Heydər Əliyev və mətbuat...

Bəhruz Quliyev: “Ümummilli lider müstəqil mətbuatın inkişafında xüsusi rol oynayıb”Vüqar Rəhimzadə: “Heydər Əliyev milli mətbuatımızın inkişafında əvəzolunmaz xidmətlər göstərərək, mövcud problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirib”
(... əvvəli ötən sayımızda)
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, ulu öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi.
Ona görə də 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılıb. Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz və məlumat azadlığının təmin olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan mətbuatının inkişafında Heydər Əliyevin rolunu xüsusi qiymətləndirən "Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyevin sözlərinə görə, ulu öndər Heydər Əliyev müstəqil mətbuatın inkişafında xüsusi rol oynayıb. Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, azad sözün, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.
B.Quliyev bildirib ki, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə verdiyi qiymətin təzahürüdür: "Dahi liderin müstəqil mətbuata göstərdiyi qayğı sayəsində kütləvi informasiya vasitələrinin (KİV) sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşması istiqamətində rolu artıb”.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın əsas tərkib hissələrindəndir: "Demokratik cəmiyyət - demokratik mətbuat, azad cəmiyyət - azad mətbuat anlayışları təsadüfən yaranmayıb. Demokratik, hüquqi, dünyəvi dövlətdə yaşayırıqsa, azad, müstəqil mətbuatın inkişafı mütləqdir. Konstitusiyamızda da demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunub. "Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir” deyən ümummilli lider Heydər Əliyev milli mətbuatımızın inkişafında əvəzolunmaz xidmətlər göstərərək, mövcud problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirib.
Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər var idi. Həmin illərdə səriştəsiz, təcrübəsiz şəxslərin ölkəyə rəhbərliyi yazının əvvəlində də qeyd etdiyimiz kimi, özbaşınalığa, hərc-mərcliyə gətirib çıxarıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı uçuruma yuvarlanmaqda olan müstəqil Azərbaycanı xilas edib. O, ölkə həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də uğurlu və düşünülmüş siyasəti sayəsində aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşulub. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində mühüm addım olub. Bu fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olundu. Həmçinin həmin sənəddə ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və s. kimi məsələlər də öz əksini tapıb”.
V.Rəhimzadə qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu təsdiqləməsi xüsusi əhəmiyyət kəsb edir: "Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırılıb. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olunub. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edilib. Özü-özünü tənzimləyən 15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradılıb. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə "Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu” mükafatına layiq görülməsi məhz onun milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının təsdiqi idi. Mükafatın təqdimat mərasimində ümummilli lider Heydər Əliyev bir daha bu fikri böyük inam və əminliklə ifadə edib: "Sizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam”.
"İki Sahil”in baş redaktoru deyib ki, möhkəm təmələ əsaslanan siyasət hər zaman inkişafa, tərəqqiyə yol açır. Dahi şəxsiyyət Heydər Əliyevin hər bir sahənin inkişafına yönələn addımları, bir sözlə, qurulan möhkəm bünövrə Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Azərbaycanı möhkəm təməl üzərində tikilən binaya bənzətsək, hər an, hər dəqiqə artan mərtəbələri görərik. Yeni-yeni hədəflər müəyyənləşdikcə, onlara çatmaq üçün səylər də artır. Artıq bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyuruq: "Dövr dəyişir, yeni-yeni tələblər gündəmə gətirilir. Mətbuat cəmiyyətin güzgüsüdür və məhz bu baxımdan bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Unutmayaq ki, ulu öndər Heydər Əliyev ölkə jurnalistlərini hər zaman obyektivliyə dəvət edir, onları bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyə çağırıb. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edib. Bu məqsəd də daim önə çəkilirdi ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuat Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb