“Həyat yoldaşım yenidən səhnədə olmağıma razılıq verdi”

Aynur Dadaşova: “Niyə narahat olurdular, bilmirəm. Səhnə böyükdü, hərənin öz yeri var. Mənim yerimə kimsə otura bilməz, heç mən də heç kimin yerinə göz dikməmişəm”




Səhnəyə gəldiyi gündən tamaşaçının yaddaşında qalan balaca qız "7-17” telemüsabiqəsi ilə tanındı. Əslində illər onu böyütsə də, tamaşaçı hələ də səhnədə şıltaqlığı ilə seçilən Aynur Dadaşovanı elə ilk gündən tanıdığı kimi qəbul etdi. Özünəməxsus ifaları, səhnə performansı ilə uzun müddət səhnədə at oynatmağı da bacardı. Lakin həyat onu səhnədən bir müddət uzaq saxlaya bildi.

Ana olmaq, ailə sahibi yükünü daşımaq Aynur Dadaşovanı 8 il tamaşaçılarından uzaq qoysa da, unudulmadı. Və tamaşaçı sevgisi onu yenidən səhnəyə qaytardı. Uzun illər səhnədə olmasa da, yerini kimsə doldura bilmədi, ən maraqlısı odur ki, illər onu unutdura bilmədi, ona olan tələbat azalmadı.

"Şərq”in budəfəki qonağı illərə meydan oxuyan, Azərbaycan səhnəsində yeri olan müğənni Aynur Dadaşova oldu.

- Hər vaxtın xeyir, Aynur. Uzün müddətdir səsin gəlmirdi...

- Hər vaxtınız xeyir. Allah mənə jurnalist dostlarımı çox görməsin. Bunu əminliklə deyə bilərəm ki, jurnalistlər məni hər zaman axtaran olublar, mənə, sənətimə diqqət göstəriblər. Qapımı sənət adamları tanımayıblar, amma jurnalistlər həmişə evimin əziz qonaqları olublar.

- Uzun müddət səhnədə olmasan da, etiraf edək ki, tamaşaçı darıxıb sənin üçün. Yenidən sənətə qayıdışın nə ilə bağlıdı, darıxdın səhnə üçün, ya bundan artıq səni səhnədən uzaq saxlaya bilmədilər?

- Mən həmişə tamaşaçım üçün darıxmışam. Bunu etiraf etməliyəm. Efirə baxanda, bir maraqlı veriliş izləyəndə həmişə tamaşaçım üçün darıxırdım. Amma ailə qayğıları, uşaqlarımın tərbiyəsi mənim üçün vacib idi. Qaldı qayıdışıma, məni həyatda gündəlik görən insanlar həmişə deyirdilər ki, Aynur xanım, niyə oxumursuz, niyə səhnəyə qayıtmırsız? Biz sizi çox istəyirik. İnanın, ziyalı xanımlarımız mənə deyirdilər ki, Aynur xanım, sizin səhnədə yeriniz görünür, səsiniz gözəldi, niyə səhnədə yoxsuz? Hər dəfə evdən çıxanda qarşıma çıxan qonşular da deyir. Bunu çox insanlar deyirdi. Düzünü desəm, insanlardan sevgi görmək xoş olur. Həyatda hamı səni sevə bilməz. Təbii ki, məni sevənlər kimi, sevməyənlər də var. Mən heç kimə qarşı kinli ola bilmirəm, düşmənçiliyi sevmirəm. Düşmən mənim üstümə daşla gəlsə, mən onun üstünə aşla gedərəm. Mənə pislik edənə də düşmənçilik edə bilmirəm. Həyatda bacarırsansa, yaxşılıq et.

- Amma bayaq dediyin kimi, səni sevənlər qədər, sənə paxıllıq edənlər də az olmayıb. Aynur Dadaşovanın səhnədə olması kimlərisə vaxtında narahat edib?

- Bilirsiz, mən səhnədə olan vaxtımda da hiss edirdim o paxıllığı. Amma heç vaxt bunu büruzə vermirdim. 8 ildi səhnədən kənardayam, efirdən uzaq qaldım. Bu müddətdə mənim kənardan bir tamaşaçı kimi səhnəmizi izləmək imkanım oldu. Mən də adi tamaşaçı kimi efirlərə gələn sənətçilərimizn danışığını, ifalarını izləmiş olmuşam. Onlara qarşı münasibətim formalaşıb, kimin necə göründüyünü izləyə bilmişəm. Hansı müğənni nəyi harda, necə deyib, bunu izləyə bilmişəm. Amma kimsəyə paxıllıq etməmişəm. Əvvəla ona görə ki, demirəm böyük sənətim var, amma səsim var deyə, kiminsə ifasına paxıllıq etməyə ehtiyacım olmayıb. Paxıllıq səsi olmayan, insanlığın nə olduğunu dərk etməyənlərin bir peşəsinə çevrilib. İnsan başqalarının uğurlarını qəbul etməyi bacarmalıdı. Amma məni həzm edə bilməyənlər olub. Əslində niyə narahat olurdular, bilmirəm. Səhnə böyükdü, hərənin öz yeri var. Mənim yerimə kimsə otura bilməz, heç mən də heç kimin yerinə göz dikməmişəm. Mən kənardan oturub izləyici belə olanda sənətçi dostlarıma dəstək olmağa çalışmışam. Məndən hansısa məclisə müğənni istəyiblər, məsləhət alıblar, yaxşı ifa edən müğənnilərə toy vermişəm. Onların içində xalq artistləri də olub, gənc müğənnilər də. Heç vaxt paxıllıq etməmişim. Deməmişəm ki, mən oxumuram, onlar niyə oxusun?

