Akif Aşırlı
(Əvvəli ötən sayımızda)
Müsavat hakimiyyəti illərində mənim xaricə ezam edilən tələbələrin sırasına daxil etmək barədə xahişim etinasızlıqla qarşılandı. Belə ki, Müsavat hökumətinin nöqteyi-nəzərincə, mən öz siyasi əqidəmə görə, siyasi baxımdan "etibarsız” element hesab olundum. İndii texniki mütəxəssislərə necə böyük ehtiyac yarandığını və Azərbaycan sovet hökumətinin təcrübəsindən xarici ölkələrə tələbə ezam etmək hallarının olduğunu bilərək, Sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni Almaniyaya ezam edəsiniz”.
Məktubun məzmunu və tonu yaranmış yeni siyasi-ideoloji tələblərdən doğurdu və S.Zərdabinin Müsavat hökumətinin onu "siyasi baxımdan etibarsız elan etməsi” barədə əsası olmayan fikri də ali təhsil almaq ehtirasından doğurdu. Bəlkə də bu formada müraciətinə müsbət cavab ala biləcəyini düşünürdü. Bir müddət Bakıda anasının yanında qalan Səffət bəy Nəriman Nərimanov və Dadaş Bünyadzadənin səyi ilə öz istəyinə uyğun Almaniyaya ali təhsilini davam etdirməyə yollandı.
Özünün qeyd etdiyi kimi, 1928-ci ildən sonra Azərbaycana deyil, Türkiyəyə dönür. Görünür, siyasi quruluş və repressiya dalğası onun Vətənə yolunun qarşısını kəsir.
Mühəndis memar kimi Səffət bəy Ankarada bir çox binaların baş memarı olur və Türkiyə Mühəndislər Ocağının əsas qurucuları sırasına qatılır. "Türkiyə mühəndislik xəbərləri” dərgisinin bir neçə sayında S.Zərdabinin memarlıq fəaliyyəti barədə xeyli sayda məlumatlara rast gəlmək olar. İnşaat sektorunda mühüm vəzifələr icra edən Səffət Zərdabi Ankarada maarif vəkalətli inşaat şöbəsinin müdiri, İnhisarlar Birliyinin inşaat şöbəsi rəisi, "Sumerbank” inşaat bölümünün direktoru kimi fəaliyyət göstərərək Türkiyənin bir çox sənaye obyektlərinin memarı, arxitektoru olur.

1934-cü ildə çap olunan "Memar” dərgisinin 3-cü sayında S.Zərdabinin Sumerbanka yüksək inşaat mühəndisi təyin olunması barədə xəbər çap edilib. Türkiyənin memarlıq tarixini yaşadan bəzi kitablarda adı türk memarı kimi qeyd edilən Həsən bəyin ömrünü mühacirətdə keçirən oğlu "Sumerbank”dakı fəaliyyətindən sonrakı dönəmə də toxunaraq yazır: "Bir müddət Kayseri sənaye fabrikinin tikintisində inşaat işlərinə nəzarət şöbəsində fəaliyyət göstərdim. Konya, Dənizli, Aydın, Ədirnə və Diyarbəkir vilayətlərində bayandırlıq müdiri oldum”. Memar və yüksək inşaat mühəndisi kimi çalışan Həsən bəy Zərdabinin bu vətənpərvər övladı 1950-ci ildə təqaüdə çıxır. Təqaüdə çıxdıqdan sonra Azərbaycanın istiqlalının bərpası üçün qələmə sarılır və elə həmin vaxtdan başlayaraq "Milliyyətçi Azərbaycan Dərnəyi”nin qurucuları sırasına qatılır, kommunizmə qarşı mücadilə apararaq üsyankar yazılar qələmə alır. S.Zərdabinin ömür yolunun ardıcıl, addım-addım araşdırılması onu göstərir ki, siyasi proseslərə qatılsa da, o, öz peşə məsləyindən də aralı qalmır. "Türkiyə mühəndislik xəbərləri” dərgisinə mühəndis günü ilə bağlı açıqlamasında qeyd edir ki, bu zamandan etibarən, yəni 1967-ci ildən Mersin bölgə müdirliyində liman tikintisində şöbə müdiri olaraq çalışır. Bu faktdan aydın olur ki, 1970-ci ilə qədər S.Zərdabi Türkiyədə yaşayıb və onun sonuncu iş yeri Mersin olub. 1970-ci ildən sonra isə xalqımızın mənəvi atası Həsən bəy Zərdabinin övladının taleyi bilinmir. Təsdiqini tapmayan iddialara görə, S.Zərdabi 1970-ci ildən sonra Almaniyaya köçüb və orada yaşayıb.
