biləcək xəbərlər yazmaq isə tamam başqa şeydir.

- Hərbi jurnalist hazırlığı harada aparılmalıdır?

- Əlbəttə, bu sahədə axsamalar həddindən artıq çoxdur. Vaxtı ilə Bakı Dövlət Universitetində hərbi jurnalistika ilə bağlı ixtisaslaşma olmadığı üçün bu gün bu sahədə yazan jurnalistlər arasında ciddi kadr çatışmazlığı var. Bir müddət hərbi jurnalist hazırlığı ilə bağlı müzakirələr getdi. Hətta məni də cəlb etmək istəyirilər. Amma o vaxtlar texniki imkanlar az olduğu üçün bu məsələ gündəmdən çıxdı.

Ali Hərbi məktəbin nəzdində hərbi jurnalist hazırlanması ilə bağlı Müdafiə Nazirliyi təşəbbüs qaldırsa da, bu məsələ məqsədəuyğun hesab olunmadı.

Hesab edirəm ki, hərbi jurnalistika sahəsi ilə bağlı "ANS”-in fonunda "Marş”ın tutduğu istiqamət əsl məktəbdir. Yeri gələndə həqiqətləri çılpaqlığı ilə verməyi də bacarırıq. Təbii ki, hərbi nizamnaməyə uyğun olaraq. Bu gün hərbi mütəxəssislərdə bizim veriliş yüksək rəy formalaşdırıbsa, deməli, bu bizim uğurumuzdur. Bizə olan müraciətlərdən, sosial şəbəkələrdəki statuslardan da bizə olan münasibəti görmək mümkündür. Sevindiricidir ki, hərbi rəhbərliyin etimadını qazana bilmişik. Bu gün müxtəlif tədbirlərlə bağlı bizə dəvətlər gəlirsə, deməli, çox şeyə nail olmuşuq. Gənc jurnalistlər, tələbələr təşəbbüs göstərib, bizə müraciət edə bilərlər. "Marş”ın qapısı öyrənmək istəyən hər kəsin üzünə açıqdır. Amma təəssüflər olsun ki, təşəbbüskarlıq çox azdır. Bu sahənin peşəkarlarını leksiya üçün universitetlərə dəvət edə, yaxud da özləri gəlib, "mətbəximiz”lə tanış ola, bizdən nəsə öyrənə bilərlər. Gəlmirlər axı!

(Davamı var...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb