Hüquq müdafiəçiləri əfv sərəncamını mayda gözləyir

Cümhuriyyətimizin 100 illiyi ərəfəsində yüzlərlə ailə sevinəcək




Əfv Komissiyasının üzvü Rəşad Məcid bu ilin mart ayında əfv sərəncamının olmayacağını bildirib. Onun sözlərinə görə, əfvlə bağlı müraciətlər çox olduğundan komissiya işini hələ davam etdirir. R.Məcid əfv sərəncamının may ayında olacağına güman etdiyini qeyd edib.

Bəs hüquq müdafiəçilərinin qənaəti nədir? Həqiqətən də Novruz bayramında əfv olmayacaqmı?

Son aylarda Əfv Komissiyasının effektiv işlədiyini deyən hüquq müdafiəçisi Səidə Qocamanlı "Şərq”ə bildirib ki, bayram ərəfəsində əfvin olub-olmaması barədə dəqiq məlumatı komissiya üzvləri verə bilər: "Əlbəttə ki, mart ayında əfvin olması çox yaxşı olardı. Hər halda Novruz bayramı ərəfəsində xeyli sayda ailələri sevindirmək xoşdur. Bu hal humanizmin bir təcəssümü ola bilərdi. Amma mart ayında olmasa belə, mayda, yəni Cümhuriyyətimizin 100 illiyində əfvin olacağı gözlənilir. Bu həm millətimiz, həm də vətənimiz üçün önəmli bir bayramdı. Düşünürəm ki, əfvi may ayından sonraya saxlamazlar”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, mart ayından başlayaraq ilin sonuna qədər əfv sərəncamının olması gözlənilir: "May ayında da əfvin olması gözlənilir. Çünki Cümhuriyyətimizin 100 illiyi ərəfəsidir. Çox güman ki, bu münasibətlə sərəncam veriləcək”.

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev mart ayında əfvin verilməyəcəyini deyib: "Əfv Komissiyası mütəmadi olaraq öz işini davam etdirir, müraciətlərə baxılma prosesi davam edir. Əfv sərəncamının verilməsi prezidentin müstəsna səlahiyyətinə aid olduğu üçün dəqiq vaxt ölkə başçısı tərəfindən müəyyən olunacaq. Ona görə də konkret olaraq bir zaman söyləmək çətindir. Amma Əfv Məsələləri üzrə Komissiyanın katibliyi, eyni zamanda prezidentin hüquq-mühafizə orqanları və müdafiə məsələləri şöbəsinin əfv sektoru daimi işləyir. Daxil olan müraciətlər emal edilir, müvafiq rəylər alınır və arayışlar hazırlanır. Bu proses daimi olaraq gedir. Ona görə də əfvin verilməsi yəqin ki, Cümhuriyyətimizin 100 illiyinə təsadüf edəcək”.

Yeganə Bayramova