Hərbi təlimlərin başında Türkiyə durur

Bundan Azərbaycan da qazanacaq, Gürcüstan da


Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər keçiriləcək.
Gürcüstan bürosunun məlumatına görə, hərbi təlimlər iyunun 4-14-dək Gürcüstanda baş tutacaq. 

Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, "Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək. Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır. Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, adı keçən dövlətlər qonşu dövlətlər olmaqla yanaşı, qayğıları da eynidir. Bölgə üçün gözlənilən təhdidlər hər bir Qafqaz ölkəsini eyni dərəcədə narahat edir: 

"Bir tərəfdən terror şəbəkələrinin miqyasının genişləndirilməsi, islam bayrağı adı altında bu dövlətlərin hədəf seçilməsi və mütəşəkkil hərbi qrupların və ya dövlətlərin əleyhinə keçirilən savaşlar da region üçün narahatedici amillər sırasındadır. Türkiyə NATO üzvü olaraq böyük bir hərbi inkişaf yolu keçib. Bu isə Azərbaycan və Gürcüstan üçün kifayət qədər əhəmiyyətlidir. Türkiyə-Azərbaycan-Gürcüstan formatı istənilən baxımdan hər üç dövlətin maraqlarına və mənafeyinə uyğun bir formatdır”.
Bu ölkələrin strateji tərəfdaş olduğunu vurğulayan millət vəkili deyib ki, Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir: "Bu baxımdan hər üç dövlətin müdafiə və hərbi sahədə əməkdaşlığı və bu əməkdaşlığını inkişaf etdirməsi gözlənilən idi.
Sözsüz ki, zamanında rəsmi Bakının verdiyi tarixi qərarlar olmasaydı, üçlü formatda hərbi təlimlər və siyasi əlaqələr mümkün olmayacaqdı. Regionun əsas paradiqmalarını Azərbaycan yaradıb. Mövcud olan iqtisadi mənafelər bu dövlətləri hərtərəfli birləşməyə vadar elədi. Digər məsələ isə Azərbaycan və Türkiyənin hərbi qüvvələri arasındakı əməkdaşlığın yüksək səviyyədə olması ilə bağlıdır. Gürcüstan qərb yönümlü siyasət yeritməsinə rəğmən bu ölkənin silahlı qüvvələrinin təkmilləşdirilməsində və modern bir səviyyəyə çatması istiqamətində Türkiyənin fəaliyyətini qəbul edib və ortada real razılaşmalar var”.

Z.Oruc deyib ki, bir vaxtlar Amerika Birləşmiş Ştatları Türkiyənin Qafqazda güclənməsinə qısqanc yanaşır və müxtəlif vasitələrlə Türkiyənin təsirlərini azaltmağa çalışırdı: 

"Ancaq indiki reallıqda ABŞ-ın müdaxilələri real görünmür. Əvvəla ona görə ki, Tramp özünün xarici siyasət kursunu fərqli elan edib. Bu isə o deməkdir ki, artıq Gürcüstan üçün Türkiyənin rolu daha önəmlidir. Azərbaycan isə bu əlaqələrə 4-cü ölkəyə qarşı hərbi ittifaq kimi yanaşmasa da, bir fakt kimi ortaya qoyulmalıdır. Düzdür, bunun fonunda Ermənistanın da üçlü ittifaq quruculuğuna gedə bilər. Hətta onlar Gürcüstanı öz tərəflərinə çəkmək üçün müəyyən addımlar da ata bilərlər. Amma reallıq bundan ibarətdir ki, Gürcüstan rəhbərliyi yaxşı anlayır ki, regionda Azərbaycanı və Türkiyəni əvəz edəcək ikinci bir dövlət mövcud deyil. Üçtərəfli formatda hərbi təlimlərin keçirilməsi Türkiyənin Cənubi Qafqazda nüfuzunu artıracaq. Türkiyənin Qafqazda nüfuzunun artması Azərbaycan və Gürcüstanın maraqlarına uyğundur”.
Millət vəkili deyib ki, burada əsas məsələlərdən biri Rusiya faktoru ola bilərdi, amma rəsmi Moskva Türkiyənin iştirakı ilə keçirilən bu təlimlərə kifayət qədər normal münasibət göstərir.

Şəymən