Hiyləgər gediş... keçməz!
Paşinyan kreativ görünməyə çalışır və Strasburqdakı çıxışında bu strategiyasını davam etdirdi
Ermənistan baş naziri Nikol Paşinyan öz ölkəsində Azərbaycana qarşı müharibə çağırışları edir və təxribatçı bəyanatları ilə Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanmasına kölgə salır. Ancaq Avropaya səfər edərkən ələ keçirdiyi hər tribunada özünü avropalılara "sülhpərvər” imicdə göstərməyə çalışır. Əsassız olaraq Azərbaycanı müharibə ritorikası sərgiləməkdə, sülhə yaxın durmamaqda ittiham edir. Ötən gün Strasburqda, AŞ PA-nın tədbirində çıxış edən Paşinyan növbəti dəfə Azərbaycanı təhdid dili ilə danışmaqda suçlayıb. İddia edib ki, Ermənistanın yeganə təklifi tərəflərin biri-birinə qarşı güc tətbiqi ilə müraciət etməyi dayandırmasıdır: "Biz Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə təhdid dilindən istifadəni dayandırmalıyıq. Məqsədimiz cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamaqdır. Əgər biz bunu etsək, onda bizdə tamam fərqli vəziyyət olacaq”.
Paşinyan Vyana görüşündən cəmi 3 saat sonra müdafiə naziri David Tonoyanın verdiyi "yeni müharibə” açıqlamasında da heç bir problem görmədiyini və bu ifadələrin sülhə mənfi təsir göstərmədiyini bəyan edib.
Paşinyanın yanaşmasını "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib ki, Ermənistan baş naziri özünü "sülh çarçısı” kimi göstərməyə çalışır. Demək istəyir ki, guya o sülh istəyir, ancaq qarşı tərəf isə müharibəyə can atır:
"Bu, Paşinyanın növbəti hiyləgər gedişidir. İki dünya müharibəsi görən, dağılan və yenidən qurulan Avropa sülhdən danışan istənilən lideri dinləməyə hazırdır. Ancaq gərək Strasburqda Paşinyanı dinləyənlərdən kimsə onu sual yağışına tutaydı ki, "necə sülh?, işğala son qoyan ədalətli sülh, yoxsa bölgəni növbəti müharibəyə sürükləyən sülh?”. Paşinyan kreativ görünməyə çalışır və Strasburqdakı çıxışında bu strategiyasını davam etdirdi. Məsələn, dedi ki, Ermənistanda xalqın inqilab yolu ilə qurduğu "demokratik” hökumət Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni nəfəs gətirib. Nədir bu yeni nəfəs? Birincisi, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini müsbət adlandırdı, ancaq əlavəsini də unutmadı: "Gərək iki ölkənin cəmiyyətləri arasında da dialoq başlasın ki, biz xalqlarımızı müharibəyə deyil, sülhə hazırlayaq”. Bu, Paşinyanın növbəti hiyləgər açıqlamasıdır. Beynəlxalq təşkilatların və Minsk Qrupu həmsədlərinin istənilən bəyanatında və birgə açıqlamasında eyni cümlə yer alıb və Paşinyan həmin cümləni olduğu kimi təkrarlayıb. Baş nazir sosial şəbəkələrin dialoq meydanına çevrilə biləcəyini də vurğulayıb”.
Ekspertin sözlərinə görə, Paşinyan son zamanlar münaqişənin həllindən danışarkən belə bir cümlə işlədir: "Bunu Strasburqdakı çıxışında da təkrarladı. Dedi ki, "münaqişənin istənilən həll variantı Ermənistan xalqının, Dağlıq Qarabağ xalqının və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır”. Göründüyü kimi, o, münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Əslində bu, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunun sübutudur. Paşinyan ədalətli görünsün deyə cümləsinin sonunda Azərbaycan xalqının da adını çəkir. Bu açıqlama ilə sanki böyük güzəştə getdiyini vurğulmağa çalışır və eyni yanaşmanı rəsmi Bakıdan gözlədiyini bildirir. Yəni Paşinyana görə rəsmi Bakı oxşar səpkili açıqlama verməlidir. Bizim açıqlamamız belə ola bilər: "Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən həll yolu bölgədə yaşayan bütün xalqların maraqlarına uyğun olacaq və bu, bölgədə sülhün, sabitliyin və inkişafın əsasını qoyacaq”.
Politoloq vurğulayıb ki, Paşinyan Strasburqdakı çıxışının sonrakı hissəsində AŞ PA-ya da daş atıb. Baş nazir bildirib ki, 2016-cı ildə "aprel müharibəsi”nə AŞ PA-da aparılan müzakirələr səbəb olub:
"Bəli, həmin il AŞ PA-da Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamə qəbul edilib. Paşinyan başqa sözlə demək istəyir ki, rəsmi Bakı həmin qətnaməyə əsaslanaraq hücum əməliyyatına başlayıb. Məsələ burasındadır ki, beynəlxalq təşkilatların Qarabağla bağlı bütün qətnamələri Azərbaycanın lehinədir və Azərbaycan ordusu bu qətnamələrdən istənilən birinə istinad etməklə hücum əməliyyatına başlaya bilər.
Paşinyanın sözü budur ki, "gəlin sülhdən danışaq, söhbət edək, fikir mübadiləsi aparaq, dialoq quraq, lazım gəlsə Sərsəng su anbarından birgə istifadə edək, ancaq münaqişənin konseptual həlli mənlik deyil”. Bunların hamısı 1990-2000 illər arasında olub, cəmiyyətlər arasında dialoq da yüksək səviyyədə idi. Bakıda və İrəvanda birgə konfrans və seminarlar da keçirilirdi. Qeyri-hökumət təşkilatları hətta birgə layihələrdə iştirak edirdilər, ancaq bütün bunlar münaqişənin həllini yaxınlaşdırmadı. Çünki münaqişənin həllini sürətləndirəcək qərarları başqaları verməlidir”.
İsmayıl