Memarlıq fəaliyyəti ilə yanaşı, ictimai-siyasi proseslərə qatılan Səffət bəy Azərbaycan mühacirlərinin bir araya gəlməsində, bolşevik istilasına qarşı mübarizənin təşkilində fəallıq göstərir, mühacirət mətbuatının formalaşmasında naşir yazar kimi çalışır.
***
1950-ci illərdə "Azərbaycan Milliyətçilər Dərnəyi”nin rəhbər heyətində təmsil olunan Səffət Zərdabi bu təşkilatın mətbu orqanı olan "Türk izi” dərgisinin nəşrində iştirak edir. Atası Həsən bəy Zərdabinin mətbu yolunu mühacirətdə davam etdirən Səffət bəyin ilk jurnalist fəaliyyəti də bu dərgi ilə bağlıdır. 1952-ci ildə ilk sayı işıq üzü görən "Türk izi”nin bəzi mətbuat tarixçilərimizin monoqrafiya və kitablarında göstərdiyi kimi 10 deyil, 25-dən çox sayı çap olunub. Həm də dərgi iddia edildiyi kimi, 1957-ci ildə qapanmayıb, Şirin Şirvanlının rəhbərliyi ilə 1963-cü ilə qədər fəaliyyətini davam etdirib. "Türk izi” dərgisi Məhəmməd Əmin Rəsulzadənin xeyir-duası və rəyi ilə nəşrə başlayan "Azərbaycan” Kültür dərgisindən fərqli olaraq, radikal millətçi mövqeyi ilə seçilir. M.Ə.Rəsulzadə və onun mühacirlər komandasının apardığı Azərbaycan istiqlal savaşının ideoloji xəttini qəbul etməyən və kəskin müxalif mövqeyi ilə seçilən "Türk izi”nin yayım müdiri Çingiz Göygöl idi. Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Yusifbəylinin (Kürdəmir), Hidayət Turanlının, A. Çəmbərəkəndlinin, Nağı bəy Şeyxzamanlının (Bayramgil), Mehmet Altunbayın, Əziz Alpoutun, Mustafa Vəkilovun, M.A.Azərin, Əfrayib Aydəmirin iştirak etdiyi bu məcmuədə S.Zərdabinin hələlik bir məqaləsini tapmağa müvəffəq olduq. Bəlkə də, jurnalın əldə edə bilmədiyimiz nüsxələrində onun digər məqalələri də işıq üzü görüb. S.Zərdabinin "Azərbaycan istiqlalına gedən yollar” sərlövhəli siyasi publisistik üslubda qələmə aldığı bu məqalə "Türk izi”nin 1952-ci il 2 və 3-cü birləşmiş sayında çap olunub. Məqalədə Azərbaycan istiqlalının bərpası yolunda Türkiyədə və Avropanın müxtəlif yerlərində mübarizə aparan mücahidlərin fərqli siyasi fəaliyyətlərinə toxunulur və onların pərakəndə fəaliyyətləri tənqid olunur. İstiqlal anlayışına millətçi baxımından yanaşan Səffət bəy bu məqalədə Azərbaycanı türk dünyasının bir parçası kimi götürür və türk millətinin xarakterinə, xüsusiyyətinə uyğun siyasi platformanı əsas olaraq qəbul edir: "İstiqlal hər millət üçün müqəddəsdir, fəqət, hər bir türk üçün müqəddəs olmaqla yanaşı, milli xarakterini də ifadə edir. Tarix boyunca heç bir türk kölə olmayıb, hətta şəxsi həyatında belə əzilməyi özünə yaxın buraxmaz. Yağılar tərəfindən himayə edilərək yaşamaq istəməz, lakin öz qardaşlarının yardımından da imtina etməz, bir şərtlə ki, öz azadlığını qoruyub saxlasın”.
Azərbaycanın müstəqilliyinin bərpasını xarici və daxili dəstək olmadan həyata keçirməyi qeyri- mümkün hesab edib, Qafqaz Konfederasiyası və Rusiyanın Federasiya şəklində Azərbaycan istiqlalının təminini məqbul hesab edənlərdən fərqli olaraq, S.Zərdabi bu ideyaların əsassızlığını irəli sürür. Qafqaz Konfederasiyası ideyasının Azərbaycan Xalq Cümhuriyyəti dönəmində iflasa uğradığını tarixi faktlara söykənərək izah edir və bildirir ki, nə Gürcüstan, ələlxüsus da Ermənistan bu konfederasiyanın yaranmasında maraqlı deyil. AXC dövründə yaşanmış tarixi proseslərə diqqət çəkən müəllif qeyd edir ki, Qafqaz Konfederasiyası ideyasını reallaşdırmaq üçün əvvəlcə bu birləşmiş dövlətin daxili və xarici sərhədləri müəyyənləşdirilməlidir: "Yoxsa erməni Mikoyanla gürcü Çuqaşvili (Stalin) tərəfindən təsbit edilən bugünkü sərhədləri utanmadan qəbul edirsiniz? Bunların heç birini qəbul etmədiyinizimi söyləyirsiniz? Müəyyənləşdirdiyiniz konfederasiyanın nə xarici, nə də ki daxili sərhədləri müəyyən edilməyib. Bu halda, nə qurmaq istədiyinizi sora bilərəmmi?” Kəskin polemik üslubda qələmə alınan bu məqalədə müəllifin üstünlüyü tarixi təcrübəyə söykənərək fikrini arqumentləşdirməsidir.
"Türk izi”nin bir neçə sayı çap olunandan sonra "Azərbaycan Milliyətçilər Dərnəyi”nin ətrafındakı mühacir publisistlər "Mücahid” adlı dərginin çapına icazə alır. Bu sırada fəallıq göstərənlərdən biri də S. Zərdabi idi. Ankaranın Baxçalıevlər ünvanında yerləşən "Mücahid”in ilk sayı 1955-ci ilin iyulunda işıq üzü görüb. 26 səhifə həcmində ayda bir dəfə çapı nəzərdə tutulan dərginin sahibi Çingiz Göygöl, nəşriyyat müdiri, yəni yazı və çap işlərinə məsul S.Zərdabi idi. O, 1957-ci ilin iyununa qədər dərgidə bu mühüm vəzifəni dayışıb və həmin ilin dekabrından sonra onu Çingiz Göygöl əvəzləyib. Araşdırmalar zamanı bəlli olur ki, ayda bir dəfə nəşri nəzərdə tutulan dərgi, maddi imkansızlıq səbəbindən fasilələrlə bəzən 3-4 aydan bir nəşr edilib. S. Zərdabi nəşriyyat müdiri kimi 1955-ci ilin noyabrında, "Mücahid” in 4-cü sayında çap etdirdiyi "Oxucularımıza açıqlama”sında bu barədə məlumat verərək yazır: "Mücahid” xaricdən və daxildən maliyyələşdirilən təşkilatın məcmuəsi deyil. Adlarını "Mücahid” sütunlarında gördüyünüz, uzaqdan və ya yaxından tanıdığımız dostların öz gündəlik qazanclarından kəsərək verdikləri para ilə işıq üzü görür.” Məcmuənin ilk sayının 50 quruş olduğunu xatırladan nəşriyyat müdiri 2-ci saydan etibarən səhifələrin sayını çoxaldacağını bildirir. Və qeyd edir ki, buna səbəb çoxsaylı oxucu məktublarının redaksiyaya daxil olmasıdır.
Maraq doğuran məqamlardan biri də nəşriyyat müdiri kimi S.Zərdabinin redaksiyaya məktub göndərənlərdən etikalı olmağı, jurnalist peşəsinin dəyərlərinə hörmətlə yanaşmağı xahiş etməsidir: "Mücahid” zümrələri, ayrı-ayrı şəxsləri hədəfə almır. Azərbaycan və bütün türk ellərinin ağrı-acılarından, dərdlərindən sui-istifadə edən, kin və küdurətin məhsulu olan, milli müqəddəratımızı zədələyən yazılara sütunlarımızda heç zaman yer verilməyəcəkdir”. Həmin dönəmlərdə Azərbaycan mühacirləri arasındakı ziddiyətlərin aradan qaldırılması, kommunist rejiminə qarşı vahid cəbhədə mübarizə aparmaları üçün lazım olan amil bu idi. S.Zərdabi atasının azərbaycançılıq ideyasına söykənərək müxtəlif mövqeli insanların bir araya gəlməsi üçün "Mücahid”in səhifələrində günümüz üçün də aktual olan bir çox məsələlərə toxunur. Azərbaycanın milli dəyərlərinə çevrilən Hüseyn Cavid, Əhməd Cavad, Həsən bəy Zərbadi, Üzeyir bəy Hacıbəyli, Cəfər Cabbarlı kimi şəxsiyyətlərin həyat və fəaliyyətinə geniş yer verir. Mühacirətdəki soydaşlarımızın istiqlal savaşında və bolşevizmə qarşı mübarizədə göstərdikləri xidmətlərə də kifayət qədər diqqət yönəldən "Mücahid” 1920-ci ilin mayında baş verən Gəncə üsyanı barədə bu gün də maraq doğuran silsilə yazılar çap edərək tarixi həqiqətləri faktlaşdırıb.
(Davamı gələn sayımızda)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıba