“Son ayda ikinci terror aktı törədilir, özü də Ankaranın mərkəzində, daha doğrusu, dövlət qurumlarının, idarələrinin olduğu ərazidə. Bundan başqa, dəst-xətt də eynidir
Hücum maşını işə düşüb
Türkiyəni terror meydanına çevirirlər
“Son ayda ikinci terror aktı törədilir, özü də Ankaranın mərkəzində, daha doğrusu, dövlət qurumlarının, idarələrinin olduğu ərazidə. Bundan başqa, dəst-xətt də eynidir
“Son ayda ikinci terror aktı törədilir, özü də Ankaranın mərkəzində, daha doğrusu, dövlət qurumlarının, idarələrinin olduğu ərazidə. Bundan başqa, dəst-xətt də eynidir
Martın 13-ü axşam saatlarında Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında partlayış baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb. Türkiyə Təhlükəsizlik Şurasından verilən məlumata əsasən ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir. Bundan başqa qeyd edək ki, hadisənin Balıkkesir Universitetinin tələbəsi Səhər Çağla Dəmir adlı tələbə qız tərəfindən törədildiyi iddia olunur. Terrakt zamanı partladılan avtomobildən tapılan cəsəd qalıqlarının ona məxsus olduğu məlum olub. Məlumat üçün bildirək ki, Səhər Çağla Dəmir bundan öncə də terror təşkilatı ilə əlaqədə olduğuna görə polis tərəfindən saxlanılıb. O, 4 tələbə yoldaşı ilə birlikdə məhkəmə qarşısına çıxarılıb. Bu arada qeyd edək ki, Amerika hadisədən 2 gün qabaq Türkiyəyə terror xəbərdarlığı edib. Bu ölkə səfirliyinin rəsmi saytındakı açıqlamada, Amerika vətəndaşlarına mümkün terror aktına görə xəbərdarlıq edilir. Bəyanatda bildirilir: "Amerika səfirliyi ABŞ vətəndaşlarına Türkiyə hökumət binalarının və mənzillərin yerləşdiyi Bahçelievlər ərazisində terrorçuların potensial hücumu barədə məlumat verir. Amerika vətəndaşları bu ərazidən uzaq durmalıdırlar. Məsləhət görürük ki, ABŞ vətəndaşları şəxsi təhlükəsizlik planlarını nəzərdən keçirsinlər”.
Məsələni şərh edən politoloq Fərhad Mehdiyev bildirib ki, hadisənin baş verəcəyi haqqında amerikalılar əvvəlcədən məlumatlı olub: "Amerika deyib keçməyin. Onlar hələ 11 martda demişdilər ki, diqqətli olun, terror hadisəsi ola bilər. Sadəcə, ünvanla bağlı bir az səhvə yol verdilər. Terraktın Anıtkabirdə ola biləcəyini demişdilər. Baxın, uzaqda olan Amerika, burnunun dibində partlayış törədilən MİT-dən daha informasiyalıdır. Hökumət bütün polis təşkilatını paralel adıyla iflic vəziyyətə qoyanda bilməliydi ki, bunun axırı heç də yaxşı olmayacaq. 20 mindən çox polis passiv vəzifələrə göndərildi. Ölənlərə Allahdan rəhmət, təşkilatçılara da lənət olsun deyirəm”.
Politoloq Şahin Cəfərli isə hesab edir ki, bu cür hadisələrin baş verməsinin əsas səbəbi Türkiyənin təhlükəsizlik xidmətinin iflic vəziyyətdə olmasıdır: "Ərdoğan Putinlə o qədər yaxınlaşmışdı ki, rus kəşfiyyatı Türkiyədə at oynadırdı. Çeçen fəalları İstanbulun ortasında rahatlıqla öldürürdülər. Bu, şübhəsiz ki, Türkiyə siyasi rəhbərliyinin bilgisi və icazəsi daxilində edilirdi. Çünki bir dövlətin məxfi xidməti digər ölkənin ərazisində ardıcıl olaraq qətllər törədirsə, deməli, buna həmin ölkə özü şərait yaradır, göz yumur. İş o yerə çatmışdı ki, Allahın Emomali Rahmonu da Türkiyəyə killer göndərib, adam öldürtdürürdü. Tacik müxalifətçisi Kuvatovu İstanbulda həyat yoldaşı və balaca uşaqlarının gözləri önündə qətlə yetirmişdilər”.
Ekspert bəyan edib ki, hadisələrin gedişində başqa bir maraqlı nüans isə Türkiyəni Rusiyadan enerji asılılığına salmaq məsələsidir: "Qazprom”la uzunmüddətli müqavilələr imzalanıb. Türkiyə təbii qaz ehtiyacının 60 faizə yaxınını Rusiyanın hesabına təmin edir ki, bu, həddən artıq təhlükəli bir durumdur. Müqayisə üçün deyim ki, Avropa Birliyi istehlak etdiyi qazın üçdə birini (33-34 faiz) Rusiyadan alır və bu faizi aşağı salmaq üçün son illər çox ciddi iş aparır. İndi Türkiyəni idarə edənlərin strateji ağlını təsəvvür edin... Hələ bir "Türk axını” da çəkəcəkdilər. Yaxşı ki, təyyarə olayı baş verdi və ayıldılar”.
Politoloq Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, son 5 ay ərzində paytaxt Ankarada 3 terror aksiyasının törədilməsi bu dəşhətli cinayətin siyasi mesaj xarakterli olduğu ehtimalını yaradır: "Yaxın tarixdə terror aksiyaları adətən İstanbulda, Diyarbəkirdə və digər bu kimi ərazilərdə gerçəkləşdirilirdi. Paytaxt Ankaranın, xüsusilə də dövlət qurumlarının yerləşdiyi ərazilərin hədəf seçilməsini təsadüfi saymıram. Bu aksiyalar bölgədə geosiyasi maraqları uğrunda mücadilə aparan güclərdən birinin sifarişi ilə həyata keçirilə və Türkiyənin siyasi hakimiyyətinə mesaj xarakteri daşıya bilər. Yaxud aksiyanı gerçəkləşdirən terror təşkilatı köhnə-yeni dəstəkçilərindən daha çox maliyyə və silah yardımı almaq üçün siyasi yükü çox olan aksiyalara əl ata bilər. Və ya terror təşkilatı hansısa qüvvənin sifarişi ilə başqa bir qüvvənin sifarişçi kimi görünməsi mənzərəsini yarada bilər. Hər halda bu və digər yanaşmaların araşdırılacağını düşünürəm”.
Təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert Arzu Nağıyev də söyləyib ki, bu terrakt təbii ki, təsadüf olmaya da bilər: "Son ayda ikinci terror aktı törədilir, özü də Ankaranın mərkəzində, daha doğrusu, dövlət qurumlarının, idarələrinin olduğu ərazidə. Bundan başqa, dəst-xətt də eynidir. Bu, avtomobili insanlarla dolu olan avtobusa çırpmaq vasitəsilə törədilən ikinci terror hadisəsidir. Məlumdur ki, Türkiyə bu gün ağır siyasi bir dövr yaşayır. Rusiya ilə gərginlik pik nöqtəsinə çatıb, Suriya ilə həmsərhəd ərazilərdə terror təşkilatları ilə mübarizə, daha doğrusu, hərbi əməliyyatlar davam edir. Diyarbəkirdə PKK terrorçularına qarşı hərbi əməliyyatlar aparılır. Bundan başqa, Avropa İttifaqı ilə miqrant məsələlərinin həlli məhz Türkiyəyə həvalə edilib və bunun müqabilində külli miqdarda vəsait ayrılmasından söhbət gedir. Yəni bütün bu faktorlara nəzər salanda görünür ki, Türkiyədə qarışıqlıq yaratmaq bir çox qurumlara, o cümlədən PKK-ya və onun havadarlarına, maraqlı dövlətlərin xüsusi-xidmət orqanlarına sərf edir”.
Analitik Ərdoğanın Azərbaycana səfərindən əvvəl belə bir hadisənin baş verməsini də şərh edib: "Cənab Ərdoğanın Bakıya səfəri ilə bağlı isə onu demək olar ki, ilk səfərin planlaşdırılmasından cəmi 26 gün keçib və bu səfərdə Azərbaycanın Rusiya və Türkiyə arasında vasitəçi olmaq niyyətini də ortaya qoyacağı istisna deyildi. Bunun da təbii ki, əksinə olan və bunu istəməyən qüvvələr var. Yəni bu məsələdə ilkin versiyalar həm bir sıra maraqlı dövlətlərin xüsusi xidmət orqanlarını, həm də PKK və onun qanadlarının iştirakı ehtimalını yada salır”.
Ayyət Əhməd