- Deyirlər ayrılmısan, ona görə səhnəyə qayıdırsan. Doğrudanmı elədi, ya ailənin razılığı ilə səhnəyə qayıdış etdin?

- Bu məsələyə sizin qəzet vasitəsilə son qoymaq istəyirəm. Mən boşanmamışam. Əgər həyat yoldaşımdan ayrılsaydım, bunu gizlətməyə ehtiyac olmazdı. Bakı balaca şəhərdi. Hamı biri-birini tanıyır. Şükür Allaha, şəxsi həyatımda çətinliyim yoxdu, hər şey qaydasındadı. Sadəcə balıq susuz qala bilmədiyi ki, sənətçi də səhnədən uzaqda yaşaya bilmir. Yoldaşım da bunu bilir ki, mən səhnəni, sənətimi çox sevirəm. Arada olurdu ki, bir yerdə verilişləri izləyəndə, sənətçilərin hansısa verilişdə qonaq olduğunu görəndə məndən soruşurdu ki, oxumaq istəyirsən? Təbii ki, oxumaq istəyimi də bilirdi. Amma uşaqlarımı da böyütməliydim. Bilirsiz, çətindi. Müğənni çəkilişə gedir, evə gec, yorğun gəlir, ailəyə, uşaqlara yetərincə diqqət göstərə bilmirsən. Yəni səhnədə olmaq asan deyil. Çoxlarına asan görünür, nə var ki? Əlinə mikrofon alıb oxuyur, nə çətinliyi var ki? Əslində müğənni olmaq asan deyil. Hələ xanımsansa, ailəlisənsə, daha çətindi. Kənardan baxan üçün asan ola bilər. Qismət belə oldu yəqin. Əsas odu bu gün yenidən səhnədəyəm və ailəmin də dəstəyi var. Həyat yoldaşım mənim yenidən səhnədə olmağıma razılıq verdi. Mən 10 yaşımdan sənətdəyəm. Dünən sənətə gəlməmişəm ki? 8 il səhnədən uzaq qalmaq asan deyil. Bu müddətdə sənət aləmi də çox dəyişib. Amma bu illərdə mənə olan maraq azalmayıb. Bunun şahidi oldum. Tamaşaçı sevgisini hiss etməsəydim, bəlkə yenə qayıtmazdım. Mən Aynur Dadaşova kimi unudulmadım. Bu mənə güc verir. Məni unutmadılar. Müğənni var ki, 5 ay səhnədə olmasa, yaddan çıxır, ya da illərlə səhnədə pul tökür, amma sevilə bilmir. Mənim heç vaxt tamaşaçı sevgisindən qıtlığım olmayıb, sevilmişəm. Bir zamanlar meyxanaçı dostlarla duet etdim, bəziləri məni qınadı. Amma bu gün də o dueti sevənlər var.

- Amma o vaxt qınansan da, bu gün Xalq artistləri belə meyxanaçılarla duetlər oxumağa maraq göstərdilər.

- Həqiqətən mənim oxuduğum duetlər də maraqla qarşılanıb. Bu gün meyxanaçılarla duet oxuyanlar da az deyil. Mən çoxlarından daha tez belə layihələrə imza atmışam. Kiminsə yerini dar etmişəm? Mənim üçün maraqlıdır ki, niyə mənə paxıllıq edirlər? İnsan var üzümə gülür, amma arxamca danışır. Mən yaltaqlığı sevməmişəm. Bir üzüm olub. İndi mənim qayıdışım kimisə narahat edirsə, onlara Allah səbr versin. Mən demişdim ki, bir gün istəsəm, yenidən səhnəyə qayıdacam. Dedim və etdim, səhnəyə qayıtdım. İnanın, mən bu günlər ərzində bir neçə verilişin qonağı oldum, insanların sevgisinin bir daha şahidi oldum. Özüm-özümə qəribə gəldi ki, doğrudan bu sevgini qazana bilmişəm?

- Sən səhnəni qoyub gedəndə sənət aləmi, şou-biznes belə deyildi. Səhnəyə qayıdan Aynur necə, fərqlənməyə çalışacaq?

- Həqiqətən səhnəmiz dəyişib, indi illər əvvəlki şou-biznes deyil. Mən heç vaxt qalmaqallarla gündəmdə olmağa maraq göstərməmişəm. Ona görə də ancaq sənətimlə, yeni mahnılarla fərqlənməyə çalışacam. Ramiz Mirişlidən, bir çox digər peşəkar bəstəkarın mahnıları var ki, efirdə heç vaxt səslənməyib. O mahnıları lentə aldırmışam. Tamaşaçı məndən yeni mahnılar gözləyir. Mənim sənət sandığım yeniliklərlə doludu. Dolmuş bulud kimiyəm. İllərlə yığdığım sandığım var ki, o sandığın ağzını açıram. Yeni mahnılarımı səsləndirəcəm.

- Aynur yeni duet ortaqları ilə səhnədə ola bilərmi?

- Mütləq duetlər olacaq. Mənimlə duet oxumaq istəyən sənətçilərimiz olub hər zaman, onları dəyərləndirməyə çalışacam. Ad açıqlamaq istəmirəm, sürpriz qalsın. Amma maraqlı duetlərimiz olacaq. Əminəm ki, tamaşaçılar çox bəyənəcək. O qədər planlarım, arzularım var ki, inşallah, onları həyata keçirmək niyyətindəyəm. Mən həmişə sanballı bəstəkarlarla çalışmışam. İnşallah, bu işbirliyim davam edəcək. Yəni Aynur Dadaşova qayıtdı, narahat olanlar da mənim səhnədə varlığıma alışsalar, onlara daha asan olar!

Tahirə