Akif Aşırlı
(Əvvəli ötən sayımızda)
Səffət bəyin nəşriyyat müdirliyi dövründə "Mücahid”in baş məqalələri türkcə ilə yanaşı ingilis dilində də çap olunub. Azərbaycan gerçəkliyinin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıyan bu metod Ç.Göygölün rəhbərliyi dönəmində həyata keçirilməyib. Görünür, bir neçə dildə yazıb oxumağı bacaran S.Zərdabi məqalələrin ingilis dilinə tərcüməsini də yerinə yetirib.
Ondan sonra bu işi ya görən olmayıb, ya da ki unudulub. Nəşriyyat müdirliyi dönəmində Səffət bəy atası Həsən bəy Zərdabinin çox çətinliklə, böyük əziyyət bahasına ərsəyə gətirib çap etdirdiyi və bununla da milli jurnalistika sistemimizin əsasını qoyduğu "Əkinçi” qəzeti ilə bağlı "Mücahid”in ikinci sayında yalnız bir məqalə çap edib.
N.H. imzası ilə çap olunan "Əkinçi” sərlövhəli məqalə qəzetin 80-ci il dönümünə diqqət çəkərək qısa xatırlatma məqsədi daşıyır. "Əkinçi”nin çar çinovnikləri tərəfindən bağlanmasını 1877- 1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsində görən müəllif sübut üçün qəzetin son 56-cı sayında çıxan bir bayatını diqqətə gətirir:
Əzizim qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.
Müəllifin iddiasına görə, bu bayatı çıxdıqdan sonra çar hökuməti qarğanın Rusiya, laçının isə Türkiyə olduğunu zənn edərək müxtəlif bəhanələrlə "Əkinçi”ni bağlayıb. Müəllif məcmuənin gələn saylarında Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən geniş söz açacağı vədini versə də təəssüf ki "Mücahid”in əlimizdə olan saylarının heç birində bu vədin yerinə yetirildiyini görmürük.
"Mücahid”də Səffət bəyin tarixi təbliğat xarakterli 3 məqaləsi də işıq üzü görüb: "İslamiyyət və kommunizm”, "Şimali Qafqaz” və "Amerika bolşevizmdən xilas cəmiyyəti” sərlövləhi bu siyasi publisistik və tarixi materiallar müəllifin yüksək biliyə, təhlil qabiliyyətinə, intellektə sahib olduğunu göstərir. "İslamiyyət və kommunizm” məqaləsi kommunizmin bir ideologiya olaraq islama zidd mahiyyət daşıdığını arqumentlərin dili ilə sadalayan müəllif yazır: "Kommunizm qadınla kişiyə fərq qoymadan hər ikisini işçi, iş görən kimi qəbul edir. İslam isə qadını əvvəlcə qadın, sonra isə bir ana kimi qəbul edir. Böyüklərimizə hörmət islamda sosial həyatın əsaslarını təşkil edir, kommunist doktrinasına görə isə bu bir günahdır”. İslamın əsas xüsusiyyətlərindən, tərəflərindən birinin mülkiyyət toxunulmazlığı olduğu halda kommunizmin bunu qəbul etmədiyini xatırladan müəllifin məqalədə istifadə etdiyi faktlardan duyulur ki, Zərdabilər ailəsi islama bağlı olub və sovet dönəmində Həsən bəyi ateist adlandıranlar yanlış bir yol tutublar. "Şimali Qafqaz” adlı tarixi publisistik yazıda S.Zərdabinin Qafqaz bölgəsinin tarixi, mədəniyyəti, etnoqrafiyası və XX əsrin əvvəlində cərəyan edən müstəqil dövlət quruculuğu proseslərini dərindən bilməsi ortaya çıxır. Şimali Qafqazda məskun olan tayfalar, islamdan sonra bölgədə başlayan müridizm hərəkatı, Şeyx Şamilin çar Rusiyasına qarşı apardığı azadlıq savaşı demək olar ki, konkret detallarla məqalədə öz əksini tapır və XX əsrdə bolşeviklərin bu bölgədə törətdikləri qırğınlar, əhalinin yurd yuvalarından sürgün olunması tənqid olunur.

