“Heydər məscidi”ndə qılınan namaz vəhdətdən doğur

Şahin Həsənli: “Azərbaycandakı sünni və şiə məzhəblərinin təmsilçilərinin birlikdə vəhdət namazı qılması həm ölkə, həm də bütün dünya müsəlmanlarına birliyin, qardaşlığın mesajıdır”
Ceyhun Şükürov: “İlk dəfə idi ki, məscidin əsas zalında cümə namazı bu qədər qələbəliklə qılındı”

Ötən cümə günü Azərbaycan yenidən dünyanın diqqətini özünə cəlb edə bildi. Bakıdakı "eydər məscidi”ndə dini dünyagörüşündən, məzhəbindən asılı olmayaraq, sünni və şiə dindarlar eyni zamanda, eyni məkanda vəhdət namazı qıldılar. Bununla da Azərbaycan inanclı insanların, dindarların timsalında dünyaya, xüsusilə müsəlman aləminə birlik, bərabərlik, eyni zamanda sülh mesajı ünvanladı.

"Heydər məscidi”ndə qılınan vəhdət namazı eyni zamanda Azərbaycan təcrübəsindən yararlanmağın vacibliyini nümayiş etdirdi. Əminliklə demək olar ki, "Heydər məscidi”ndəki bu təcrübə nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoydu. Bu, əslində sadə görünə bilər, amma mahiyyətinə vardıqda çox əhəmiyyətli və tarixi bir hadisə olduğu üzə çıxır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı-alim Şahin Həsənli deyib ki, vəhdət namazı bütün dünyaya tolerantlığın və qardaşlığın həqiqi nümunəsini göstərdi: "Biz son dövrlərdə bütün dünyada məzhəb zəminində baş verən çoxsaylı münaqişələri müşahidə edirik. Dünyadakı ayrı-ayrı ölkələrdə dini-siyasi münaqişələrin yaradılması üçün bir vasitəyə, alətə çeviriblər. "Heydər məscidi”ndə qılınan vəhdət namazı multikulturalizmə xidmət edən bir addımdır. Azərbaycandakı, eləcə də bütün dünyadakı müxtəlif dinlərin, məzhəblərin daşıyıcıları arasında tolerantlıq mühitinin möhkəmləndirilməsinə yardım edən təşəbbüsdür. İndiyə qədər sünni və şiə məzhəbindən olan müsəlmanlar ayrı-ayrılıqda namaz qılırdılar. İndi isə onlar bir arada namaz qılaraq vəhdət nümunəsi göstərməyə başlayıblar”. İlahiyyatçı məzhəb savaşlarının insan faciəsinə səbəb olduğunu xatırladıb: "Bu gün müxtəlif məzhəblər, eləcə də din adından çıxış edən radikal məzhəblərin nümayəndələri çox sayda insanın faciəsinə çevrilmiş müharibələrə sürüklənirlər. Məzhəblərarası münaqişələr vətəndaş qarşıdurmalarına və müharibələrinə səbəb olub. "Heydər məscidi”ndə Azərbaycandakı sünni və şiə məzhəblərinin təmsilçilərinin birlikdə vəhdət namazı qılması həm ölkə, həm də bütün dünya müsəlmanlarına birliyin, qardaşlığın mesajıdır”. Din xadimi bu gün Azərbaycanın tolerantlıq ənənələrinin dairəsini genişləndirməyin zəruri olduğunu bildirib: "Tolerantlıq dözümlülük deməkdir. Amma Azərbaycanda başqa dinlərin, mədəniyyətlərin daşıyıcılarına münasibət tolerantlıqdan daha üstün olub, qardaşlıq səviyyəsində olub. Azərbaycanın qonşuluğunda - Rusiyada, İranda, Türkiyədə və digər ölkələrdə islam dininin ayrı-ayrı təriqətlərinin daşıyıcıları yaşayır. Azərbaycanın bu vəhdət, qardaşlıq mesajları həm də onlara bir çağırışdır. Biz birlikdə bütün dünyaya tolerantlığın və qardaşlığın həqiqi nümunəsini göstərə bilərik”.

