Hesabat verilməlidir, vaxta az qalıb

Partiyalar isə kasıbçılıqdan gileylənir, boş sənəd təqdim etməyi problem görmürlər



Mərkəzi Seçki Komissiyası partiyalara xəbərdarlıq edib. Partiyalar aprelin 1-nə qədər illik maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi və hesabatların dərc edilərək rəsmiləşdirilməsi prosesini başa çatdırmalıdır. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, hesabatlarını təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımlar atacaq, bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq müraciət ediləcək:

"Ümid edirəm ki, partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq. Azərbaycanda siyasi partiyaların fəaliyyəti şəffaf, dürüst olmalıdır. Xatırladaq ki, "Siyasi Partiyalar haqqında” qanuna edilən son dəyişikliyə görə, büdcədən maliyyələşən və maliyyələşməyən bütün partiyalar Ədliyyə Nazirliyi ilə yanaşı, MSK-ya da hesabat verməlidir. Hazırda ölkədə qeydiyyatdan keçən 55 siyasi partiyadan sadəcə 14-ü 2015-ci il üzrə illik maliyyə hesabatını təqdim edib. Qalanlarından isə hələlik səs-soraq yoxdur.

Hesabatın yubanması ilə bağlı "Şərq”ə danışan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, qanuna edilən son dəyişiklik çox absurddur. Onu həyata keçirmək min-bir əziyyətlə başa gəlir: "Burada yalnız boş hesabatdan söhbət getmir, eyni vaxtda audit rəy də tələb olunur. Audit rəyinin xərci isə ən azı 200 manatdır. Axı maliyyə fəaliyyəti olmayan, heç yerdən pul almayan partiya nəyə görə 300-400 manat pul ödəməlidir? Bu, məntiqsizlikdir. Fikrimcə, həmin qanunu "başı olmayan” adamlar hazırlayıb. Qanun partiyaların fəaliyyətinə təkan vermir, əksinə, əngəl törədir. Elə bil, özləri qəsdən zəhləmizi tökmək üçün o cür qanun yaradıblar. Ona görə də hesabatı vaxtında təqdim edə bilmirik”. Partiya sədri bildirib ki, hər dəfə aprelin 1-nə kimi nazirliyə və MSK-ya məktub yazaraq, boş blank göndərirlər: "Məlumat veririk ki, bizim heç bir maliyyə fəaliyyətimiz yoxdur. Amma audit rəyi göndərmirik. Nəyə görə hardansa 200 manat borc alıb MSK-ya verməliyəm? İndi özləri bilər, istəyərlər bunu hesabat kimi qəbul edərlər, istəməzlər etməzlər”. Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov isə deyib ki, qanunvericiliyə görə, iqtidar və ya müxalifət olmasından asılı olmayaraq, hər partiya
vaxtında hesabatını təqdim etməlidir: "Məsələ burasındadır ki, müxalifət partiyaları üçün hesabat vermək o qədər də mürəkkəb proses deyil. Çünki hakim partiyadan fərqli olaraq müxalif qurumların maliyyə qaynaqları, ianələri yoxdur. Əgər kimlərsə müxalifətə maddi yardım edirsə, bunu gizli şəkildə edir və rəsmiləşdirmir. Ona görə də siyasi partiyalar üçün rəsmi hesabat tam formal xarakter daşıyır. Sadəcə olaraq hər il bunun təkrar olunması partiyaları çətinə salır. Çünki qanuna görə, auditdən rəy alınmalıdır. Təsəvvür edin ki, sıfır hesabata görə də hansısa auditə gedərək müəyyən məbləğdə pul ödəməlisən. ADP ilə bağlı problem yoxdur. Biz artıq audit rəyini almışıq və mütəxəssislərimiz rəyi hazırlayıblar. Yəqin ki, sabah, ya o biri gün hesabatı MSK-ya verəcəyik”. Partiya funksioneri deyib ki, işçilərinə maaş verən partiya boş hesabat verə bilməz. Ancaq kimsə partiyada könüllü işləyirsə, yəni başqa iş yerinə rəğmən partiyada ictimai fəaliyyətlə də məşğul olursa, bu, hesabata salına bilməz: "Eyni zamanda siyasi partiyalar maliyyə mənbələrini gizli saxlamaq iqtidarına malikdir. Əgər kimsə onların cibinə pul qoyursa, onlar da pulu partiya üçün sərf edirsə, bunun üçün maliyyə sənədləri tələb etmək qeyri-qanunidir. ADP-nin işçisi çox deyil. Onlar da qurumdan maaş almırlar, hərəsi başqa iş görüb birtəhər dolanırlar”.

İsmayıl