Hostellər və kiçik otellər barəsində məlumat olmalıdır

İndi bazar iqtisadiyyatıdır, turizm müəssisələrini sovet dövründəki kimi nəzarətlə inkişaf etdirmək olmaz


Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, ölkəmizdə turizm müəssisələrinə, o cümlədən hostellərə nəzarət üçün mütləq mexanizm yaradılmalıdır.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hostellərin qeydiyyatını aparmadığından onların sayını müəyyənləşdirə bilmir. Ona görə də mütləq reyestr hazırlanmalı və hostellərin adları oraya daxil edilməlidir:

"Hostellərin sayı yalnız vergilər orqanlarında olur. Bu, düzgün deyil. Necə ola bilər ki, neçə dənə hostelin açılmasından Mədəniyyət və Turizm Nazirliyinin məlumatı olmur? Məlumat olmadıqda işi təşkil etmək çox çətindir. Çünki informasiya olmadıqda ölkədə nə qədər hotelə, hostelə ehtiyacın olduğununu müəyyənləşdirmək mümkün deyil. Buna görə də yeni açılan turizm müəssisələrinin hamısı nəzarət mexanizmindən keçməlidir”.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev isə bildirib ki, turizm müəssisələrinə nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar. O, belə bir təcrübənin müxtəlif dünya ölkələrində olduğunu da diqqətə çatdırıb: "Turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müxtəlif ölkələrdə Dövlət Turizm Reyestri yaradılır. Həmin ölkədə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər bu reyestrə mütləq şəkildə daxil olmalıdırlar. Azərbaycanda da belə bir təcrübəni tətbiq etmək olar”.

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında bildirib ki, otellerə sertifikatı Mədəniyyət və Turizm Nazirliyi verir. Kiçik hostellər və mehmanxanalar Nazirliyin qeydiyyatında yoxdursa, iki nazirlik arasında bu problemi həll etmək olar: 

"Yəni, Mədəniyyət və Turizm Nazirliyi Vergilər Nazirliyinə müraciət edə bilər, hostellər və kiçik otellər barəsində onlara məlumat verə bilər. Bununla da onların işinə istiqamət vermək olar. İndi bazar iqtisadiyyatıdır, turizm müəssisələrini sovet dövründəki kimi nəzarətlə inkişaf etdirmək olmaz. Sadəcə, müəssisələrin işinə tövsiyələr, metodiki göstərişlərlə kömək etmək olar. Eyni zamanda turizm müəssisələrinin və hostellərin səviyyəsinin necə olduğunu bilmək olar. Çünki Azərbaycana gələn qonaqlar ölkələrinə getdikləri zaman təəssüratları da özləri ilə aparırlar. Bu baxımdan mənə elə gəlir ki, ikinci bir qurum yox, nazirliyin və digər qurumların işini əlaqələndirməklə məsələni həll etmək olar”.

Yeganə Bayramova