Heydər məscidi”ndə qılınan vəhdət namazının iştirakçısı, ilahiyyatçı Ceyhun Şükürov bunun təqdirəlayiq hal olduğunu söyləyib. Bildirib ki, bu, azərbaycanlı dindarlar arasında vəhdətin, birliyin olmasının göstəricisidir: "Məlum olduğu kimi, ötən cümə günü də Bakıdakı "Heydər məscidi”ndə vəhdət namazı və cüməsi qılındı. Bu məscid 2014-cü ildən istifadəyə verilməsinə baxmayaraq, 2015-ci ilin dekabr ayından kütləvi ibadətə açılıb. Açılışdan bu yana bütün cümə namazları vəhdət təşkil edib. İlk cümə namazını "İlahiyyat məscidi”nin imamı Ceyhun Şükürov qıldırıb. İkinci cüməni isə İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay əda edib. Beləcə, növbəli şəkildə cümə namazlarını bir dəfə əhli sünnə məzhəbindən olan imam, növbəti cümədə isə şiə məzhəbindən olan axund namazı qıldırır. Ötən cümə günü məscidin əsas mərtəbəsində bu hal kütləvilik təşkil etdi və hər iki məzhəbin nümayəndələri namazı birlikdə qıldılar. Mən özüm şəxsən namazda iştirak etdim. Çox gözəl bir atmosfer var idi. İlk dəfə idi ki, məscidin əsas zalında cümə namazı bu qədər qələbəliklə qılındı. Məscidin əsas mərtəbəsi olan ikinci mərtəbə tamamilə dolu idi. Məscidə yaxın ərazidə yaşadığıma görə, gündəlik namazların ikisini - sübh və gecə namazlarını burada qılıram. Dindarlar üçün məsciddə çox gözəl bir şərait yaradılıb”. C.Şükürov deyib ki, "Heydər məscidi”ndə bütün islam məzhəb və təriqətlərindən olan dindarlar sərbəst şəkildə ibadət edirlər. Onun sözlərinə görə, belə bir hala bir çox müsəlman ölkələrində şahid olmaq qeyri-mümkündür: "Azərbaycan dindarları məzhəbindən və dini görüşündən asılı olmayaraq, islamın bizdən tələb etdiyi birlik və bərabərliyi qoruyub saxlayır. Bu hal məzhəb

təəssübkeşliyindən əziyyət çəkən ölkələrə bir nümunə, örnəkdir. Bunun nəticəsidir ki, Azərbaycanda dini zəmində heç bir real təhlükə və xaos yoxdur. Bütün bunlar Azərbaycanda tolerantlığın və multikulturalizmin geniş vüsət almasından xəbər verir. İslam heç bir vaxt zorakılığa, məcburiyyətə yol verməyib. Bütün məsələlərin könüllü yerinə yetirilməsinin tərəfdarı olub. Multikulturalizm ənənələri Azərbaycanda tarixən mövcud olub: "Bildiyimiz kimi, bu il ölkəmizdə multikulturalizm ili elan olundu. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir yerdə mehribancasına yaşayır. Hətta malakanlar kimi öz doğma el-obalarında dini təzyiqlərə məruz qalanlar belə rahat və təhlükəsiz ibadətlərini məhz Azərbaycanda həyata keçiriblər. Düşünürəm ki, digər müsəlman ölkələri Azərbaycandakı bu vəhdət çalışmalarına qatılmalı, bundan düzgün nəticə çıxartmalıdırlar”. Millət vəkili Musa Quliyev də Heydər məscidində vəhdət namazının qılınmasını çox böyük tarixi hadisə adlandırıb: "Təkcə Azərbaycanın, islamın tarixində deyil, ümumiyyətlə, bütün dünya dinlərinin tarixində qalacaq bir hadisədir. Bu, dünyaya önəmli bir mesaj idi ki, məzhəb ayrılıqları insanları ayırmalı deyil. Məzhəb müxtəliflikləri insanları mədəni və mənəvi cəhətdən zənginləşdirməli, biri-birinə düşmən etməməlidir. Arzu edirəm ki, növbəti illərdə də multikulturalizm ideyaları, ənənələri əbədi yaşasın. Vəhdət namazı davamlı olsun və ölkəmizin sərhədləri kənarına yayılsın. Azərbaycanın ilk təşəbbüsü kimi həm islam tarixində qalsın, həm də dünyaya sülh və barış gətirsin”. Millət vəkili hesab edir ki, Bakı bütün dünyada multikulturalizm mərkəzinə çevrilə bilər: "Paytaxtımız hər zaman tolerantlıq mərkəzi olub. Bakıda kimin hansı dindən, millətdən olduğu heç vaxt soruşulmayıb. Müxtəlif millətlərin nümayəndələri - yəhudilər, ruslar, ermənilər, polyaklar, Azərbaycan xalqının tərkib hissəsi olan ləzgilər, talışlar, avarlar və digər nümayəndələrlə həmişə bir ailə kimi yaşamışıq. Azərbaycan xalqının tolerantlığına bundan böyük nümunə ola bilməz”.

İsmayıl