Çox təəssüf ki, Həsən bəyin bu millətçi yazar oğlunun mühacirət mətbuatında iştirakı, siyasi-publisistik yazılarının məqsədi, məramı və istiqaməti barədə geniş fikir yürütmək imkanından məhrumuq. Buna səbəb S. Zərdabinin formalaşmasında iştirak etdiyi "Azərbaycan Milliyətçilər Dərnəyi”nin fəaliyyəti və təşkilatın yayım orqanlarının bütün saylarının əldə olmamasıdır.
Azərbaycanın istiqlal savaşında, müasir Türkiyənin yenidən qurulmasında və sənaye istehsalat müəssisələrinin yaradılmasında işlər görüb, fəallıq göstərən S.Zərdabi təəssüf ki, bu gün layiq olduğu qiyməti almayıb. Türkiyədə Azərbaycan ziyalılarının fəaliyyəti ilə bağlı professor Aygün Attar və doktor Bilal Şimşirin çap etdirdikləri kitabda onun adı çəkilmir. Bu iradı Azərbaycan mühacirət mətbuatının tədqiqatçılarının ünvanına da söyləmək olar. Yalnız Abid Tahirlinin "Mühacirət mətbuatı (1921-1990)” adlı ensiklopedik kitabında S.Zərdabinin "Türk izi” və "Mücahid” məcmuələrində iştirakı barədə məlumat verilib, adı mühacir jurnalistlərin siyahısına salınıb. Həsən bəy Zərdabinin barəsində yazılan kitablarda da Səffət bəyin fəaliyyətinə işıq salacaq faktlar demək olar ki, yoxdur. Zərdabilərlə bağlı "Vikipedia”dakı məlumatlarda Səffət bəyin 1938-ci ildə dünyasını dəyişdiyi barədə yanlış məlumat yerləşdirilib.
Məlumat qıtlığı şəraitində S.Zərdabinin ömür yolu barəsində geniş olmasa da, müəyyən məlumatlar əldə etməyə müvəffəq olduq. Bu yöndə mənə mənəvi dəstək göstərən, çalışmama istiqamət verən azərbaycanşünas-alim, filologiya elmləri namizədi, "Kaspi” qəzetinin təsisçisi Sona xanım Vəliyevaya minnətdaram.
Son çalışmalarım nəticəsində Mərkəzi Dövlət Tarix Arxivindəki "Əlimərdan bəy Topçubaşov” fondunda axtarışlarım nəticəsində yeni faktlar əldə etdim. 3127 saylı fondda saxlanılan sənədlər arasında yazılma tarixi təqribən 80-ci illərin ortalarına aid olan, Həsən bəy Zərdabinin qardaşı Midhət bəyin qızı Fatma xanımın, Ə.M.Topçubaşovun nəvəsi Zərifə Kürdəmiçə yazdığı məktubda Səffət bəy haqda da məlumatlar var. Bakıda Üzeyir bəy Hacıbəyov küçəsi 18-ci bina, 47-ci mənzildə yaşayan Fatma xanım Zərdabi Məlikova məktubda qeyd edir ki, Zərifə Kürdəmiçin ünvanını və ev telefonunu ona Əzizə xanım (yəni yazıçı Əzizə Cəfərzadə - A.A.) verib və o, "uzaq Türkiyədə qohumu olmasından” indi məlumat alır və bu xəbərdən məmnundur. Fatma xanım Zərifə xanımdan babası Həsən bəyin hansı tərəfdən qohumu olduğunu sorur və qeyd edir ki, Zərdabilər nəslini Azərbaycanda yalnız o təmsil edir, onun isə Məmmədəli adında oğlu, Hacıağa adında nəvəsi var. Bibisi Qəribsoltan xanımın övladlığa götürüb saxladığı SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyevi də öz ailələrinə aid etdiyini qeyd edən Fatma xanım yazır: "Rauf mədəniyyət naziri olarkən bir neçə dəfə Pəri xanımın oğlu Ələkbər bəy Topçubaşovla görüşüb. Onlar Əlimərdan bəyin və Pəri xanımın məzarlarını ziyarət edib, bərabər şəkillər çəkdiriblər. Rauf onların qəbirlərindən torpaq gətirib, Bakıda Fəxri Xiyabandakı Həsən bəy və Hənifə xanımın qəbirlərinə torpaq töküb”.
Xarici ölkədəki qohumlarla məktublaşmağın qorxulu olduğunu yazan Fatma xanım əmisi Səffət Zərdabi haqqında da Zərifə xanımdan məlumat almaq istəyir: "Səffət bəylə 1970-ci ildən əlaqəmiz kəsilib. Nə əmimdən, nə onun arvadı Nəfisə xanımdan xəbərimiz yoxdur. Zərifə xanım, bəlkə siz onlar barəsində bir şey bilirsiniz? Axırıncı məktubu Raufa 1970-ci ildə yazıb”.
Əmisi Səffət bəyin Ankarada yaşadığını məktubun əvvəlində qeyd edən Fatma xanımın yazdığı faktlardan bəlli olur ki, onun Parisdə, Türkiyədə yaşayan qohumlarla əlaqəsi və barələrində məlumatı olub. S.Zərdabi ilə də Rauf Hacıyev vasitəsilə əlaqə saxlayıb. Aydın olur ki, Səffət bəy bacısı Qəribsoltanın övladı kimi qəbul etdiyi məşhur bəstəkar Rauf Hacıyevlə 1970-ci ilə qədər məktublaşıb. Təəssüf ki, indiyədək bu məktubları əldə etməyə müvəffəq olmadıq. İnanırıq ki, Rauf Hacıyevin ailəsi bu məktubların və arxiv sənədlərinin araşdırılması üçün Zərdabişünaslara kömək göstərəcəklər.
***
Həsən bəy Zərdabi irsinin davamçısı, Türkiyənin məşhur mühəndisləri sırasında adı çəkilən və Azərbaycanın istiqlalının bərpası üçün mühacir təşkilatlarda fəaliyyət göstərən, "Türk izi”,
"Mücahid” dərgilərində ideoloji mübarizə aparan Səffət Zərdabi şəxsiyyəti gələcək tədqiqatçıların öyrənəcəyi ən maraqlı obrazlardandır. Sadəcə, biz bu işə başladıq.
Həmçinin Azərbaycanın bu intellektual mübariz oğlunun ailə həyatı və dünyasını nə zaman dəyişməsi də hələ öyrənilməyib. Mətbu və iş fəaliyyəti ilə bağlı əldə etdiyimiz faktlar onu deməyə əsas verir ki, S.Zərdabi 1970-ci ilə qədər yaşayıb. "Türkiyə mühəndislik xəbərləri” dərgisinin 1969-cu ildə buraxılan sayındakı xəbərlər bölümündə S.Zərdabinin Türkiyə Mühəndislər Cəmiyyətinin üzvü olduğu və 1130 saylı üzvlük vəsiqəsi daşıdığı məlum olur. Midhət bəyin qızı Fatma Zərdabinin yuxarıda haqqında bəhs olunan məktubuna əsasən də bu qənaətə gəlmək mümkündür. Bu məktubundan bəlli olur ki, bəstəkar Rauf Hacıyev 70-ci ilə qədər Səffət bəylə məktublaşıb. S.Zərdabi Nəsrin xanımla ailə həyatı qursa da, bu evlilik barədə, övladlarının olub-olmaması haqda da məlumat yoxdur. İnanırıq ki, gələcək tədqiqatçılar Həsən bəy Zərdabinin bu mübariz oğlunun həyat və fəaliyyətini yetərincə tədqiq edəcək, Azərbaycan Səffət bəyi daha yaxından tanıyacaq.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb